Son bir neçə ildə Azərbaycan
Silahlı Qüvvələrinin tərkibində xidmət edən qadınların sayı artıb.
Onların arasında xüsusi təlim keçmiş snayperçi qadınlarımız da az
deyil.
Axar.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən snayperçi
qadın Könül Məmmədlinin müsahibəsini təqdim edir:
Könül Şakir qızı Məmmədli - 1982-ci ildə Sumqayıtda anadan olub.
Ali təhsillidir. 2014-cü ildən hərbi xidmətdədir.
- Könül xanım deyirlər hərb sənəti məsuliyyətlidir.
Məsuliyyətli yola qədəm qoymanızın səbəbi nədir?
- Sumqayıtda dünyaya göz açsam da, uşaqlığım cəbhə bölgəsindəki
Qazax rayonunda keçib və daim atəş səsləri eşitmişəm. Uşaq olsam da
qorxmurdum. Böyüyəndə "hərbçi olacam" deyirdim. Lakin ailəm
müəllimə olmamı istəyirdi. Atamın arzusu ilə Azərbaycan Dillər
Universitetinə qəbul oldum. Universiteti bitirdikdən sonra müəllimə
kimi çalışmağa başladım. Sumqayıtda, Gədəbəyin ucqar dağ
kəndlərində və Qobustanda ingilis dili dərslərini tədris
etmişəm.
Amma həmişə forma geyinmək istəyində olmuşam. Kimdəsə forma
görəndə ürəyim dağa dönürdü, lakin hərbçi ola bilmədiyim üçün
üzülürdüm. Son illər ordu sıralarında qadınların xidmətə
başlamasına şərait yaradıldı. Müdafiə naziri general-polkovnik
Zakir Həsənovun yaratdığı bu imkandan mənim kimi xidmət etmək
istəyən xeyli insan yararlandı.
- Bildiyimiz kimi siz snayper kimi xidmət edirsiz. Bu
sahə diqqət və məsuliyyət tələb edir. Qadın kimi bu sizi
qorxutmur?
- Səbr, dözüm və adaptasiya bacarığı – bütün bu göstəricilərə
görə qadınlar daha üstündür. Yüksək özünümüdafiə instinktinə görə
qadında pusquda qalmaq daha yaxşı alınır. Heç kim üçün sirr deyil
ki, biz qadınların həddən artıq güclü müşahidə etmə bacarığı da
var.
Müddətdən artıq həqiqi hərbi xidmət etmək istədyimi bildirdiyim
zaman bir neçə ixtisas təklif olundu. Ali təhsilli olduğum, iki
xarici dil bildiyim üçün Silahlı Qüvvələrin Təlim və Tədris
Mərkəzində müəllimə kimi fəaliyyət göstərməyimi tövsiyə etdilər.
Lakin snayper olmaq istədiyimi bildirdim və xidmətə başladım. Bu
yolu seçərkən çətinliyi də, məsuliyyəti də göz önünə almışam. Heç
bir qorxum yoxdur.
- Hansı təlimlərdə iştirak etmisiniz? Snayper kimi hansı
uğurlarınız var?
- Qeyd edim ki, mənə SVD snayper tüfəngi təhkim olunub. Bu silah
peyda olan, hərəkət edən, gizlənmiş tək hədəfləri məhv etmək üçün
hazırlanıb. Tüfəngdən atəş açmaq üçün adi, trasser,
zirehdeşən-yandırıcı və snayper güllələrindən istifadə olunur. Atəş
tək-tək açılır. Silahımın taktiki-texniki xüsusiyyətlərinə yaxşı
bələdəm. Keçirilən bir sıra təlimlərdə iştirak etmişəm. Təlimlər
zamanı "əla" qiymət almışam. Hədəfi nişan alarkən gözümdə düşməni
canlandırıram.
- Bu yolda ən böyük dəstəkçiniz kimdir?
- Ən böyük dayağım atamdır. Bəli, mən atamın qarşısına çıxıb
hərbçi olmaq arzusunda olduğumu dedim. İllər əvvəl hərbçi olmaq
arzuma maneə olsa da, bu dəfə istəyimi və qəti qərarımı görüb mənə
dəstək verdi.
- Bugünkü atışlardan nə deyə bilərsiniz?
- Bizim üçün çox önəmli gün idi. Atışlardan sonra Müdafiə naziri
general-polkovnik Zakir Həsənov bizi cəsarətli qəhrəmanlar kimi
qiymətləndirdi. Biz də öz növbəmizdə xahiş etdik ki, cəbhə
bölgəsinə göndərilək. Ön xətdə xidmət edərək həm döyüşçü
yoldaşlarımıza dəstək olarıq, həm də təcrübəmizi artırarıq.
- Ordu sıralarında xidmət edən döyüşçü yoldaşlarınıza nə
deyə bilərsiniz?
- Qeyd edim ki, respublikamızda istənilən sahədə inkişaf var.
Lakin Silahlı Qüvvələrə göstərilən diqqət və qayğının daha çox
olduğu diqqət mərkəzindədir. Bu hər bir döyüşçümüzə düşmən üzərində
qələbə qazanmaq üçün əlavə stimul verir. Biz gənclər çox şanslıyıq
ki, müasir və müstəqil ordumuzun sralarında xidmət edirik.
Ümummilli liderimiz və müasir ordumuzun qurucusu Heydər Əliyevin
bir zamanlar qeyd etdiyi kimi, "Bu günümüzün gəncləri özlərini
xoşbəxt sanmalıdır ki, onlara doğma Vətənimizin ordusunda xidmət
etmək nəsib olub".
Hər birimiz yaxşı başa düşürük ki, qarşımızda dayanan ən mühüm
vəzifə düşmən tərəfindən işğal edilmiş torpaqlarımızı son qarışına
kimi düşməndən azad etməkdir. Müqəddəs vəzifəmizi
unutmamalıyıq...