Biz hadisə yerinə çatanda, artıq onların hər ikisi, həm
Saray qəsəbəsinin bələdiyyə sədri Vəsilə Həsənova, həm də onun
həyat yoldaşı Vəfadar Həsənov artıq dəfn edilmişdi. Qonşular
bildirdilər ki, əslən Qərbi Azərbaycandan olan ər və arvadı Saray
qəsəbəsində, Vəfadar Həsənovun anasının məzarının yanında yanaşı
basdırılıb...
ANS xəbər verir ki, bu gün Vəsilə Həsənova 40-cı yaşına qədəm
qoyacaqdı. Elə bu gecə - iyunun səkkizinin ilk saatları bu ailənin
son dəqiqələrini yaxınlaşdırırdı. Maraqlıdır ki, Vəfadar Həsənov
xanımını təbrik etmək üçün bir az da tələsib. Elə gecə ikən sifariş
etdiyi tortu və gül dəstəsini ona təqdim edibmiş. Bir neçə dəqiqə
sonra isə çağırılmamış qonağın gələcəyini kimsə gözləmirmiş.
Hadisənin törədildiyi otaqda qalmış gül dəstəsi və kəsilmiş tort da
bu olayın nə qədər qəfil və gözlənilməz olduğuna dəlalət edir.
Bəs 35 yaşlı Fədail Hüseynovu bir ailəni məhv etməyə, illər
uzunu tanıdığı şəxsləri gecə ikən öldürməyə nə vadar edib?
Qonşuların bildirdiyinə görə, M.Ziyadov küçəsində yerləşən iki
mərtəbəli həyət evi müasir təhlükəsizlik sistemi ilə təchiz edilib.
Amma evi və ev sahiblərini yaxşı tanıyan F.Hüseynov hasardan üzüm
çardağına dırmaşmaqla birinci təhlükəsizlik maneəsini asanlıqla
yarıb və çardaqdan ikinci mərtəbədəki eyvana daxil olub. Cinayətə
əvvəlcədən hazırlıqlı olan 35 yaşlı F.Hüseynov burada qəfil hücumla
ər və arvadına bıçaqla çoxsaylı zərbələr endirib və onların
öldüyünə əmin olandan sonra evdən çıxıb. Səs-küyə gələn uşaqlar və
ailənin digər üzvləri qətlin məhz tanıdıqları Fədail tərəfindən
törədildiyini görüblər.
Hadisə ilə bağlı ilkin araşdırma və əməliyyat-axtarış
tədbirlərinə başlayan hüquq-mühafizə orqanları F.Hüseynovun atası
Güloğlan Hüseynovu və qardaşı Nuru Hüseynovu polis idarəsinə dəvət
ediblər. Bu müddət ərzində o da məlum olub ki, F.Hüseynov məlum
cinayəti törətməzdən az əvvəl və ya az sonra Həsənovların Saray
qəsəbəsində yerləşən digər evinə gedibmiş və burada hansısa
sənədləri axtarırmış. Evin alt-üst edilməsi də bunu deməyə əsas
verir. Bu gün saat 10:45 radələrində isə atası ilə telefonda
danışan F.Hüseynov özü polis idarəsinə gələrək təslim olub. Onun
cinayəti törətdiyi bıçaq hadisə yerinin yaxınlığındakı həyətdən
tapılıb.
Ailəyə yaxın olan şəxslər bildirdilər ki, ər və arvadının
qətlindən sonra evin yandırılması xəbəri həqiqətə uyğun deyil. Belə
ki, hadisə vaxtı divanın üstünə siqaret düşüb və tüstülənmə
yaranıb. Səs-küyə gələnlər yanğının başlamasının qarşısını
alıblar.
Hazırda məlum faktla bağlı hüquq-mühafizə orqanları
araşdırmaları davam etdirir. F.Hüseynovun illərlə tanıdığı şəxsləri
hansı səbəbdən qətlə yetirməsi, hadisənin niyə məhz bu gecə
törədilməsi, evdə nə axtarması və digər sualların cavabı istintaqın
yekununda üzə çıxmalıdır.
***
Qeyd edək ki, iyunun 7-də axşam saat 21:00 radələrində Saray
bələdiyyəsinin sədri, 1976-cı il təvəllüdlü Vəsilə Həsənovanın
yaşadığı evə daxil olan Hüseynov onu və həyat yoldaşı Vəfadar
Həsənovu vəhşicəsinə qətlə yetirib. Daha sonra Fədail Hüseynov
polisə gələrək könüllü təslim olub