Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il ali
təhsil müəssisələrinə qəbul imtahanlarında bəzi dəyişikliklər
edib.
Axar.az xəbər verir ki, bu barədə TQDK sədri Məleykə Abbaszadə
bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. Onun sözlərinə
görə, ali məktəblərin bakalavr və magistratura səviyyələri üzrə
qəbul planı Azərbaycan Prezidenti yanında Təhsil üzrə Komissiyası
tərəfindən TKDQ-ya təqdim olunub.
Komissiya sədri qeyd edib ki, qəbul planı hazırlanarkən onlar
tərəfindən də təqdim olunan müəyyən təkliflər nəzərə alınıb.
M.Abbaszadə qeyd edib ki, TQDK təkliflər verərkən qəbul planının
ötən illərdə dolma səviyyəsi və abituriyentlərin ixtisaslara olan
marağı nəzərə alınıb. Komissiya Azərbaycan və rus bölməsində bəzi
ixtisaslar üzrə isə müsabiqənin birgə aparılmasını da təklif
edib:
"Magistratura və bakalavr səvyyəsi üzrə müəyyən ixtisaslarda bu
təkliflər nəzərə alınıb. Bu yaxınlarda "Magistr" jurnalının növbəti
sayı dərc olunacaq. Burada magistraturaya qəbul planında olan
dəyişikliklər əks olunacaq. Artıq 1 ay öncə olan anonslar
təkliflərdə öz əksini tapıb. Belə ki, AMEA üçün magistratura
səviyyəsi üzrə 20 plan yeri ayrılıb".
Bundan başqa komissiya ümumi orta təhsil bazasında (9 illik)
orta ixtisas təhsili müəssisələrinə elektron ərizə təqdim edən və
həmin ərizələrini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq
etdirməli olan abituriyentlərin rahatlığını təmin etmək və onların
vaxtlarına və vəsaitlərinə qənaət olunması üçün səyyar SQK-lar da
yaradacaq. Trend-in məlumatına görə, komissiya sədri qeyd edib ki,
TQDK-nın Respublikanın müxtəlif bölgələrində yerləşən regional
bölmələrinin (Gəncə, Xaçmaz, Şəki, Lənkəran, Şirvan, Göyçay,
Ağcabədi və Naxçıvan) əhatə etdiyi rayonların hər birində bir gün
olmaqla səyyar SQK-lar fəaliyyət göstərəcək. Bunun nəticəsində
ərizələrini SQK-larda təsdiq etdirməli olan abituriyentlər öz
ərizələrini yaşadıqları rayonda yaradılacaq səyyar SQK-da təsdiq
elətdirə biləcəklər.
Səyyar Qəbul Komissiyaları sabahdan başlayaraq mayın 18-nə kimi
fəaliyyət göstərəcək.
Xatırladaq ki, dünən TQDK tərəfindən ali təhsil müəssisələrinə
qəbul olunmaq istəyən abituriyentlər üçün respublikanın 35 şəhər və
rayonunda sonuncu sınaq imtahanı keçirib.
İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə
aparılıb və 49 min 994 abituriyent qeydiyyatdan keçib.