Bakının özündə belə əlində qəzet satan kişi (uşaq, gənc,
ahıl) görəndə təəccübləndiyimiz bir zamanda Cəlilabadda Lyudmilanı
görüb də təəccüblənməmək mümkün deyil.
O, qəzet satır – səyyar. Qəzet almaq adıyla yaxınlaşdım və bir
taleni vərəqlədim: alıcısı çox az tapılan bir bazarda qəzet satmaq
və elə qəzet köşkündədə gecələmək... Daha doğrusu, yaşamaq.
Lyudmila xanımın bütün həyatı bundan ibarətdir.
Ürək parçalayan bu taleni siz də oxuyun...
Bura mənim vətəmindir
- Soboleva Lyudmila Aleksandrovna. 1962-ci ildə Cəlilabad
rayonunda anadan olmuşam. Əvvəllər Lənkəranda idarədə mühasib
işləyirdim. 1988-ci ilə kimi orda işlədim. Sonra Cəlilabada
qayıtdım. Evdə xəstə nənəmə baxırdım, anam da işləyirdi. Heydər
Əliyev prospektində evimiz var idi. Anamgil qardaşımla bərabər
nənəm öldükdən sonra evimizi satıb Rusiyanın Stavropol şəhərinə
köçdülər. Mən getmədim. Bilirəm ki, ora getsəm, yaşaya bilməyəcəm.
Atam, xalam, nənəm və bir çox qohumlarım burda dəfn olunub.
Qəbiristanlığa gedirəm, qəbirlərini ziyarət edirəm. Anam da
Stavropola köçdükdən sonra darıxır. Çünki burda doğulub
böyüdüyümdən, başqa bir yerdə qalmaq istəmirəm. Azərbaycan mənim
vətənimdi. Çox sağ olsunlar, burda hamı mənə hörmət eləyir.
Oğlan dedi, gəl qaçırdım səni
- İlk məhəbbətimə qovuşmadım. 21 yaşım var idi. Lənkəranda
işləyəndə bir hüquqşünas oğlan sevirdi məni. Doğrusu, mənim də
könlüm var idi. Gəlib evimizdə valideynlərimlə məsləhətləşdim.
Valideynlərim dedi ki, sən ona ərə getsən, gərək İslam dinini qəbul
edəsən, namaz qılasan. Oğlana dedim olanları, o da dedi ki, mən
səni belə də qəbul edirəm. Bu o demək deyil ki, sən bizim dinə
keçəsən. Dedi ki, gəl qaçırdım səni, birlikdə yaşayaq. Mən isə razı
olmadım. Dedim ki, valideynlərim icazə vermir. Ondan sonra ailə
qura bilmədim.
Baş həkim deyir ki, bura xəstəxanadı, yaşayış yeri
deyil
- Anamgil köçüb getdikdən sonra evsiz qaldım. Rayon İcra
Hakimiyyətinə müraciət etdim. Onlar da mənə Göz Xəstəxanasında bir
otaq verdilər. Ötən ilə kimi orada yaşayırdım. Xəstəxananı təzə
binaya köçürdükdən sonra mən də çıxmalı oldum. Baş həkim deyir ki,
bura xəstəxanadı, yaşayış yeri deyil.
Pulumu istədim, gəlib pəncərəmi daşa basdı
- 113 manat təqaüd alıram. Elbəy Salmanlı adlı adam var, 1
nömrəli məktəbdə dil və ədəbiyyat müəllimi işləyir. Məni aldadaraq
təqaüd kartımı aldı və səkkiz ay təqaüdümü mənimsədi. Gedib pulumu
istədim, həyat yoldaşı dedi ki, evdə yoxdu. Amma səhərisi gün gəlib
məni təhqir elədi, pəncərəmi daşa basdı. Hər dəfə gedib pulumu
istəyirəm, üstümə qışqırır, deyir ki, verəcəm də pulunu, nə olub
axı!
Məni sakinlər dolandırır
- Dörd ildi qəzet köşkündə işləyirəm. Bir ildi işlədiyim bu
köşkdə də yaşayıram. Sakinlər yatmağım üçün çarpayı da veriblər.
Gündəlik yeməyə kim nə bişirir, mənə də verirlər. Sağ olsunlar,
onların sayəsində yaşayıram. Hərdən özüm də pulum olanda ərzaq
alıb, xörək bişirirəm.
Bir də nisyə qəzet satmayacam
- Görürəm ki, köşkə gələn yoxdu, çıxıb özüm satıram qəzetləri.
Həftənin ikinci və beşinci günləri qəzet satışı yaxşı olur. Çünki
həmin günlər "Bukmeker" qəzeti gəlir. Bir çoxları hesab
yazdıqlarına görə satış yaxşı olur. Qalan günlər isə satış
zəifləyir. Əsasən də internetin olması çoxlarını qəzetdən
uzaqlaşdırıb. Bir çoxları da ki, bu günə kimi məndən aldıqları
qəzetin pulunu ödəmirlər. Ünvanlarını da bilmirəm. Bir qəzet nədir
ki, onu da nisyə alırsınız? Ayda 20-25 manat qəzetdən pul
qazanıram. Çünki bir çox müştəri imkansız olduğumu bilib, pulun
qalığını almır.
Xahiş edirəm mənə kömək edin!
- Burda hər şey yaxşıdı. Dolanışığım da pis deyil. Amma evsizlik
çox çətindi. Mənə bir otaq versinlər, qalan ömrümü orada sürüm. Bu
boyda rayonda bir yer yoxdumu ki, məni yerləşdirsinlər? Axı mən də
insanam. Adam kimi yaşamaq istəyirəm. Havalar soyuyub, donuram
burda. Burda o qədər boş evlər var ki! Mənim onsuz da heç kimim
yoxdu. Öləndə heç olmasa, bir yerim olsun. Vaxtı-vaxtında çimə
bilmirəm. Bir rəfiqəm var. Həyat yoldaşı daş karxanasında işləyir.
Əri evdə olmayanda küçələrdən taxta qırıntıları toplayıb gedib
onlarda çimirəm.