Ana səhifə Toplum |
“Uber”, “Bolt” kimi taksi sifarişi proqramlarından dünyanın bir çox ölkəsində istifadə edilir. Artıq dünyada zəng vasitəsi ilə hər hansı bir xidməti sifariş etmək köhnə texnologiya sayılır. Beynəlxalq şirkətlərin mobil tətbiqlərdən istifadə etməsinin səbəbi sifarişlərin daha çevik cavablandırılmasıdır.
Bu sözləri Axar.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı “Uber”, “Bolt”, “Maksim” kimi taksi şirkətlərinin Azərbaycanda fəaliyyəti haqda danışarkən deyib.
O bildirib ki, “Uber”, “Yandex”, “Maksim” şirkətlərinin hissədarları ermənilərdir və onlar Azərbaycanda çox rahatlıqla fəaliyyət göstərir, milyonlar qazanırlar:
“Yerli şirkətlər nə iş görür? Onlar da bu erməni şirkətlərinin məngənəsində boğulurlar. Bu şirkətlər sürücüləri müflis etsə, özləri isə ziyana işləsələr belə, qiymətləri aşağı salırlar və sürücülər bu şirkətlərlə işləmək məcburiyyətində qalırlar.
Azərbaycanın pulu niyə erməni nümayəndəsinin cibinə axmalıdır?
Elə bir sistem qurulmalıdır ki, yerli şirkətlər inkişaf edə və xarici şirkətlər səviyyəsində işlərini qura bilsinlər. Əvvəllər deyilirdi ki, “Uber” köhnə maşınları xidmətə götürmür. Ancaq indi onlar öz Azərbaycan bazarını çökdürmək məqsədlərinə çatıblar və hər vəziyyətdə olan maşınlardan istifadə edirlər. Türkiyədə “Uber” qadağandır, çünki onlar milli şirkətlərinin inkişafını istəyirlər. Bizim yerli şirkətlərimiz bu xarici şirkətlərdən qat-qat yaxşı fəaliyyət göstərə bilər.
Bildiyimə görə, “Uber”dən başqa, digər şirkətlərin rəsmi qeydiyyatı yoxdur və onların fəaliyyəti ilə bağlı müəmmalı məsələlər var. Bu məsələyə hüquq-mühafizə orqanları səviyyəsində baxılmalıdır və əgər doğurdan da onların fəaliyyətində hüquqi əsas yoxdursa, bu şirkətlərin fəaliyyəti dayandırılmalıdır”.
Qeyd edək ki, bir müddət əvvəl “Yandex Taxi” Azərbaycan bazarına girmək istəsə də, insanlar “Yandex” hissədarlarının erməni olduğuna görə bu şirkətin bazara girməsinə qarşı çıxmışdı. “Yandex Taxi” isə “Uber Azerbaijan”ı alaraq bazara “Uber” adı ilə daxil olub.
Tarix
2021.06.01 / 22:15
|
Müəllif
Mirvari Əzizova
|