Bir müddət öncə "döyülmə" qalmaqalında adı hallanan Xəzər
Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayeva
Azvision.az-a
müsahibə verib. O, müsahibəsi zamanı həyatı və işi ilə bağlı
bir sıra ciddi məqamlara toxunub.
- Əvvəlcə özünüz haqqında danışaq...
- Psixologiya üzrə Türkiyədə və Amerikada təhsil almışam.
Magistraturanı isə İngiltərədə oxumuşam. Artıq 7 ilə yaxındır ki,
Azərbaycanda yaşayıram. Universitetin İnsan Resusları
Deportamentinin direktoruyam, həmçinin universitetdə müəllimlik də
edirəm. Təcrübələrimi özəl şəkildə bölüşürəm. Hazırda vaxtım
olmadığına görə müraciət edənləri qəbul edə bilmirəm. Əsasən
dərslərlə, təşkilatçılıqla məşğul oluram. Azərbaycanda ilk psixolji
-elmi konfransı biz təşkil etmişik.
- Söhbətimiz zamanı bildirdiniz ki, bir neçə ay sonra
Azərbaycanı tərk edəcəksiniz. Səbəbini bilmək olarmı?
- Bir neçə il bundan öncədən doktranturada təhsil almaq üçün
hazırlaşırdım. Müəyyən təcrübə yığandan sonra doktrantura
proqramına baş vurdum və Tükiyədəki Koç Universitetində təhsil
almaq qərarını verdim. Çünki ən yaxşı psixologiya proqramları Koç
Universitetində tədris olunur. Həmçinin orada tələbələrə təhsil
haqqının olmadığı bir təhsil proqramı təqdim olunur və təhsil verən
müəllimlərin əksəriyyəti Amerikada dokrantura proqramını öyrənmiş
professorlardır. Bir neçə gün öncə isə mənə xəbər gəldi ki, Koç
Universitetinin tam burslu Sosial və Təşkilat Psixologiyası üzrə
Doktrantura Proqramına qəbul olmuşam. İnşallah sentyabr ayından
dərslər başlayacaq.
- Yəqin ki, təhsilinizi başa vurduqdan sonra Azərbaycana
qayıdacaqsınız...
- Yəqin ki, qayıdacağam. Əvvəllər deyirdim ki, İngiltərədə
magistraturada oxuyub orada qalacam. Amma magistraturanı oxudum və
geri qayıtdım. İndi heç nə deyə bimərəm. Hər şey ola bilər.Əgər
kariyeramla bağlı uğur qazansam, Türkiyədə qala bilərəm. Hər şeyi
zaman göstərəcək.
- Ailənizdən ayrı qalmaq bəs çətin
olmayacaq?
- Qızım Cananı da özümlə aparacağam. Onsuz heç yerə gedə
bilmirəm. Bakıda isə dostlarım, ailəm, atam, anam var. Türkiyə çox
yaxın bir yerdir. Buna görə də Bakıya tez-tez gəlmək şansım çox
olacaq. Xarici ölkədə olanda Bakı üçün darıxıram.
- Hazırda atanız Hamlet İsaxanlı hansı işlərlə
məşğuldur?
- Onun vəziyyəti də yaxşıdır. Biz bir yerdə işləyirik. O da
mənim Dokrantura Proqramına qəbul olmağımı çox istəyirdi. Çox illər
öncə də mənə bu barədə məsləhətlər verirdi. Bu proqrama qəbulla
bağlı bütün prossesləri atamla bir yerdə yaşadıq. Həyəcanımı, qəbul
olunmağımın ilk xəbərini onunla bölüşdüm.
- Atanız bütün qərarlarınızı dəstəkləyirmi?
- Bəli. Çünki bütün qərarlarımı atamla məsləhətləşirəm, onun
təcrübəsindən bəhrələnirəm. Çünki onun təcrübəsi bu sahədə daha
çoxdur, təhsildən baş yaxşı çıxır. Başqa sahələri isə anamla
məsləhətləşirəm. (gülür.)
- Hamlet İsaxanlı adı nə vaxt və harada köməyinizə
gəlir?
- Atamın adına görə uğur qazanmaq istəmirəm. Ona görə Hamlet
İsaxanlının qızı ifadəsini işlətməyi çox da sevmirəm. Hətta
Türkiyəyə sənəd verəndən sonra cavabları gözləyirdik. Amma cavablar
çıxmırdı. Axırıncı imtahanım idi. Hamlet müəllim mənə dedi ki,
bəlkə cavabları zəng edib öyrənsin? Dedim ki, ata sən zəng vurma.
Çünki Hamlet İsaxanlının qızı olduğumu heç kəsin bilməsini
istəmirdim. Hər şeyə özüm nail olmaq istəyirəm. Biz ailədə dörd
bacıyıq. Heç vaxt atamıza görə bizə hörmət edilməsinin tərəfdarı
olmamışıq. Atam özü də bizi belə müstəqil bir ruhda böyüdüb. O,
bizə həmişə öz ayaqlarımız üstündə durmağımızla bağlı məsləhətlər
verərdi. Biz uşaqlıqdan belə tərbiyə olunmuşuq. İstər-istəməz
psixoloji cəhətdən atamızın adının bizə görə hallanmasını
istəmirik. Ailədə qarşılıqılı olaraq bir-birimizlə fəxr edirik.
- Ülkər İsayevanı necə xarakterizə edərdiniz? Gələcək
planlarınız varmı?
- Mən bizneslə məşğul olmuram. Böyük pullar xərcləyib hansısa
biznesə qoşulmamışam. Daha çox akademik sahə ilə məşğul oluram.
Gələcəkdə özümü akademik sahədə çalışan yaxşı bir alim kimi görməyi
planlaşdırıram. İnşallah gələcəkdə bu mümkün olacaq. Əsas planım
budur. Psixologiya sahəsində yeni ixtiralar edən bir
tətqiqatçı,adımı, izimi qoyub gedən bir insan olmaq istəyirəm.
- Ülkər İsayeva adı cəmiyyətdə niyə bu qədər
populyardır?
- Hər yerdə aktiv olduğum üçün bəlkə də daha çox populyarlıq
qazanmışam. Bütün tədbirlərdə insanlarla ünsiyyətdə oluram. Maraqlı
flashmoblarda iştirak etmişəm. 20 yaşımdan bəri belə işlərlə məşğul
oluram. İndi isə 30 yaşım olacaq. Yəni bu vaxta qədər çox
sosial-aktiv olmuşam. Hətta Amerikada təhsil aldığım vaxtlarda da
bütün tədbirlərə qatılırdım. Orda Azərbaycan rəqsləri edirdim.
Çünki 8-9 il ərzində professional rəqslə məşğul olmuşam. Bir sözlə,
təbiətcə də çox aktiv bir insanam.
- Bildiyimə görə həyat yoldaşınızdan ayrılmısınız.
Qızınız Cananı tək böyütmək sizə çətin deyil ki?
- Ailə bir tərəfdən çətin, digər tərəfdən də asan bir şeydir.
İnsanlar bir-birlərini yaxşı başa düşürlərsə, bir-birlərini
qıcıqlandırmırlarsa, mənfi cəhətlərini görməməyi bacarırlarsa,
həmişə dəstək ola bilirlərsə ailə çox gözəl bir şeydir. Ancaq
bunlar yoxdursa mütləq müəyyən çətinliklər olacaq. Çox vaxt
deyirlər ki, uşaq olandan sonra hər şey öz yoluna düşür. Ancaq mən
buna o qədər də inanmıram. Gözəl ailənin olması uşaqdan aslı deyil.
Sadəcə olaraq düzgün bir insanı tapmaq və onunla birlikdə yaşamaq
lazımdır.
- Bəs yenidən ailə qurmaq...
- Hələ ki, özümü yenidən ailə qurmağa hazır hiss eləmirəm.
Bəlkə, gələcəkdə ola bilər. Hazırda kariyeramla bağlı düşünürəm.
Doktrantura porqramı çox çətin bir proqramdır. Günün 12 saatını
işləməli olacağam. Bu vaxt bitdikdən sonra bəlkə yenidən ailə qura
bilərəm. Bu şərtlə ki, həmin insana 100 faiz əmin olmalıyam. İnsan
heç vaxt tək qocalmaq istəmir. Dərdlərini, xoşbəxtliklərini
paylaşmaq istədiyi bir olmasını istəyir. Bəlkə, nə vaxtsa mən də
həmin nöqtəyə gəlib çıxacağam. Zamanı bəlli deyil.
- Qızınızın atası ilə münasibətiniz
necədir?
- Qızım onun atası-anası ilə görüşür. Mənim özümə gəldikdə isə
keçmiş həyat yoldaşım Aydınla heç bir münasibətim olmadığı kimi
düşmənçiliyimiz də yoxdur. Yenidən birləşmək ehtimalımız isə
qətiyyən mümkün deyil.
- Əsil ailə başçısı olan kişi necə
olmalıdır?
- Kişi ruhən bir çox məsələlərdə qadından daha güclü olmalıdır.
Bəzən qadını zəif hiss etdirməli, ona sədaqətli, hər işində dəstək
olan biri olmalıdır. Mənim üçün əsil ailə başçısı belə olmalıdır.
İnsanlar bir-birlərinə yalan danışmağa başladılarsa, həmin ailə tez
bir zamanda da dağılacaq.
- Sizin həyat yoldaşınızda saydığınız bu əlamətlər yox
idi? Nikahnızın tez dağılmasına səbəb nə oldu?
