"Bu cür psixoloji sarsıntı
içində olan ailələri, ana və ataları ictimai nəzarətdə saxlayan,
onların problemləri ilə maraqlanan və minimum səviyyədə də olsa
həll etməyə çalışan bir real mexanizm olmalıdır".
Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa
bu gün baş verən dəhşətli qətlə münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, hadisə dərindən araşdırılmalıdır:
"Bu dəhşətdə cinayəti eşitmədim, duymadım. İkinci Albalı bağ
massivi 515-ci bağ evində yaşayan 1988-ci il təvəllüdlü Nəsibə
Nəsib qızı Qurbanov evdə tək olarkən iki körpə balasını boğub
öldürüb. Qadın daha sonra öz ürəyinə bıçaqla zərbə yetirib. Məlum
olub ki, o, 2012-ci il təvəllüdlü Ayan Asif qızı Məlikzadəni və 10
aylıq körpəsi Ayşəni boğaraq öldürüb. Daha sonra məktub yazaraq
intihara cəhd edib. Qadın məktubunda həyatından bezdiyini yazıb:
"Mən həyatdan bezmişəm. Belə yaşamaq istəmirəm. Mən şeytanın yolu
ilə gedirəm. Uşaqları da özümdən sonra heç kimə əmanət
etmirəm".
Artıq bu kimi hadisənin qarşısını qanunu sərtləşdirməklə də
almaq mümkün deyil. Qadının vəziyyətinin stabil olduğunu yazırlar.
İki övladını boğaraq öldürən qatil ananın hansı stabil
vəziyyətindən danışmaq olar? Bu hadisə ciddi təhlil olunmalıdır.
Burada psixi pozuntu, yoxsulluq, işsizlik, şiddətə məruz qalmaqdan
təngə gələrək belə bir davranışa yol vermək kimi amillər ola bilər.
Ancaq adam birbaşa intihar etməyib ki... İki körpəni qətlə
yetirəndən sonra intihara cəhd edib. Məni ən çox düşündürən sonuncu
cümlədir: "uşaqları heç kimə əmanət etmirəm". Allaha da əmanət
etmədiyini açıqca söyləyir. Zatən satanizmin əsas tezislərini
bilərəkdən-bilməyərəkdən yazısında dilə gətirir".
Real mexanizmin yaradılmasının vacib olduğunu deyən F.Mustafa
problemli ailələrin uçota alınmasının fayda verəcəyini
bildirib:
"Bu cür psixoloji sarsıntı içində olan ailələri, ana və ataları
ictimai nəzarətdə saxlayan, onların problemləri ilə maraqlanan və
minimum səviyyədə də olsa həll etməyə çalışan bir real mexanizm
olmalıdır. Sovet sistemində insana dəyər verməsələr də, onunla hər
zaman maraqlanırdılar. Bizdə də bu cür problemli ailələrin uçotu
aparılmalı, heç olmazsa, onlarla maraqlanılmalıdı ki, bu cür mümkün
faciələri qismən də olsa qabaqlamaq imkanı olsun. İnsan şeytanın
yolu ilə gedərək öz həyatına qəsd etdikdə belə övladlarını dövlətə,
qohuma, qonşuya, dosta və ya başqasına əmanət etməyəcək qədər
etimadını və sevgisini itirməməlidir. Bu etimad və sevginin
itirilməsində hər birimizin az da olsa insana, onun problemlərinə
biganəlik payımız var. Daha nə deyim, Ayan və Ayşə adlı o iki
cənnət cocuğu qarşısında Allah günahlarımızı bağışlasın!