Axar.az
Yuxarı

Dövlət qurumları şortikə qadağa qoya bilər? - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gündür ki, Azərbaycanda sürücülük vəsiqəsi almaq üçün imtahana şortikdə gedən kişinin binaya buraxılmaması sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Böyük əksəriyyət bunu “şəxsi azadlığı”n pozulması kimi dəyərləndirsə də, əks fikirdə olanlar da var.

Bəs, əslində necə olmalıdır? Kişilərin şortik geyinməsi Azərbaycanda niyə birmənalı qarşılanmır?

Sosioloq Əhməd Qəşəmoğlu Axar.az-a bildirib ki, hər insanın yaşadığı yerin adət-ənənəsinə riayət etməsi lazımdır:

“Deyək ki, bir insan Fransada çox mədəni görsənə bilər, amma Afrika və ya Əfqanistan kimi ölkəyə getsə, Fransadaki davranışı burada artıq çətinlik yaradacaq. Hər bir insanın borcudur ki, yaşadığı mühitdə, ictimai dəyərlərə hörmət etsin. Cəmiyyətin nümayəndəsi hesab edilən bir vətəndaşın “mədəniyyət” və “şəxsi azadlıq” bahənəsilə gərginlik yaratması arzulanmazdır”.

Əhməd Qəşəmoğlu bildirib ki, “mən mədəniyəm, bu cür gəzirəm” prinsipi sosioloji baxımdan düzgün deyil:

“Hər yerin öz adət-ənənəsi var və hər bir insan çalışmalıdır ki, müəyyən ərazinin əməl etdiyi qayda-qanuna əks getməsin. Əgər bizdə kişilərin bu cür geyimi qəbul olunmayıbsa, bu mental qanun sayılır. Hər hansı xarici vətəndaş həmin geyimdə bizim şəhərimizdə gəzməsini ictimaiyyət pis qarşılamayacaq. Qonaq olduğunu anlayıb qəbul edəcəklər. Biz isə mədəniyyətimizi nümayiş etdirməyə çalışmalıyıq. Müəyyən qaydalara əməl etməliyik. “Avropalaşma” termininə gəldikdə isə əminliklə deyə bilərəm ki, başqa insanı təqlid etmək müasirlik əlaməti deyil. Yüksək intellektə malik insan heç vaxt “nüsxə” prinsipi ilə yaşamır”.

Məsələyə münasibət bildirən millət vəkili Fazil Mustafa dövlət qurumlarına müraciət edən vətəndaşların normal geyim formasında quruma daxil olmasının daha məqsədəuyğun olduğunu bildirib:

“Burada qeyd edilən mental məsələdir. Sürücülük vəsiqəsi almağa gedən praktik vərdişlər göstərir və belə vəziyyətdə geyim forması müəyyən dərəcədə qaydalara uyğun olmalıdır. Düzdür, bunun qanuni əsası yoxdur. Amma ola bilsin ki, əvvəllər bu istiqamətdə hansısa problemlər yaşanıb və buna görə mini geyimdə və şortikdə bu prosesə qatılmağa mənfi yanaşma var. Sabah kimsə bu geyimə görə hansısa bir davranışla qarşılaşarsa, sonra qurum bunun məsuliyyətini daşımalı olur. Görünür, özlərini sığortalamaq üçün bu varianta üstünlük verirlər. Ümumiyyətlə isə normal geyim qaydasında imtahana getmək daha məqsədəuyğundur”.

F.Mustafa onu da qeyd edib ki, qanunvericilikdə dövlət qurumlarında vətəndaş qəbulu və s. proseslərlə bağlı geyimlərə hansısa bir məhdudiyyət qoyulmasa da, qurumlar özləri bununla bağlı tələb irəli sürə bilər:

“Rəsmi fəaliyyət göstərən, dövlətin siması qismində çalışan şəxs geyim məsələsinə ciddi yanaşmalıdır. Amma özəl sektorda buna qarışmaq olmaz. Dövlət sektoru ilə bağlı məsələdirsə və hansısa bir problem yaranırsa, bunun qarşısını almaq üçün müəyyən məhdudiyyətlər gətirilə bilər. Amma bu məhdudiyyətlər də qanuni əsasda olmalıdır. Yəni elə yer var ki, ora ancaq forma ilə daxil ola bilərsən, elə yer də var ki, adi geyimdə də olar. Ümumi ictimai davranış qaydalarına uyğun gəlməyən hər hansı geyim formasına isə ictimai qınaqla münasibət bildirmək olar. Qanunvericilikdə buna hansısa məhdudiyyət gətirmək problem yarada bilər və hesab edirəm ki, qanunvericiliyin buna qarışması doğru deyil. Vətəndaşın hüququdur ki, istədiyi geyimi geyinsin. Amma dövlət qurumunda tələb qoyula bilər ki, qəbula gələn, imtahan üçün müraciət edən şəxslər şortik geyinməsinlər”.

Tarix
2020.09.21 / 16:00
Müəllif
Fatimə, Nərmin
Şərhlər
Digər xəbərlər

Əlcəzairin Bakı səfiri deklarasiya yaydı

Keçmiş döyüşçü ön cəbhəyə getmək istəyir - Video

Şotlandiyada erməni terroruna qarşı etiraz - Foto

İzmir zəlzələsi "Petkim"ə təsir edibmi? - Rəsmi

Baş Prokurorluqdan Çaxalyanla bağlı - Açıqlama

Düşmənin bu silahdan istifadə etməsi barədə - Bəyanat

Rus icması Ordumuza dəstək üçün avtoyürüş keçirdi - Foto

İcra başçısı baş konsulla görüşdü

Səbaildə oğurluqla məşğul olan 3 qardaş tutuldu

Ombudsman dünya ictimaiyyətinə müraciət etdi

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla