"Avropa Oyunlarına yüksək səviyyədə hazırlıq
var".
Axar.az xəbər verir ki, bu sözləri "Yeni Müsavat" qəzetinə
müsahibəsində Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala
Abutalıbov söyləyib.
O, müsahibədə Bakıda aparılan işlərlə bağlı verilən sualları
cavablandırıb.
- Hacıbala müəllim, Binəqədi
rayonunda yanan binada təmir işləri ilə bağlı vəziyyət nə
yerdədir?
- Binada yüksək səviyyədə işlər gedir. 4 aya o mənzillər
sahiblərinə təhvil veriləcək.
- Xətai rayonunda yanan binanın sakinləri təmir
işlərinin keyfiyyətsiz aparılmasından narazıdırlar, siz nəzarət
edirsizmi?
- Bütün bu deyilənlər yalandır. Orada belə hal yoxdur. Xətai
rayonunda yanan binada zərər dəyən mənzillərin sahiblərinə hər
birinə 15 min manat kompensasiya verilib, təmir də yüksək səviyyədə
aparılır. Gələn ayın sonuna kimi mənzillər sakinlərə təhvil
veriləcək.
- Hacıbala müəllim, yanan binanın sakinlərinə sağlamlığa
dəyən ziyana görə kompensasiya nə zaman ödəniləcək?
- Nazirlər Kabinetinin bu haqda qərarı var və bütün işlər ona
uyğun aparılır. Qərarda belədir ki, zərərçəkmişlərə 20 min manat
ödənilsin. Binada 56 mənzil var idi, lakin iki mənzil əlavə olaraq
ayrı-ayrı bölündüyü üçün 58 mənzil hesablandı. Bu mənzillərin
sahiblərinin hər birinə 20 min manat ödənildi. Xəsarət alanlara,
yəni yanğın zamanı xəsarət alması ilə bağlı xəstəxanadan, Səhiyyə
Nazirliyindən arayış gətirənlərə 5 min manat, vəfat edənlərin hər
birinə görə, ailələrinə 15 min manat ödənilib. Mənzil sahiblərindən
52 nəfəri kompensasiya ilə təmin olunub. 6 mənzil sahibinə
kompensasiya ödənilməsi qalıb. Bunlardan birinə səbəb mənzil sahibi
olan qaynana ilə evində qalan oğul və gəlin arasındakı mübahisədir.
Onu birinci gün həll etməyi planlaşdırırıq. Qalan 5 nəfərin işi isə
vərəsəlik hüququnun bərpası ilə bağlıdır. Vərəsəlik hüququnun
bərpası prosesi 6 ay çəkir. 6 ay ərzində kim məhkəmə yolu ilə həmin
mənzillərin vərəsəlik hüququnu alacaqsa, bu barədə məhkəmənin
verdiyi arayışı aparıb banka verməklə pulunu verə
biləcəklər.
- Binaların üzlüklərinin sökülməsi nə zaman yekunlaşacaq
və hansı materialla üzlənməsi nəzərdə
tutulur?
- Bakı şəhərində olan binaların hamısından üzlüklər tamamilə
sökülüb. İndi Mətbuat prospekti və Ziya Bünyadov prospektində
binaların üzlükləri keramika-qranitlə üzlənir, Mətbuat prospektində
ağ daşla üzlənən, yalnız eyvanları yanğına səbəb ola biləcək
materialdan olan 6 binanın eyvanı betonla üzlənəcək. Nobel
prospektində bütün binalar təmizlənib, onların hamısı və digər
binalar Almaniyadan, Finlandiyadan və Amerikadan gətirilmiş və
xüsusi instruksiya ilə nəzərdə tutulmuş rənglərlə boyadılacaq. İyun
ayının 10-a qədər bu işlər yekunlaşmalıdır. Bütün işlər ayın 10-da
qurtaracaq.
- Bakıda hansı ərazilərin sökülməsi nəzərdə tutulur və
nə zaman başlanacaq?
- Söküntü işləri artıq başlayıb. Hazırda "Sovetski" adlanan
ərazi sökülür. Orada 4 mərhələli sökülmə gedəcək. Birinci, artıq
"Sovetski"də söküntü işləri son mərhələyə gəlib çatıb. İkinci,
"Nizami" metrostansiyasından İstiqlaliyyət küçəsinə qədər olan
ərazi, Təzəpir məscidinin ərtafındakı evlərin sökülməsi
nəzərdə tutulur. Üçüncü, "Beşmərtəbə"nin yanından Şəmsi Bədəlbəyli
küçəsinə paralel olan küçələrdə, Dilarə Əliyeva, Vidadi
küçələrinin sökülməsi nəzərdə tutulur. Sökülən ərazilər yalnız və
yalnız yüksək səviyyəli yaşıllaşdırma və istirahət zolaqlarına
çevriləcək.
- Hacıbala müəllim, son olaraq, Bakı Avropa Oyunlarına
hazırdırmı?
- Avropa Oyunlarına yüksək səviyyədə hazırlıq var. Bütün idman
zalları və stadionlar, su idman stadionları hamısı Avropa
Oyunlarına tam hazırdır. Mən əminəm ki, biz yüksək səviyyədə bu
Avropa Oyunlarını başa vura biləcəyik.