- Bizim ailəmiz birdən-birə dağılmadı. Uzun bir prossesdən sonra
bizim nikahımız dağıldı. Bunlar çox şəxsi məsələlər idi. Ona görə
də çox danışmaq istəmirəm. Qızımın atasını bu dəqiqə küçədə görsəm
yaxınlaşıb salam verəcəyəm. Çünki bizim övladımız var. Aramızda
düşmənçiliyin səviyyəsi sıfırdır.
- Gənc xanım, gənc ana üçün övlad kəlməsi nə ifadə
edir?
- Övlad dünyada ən gözəl nemətdir. Mən bunu bilmirdim. Canan
dünyaya gələndən sonra mən övladın nə olduğunu başa düşdüm. Canan
yavaş-yavaş böyüdükcə onun gözündəki sevgi hisslərini görürəm. Mənə
həmişə soyuq bir insan olduğumu söyləyirlər. Dostlarım deyirlər ki,
istiqanlı olduğumu görmək üçün mənə çox yaxın olmaq lazımdır.
Əslində özümü elə hesab etmirəm. Amma hər kəs barəmdə elə deyir.
Öpüb-qucaqlayaraq sevgimi göstərən insanlardan deyiləm. Amma Canana
qarşı bütün hissələrim tamam başqadır. Ondan bir-iki gün uzaq
olanda çox darıxıram. İlk dəfədir ki, kiminsə həyatı, hətta
ayağındakı balaca bir cızıq belə mənim üçün çox önəmildir. Qızımı
özümdən də çox istəyirəm.
- Bəzi məmur övladları özbaşınalıqlar edirlər, adları
mətbuat səhifələrindən günlərlə düşmür. Siz də özünüzü məmur övladı
hesab edirsinizmi?
- İnsanları ümumiləşdirmək lazım deyil. Mən belə "məmur
uşaqları" ifadələrini sevmirəm. İnsanların yaxşısı da, pisi də
olur. Bütün kasıb insanlar yaxşıdır, yaxud bütün varlı insanlar
pisdir demək qətiyyən olmaz. Psixologiyada "önyarqı" deyilən bir
ifadə var. Yəni əvvəlcədən, tanımdan insanı mühakimə etmək olmaz.
"Önyarqı"dan uzaq bir insanam. Tanımadığımız insanı başqalarının
dediklərinə görə ittiham etmək düzgün deyil. Mənim atam isə məmur
deyil. Hamlet İsaxanlı ziyalı alimdir.
- Ülkər
İsayevanın mənfi xüsusiyyətləri nədir?
- Çox tənbələm. Belə
olmasaydım bəlkə də böyük uğurlara nail ola bilərdim. Bəlkə də bəzi
uğurlara daha tez nail olardım. Məsələn doktrantura məsələsini
bir-iki il öncə də edə bilərdim. Tənbəlliyim məni çox narahat edir.
Hər zaman bu xüsusiyyətimlə mübarizə aparmağa çalışıram. Bəzən
qeyri-punktual oluram, bunu aradan qaldırmaq üçün daimi mübarizə
aparıram. Pis tərəflərimdən biri də odur ki, yaxın insanlara qarşı
diqqətsiz qalıram. Həmin insanlar məndən küsürlər. Amma içimdə
tamam başqa hisslər heçirirəm. Sadəcə olaraq onları üzə çıxara
bilmirəm.
- Azərbaycanlı qızlara məsləhətiniz nədir?
- Azərbaycan qızlarına məsləhət verə bilmərəm. Çünki qızlarımız
bir-birlərindən çox fərqlənirlər. Çox individualdırlar. Bu sualın
cavabı çox genişdir. Məncə qızlarımız daha çox təhsilə yer
ayırmalıdırlar. Kişi də, qadın da öz ayaqları üzərində durmağı
bacarmalıdır. Azərbaycanda belə bir tendensiya var ki, qızlar
universitetə daxil olurlar, diplom alırlar və onu evdə
yatızdırırlar. Səbəb isə olur ki, ailə qurub ev –eşik sahibi
olurlar. Bəzi qızlar üçün xoşbəxtlik budur. Mən buna heç nə
demirəm. Amma hər şey ola bilər. Məsələn, boşanma, həyat yoldaşın
rəhmətə getməsi, müflis olma və s. Bunlardan heç kim
sığortalanmayıb. Ona görə də hər kəs öz ayaqları üzərində durmağı
bacarmalıdır. Kariyera qursunlar, təhsil alsınlar. Onsuz da bizim
qızlar yemək bişirmək məsələlərində əvəz olunmazdılar.
- Ülkər İsayeva üçün sevgi nədir? Kimisə
sevirsiniz?
- Sevginin nə olduğunu deyə bilmirəm. O mənim üçün çox qəribə
bir şeydir. Yəqin ki, sevmişəm və gözəl bir şey olmalıdır. Amma hər
zaman gözəl olmur. İnsan sevəndə həm xoşbəxt, həm də bədbəxt anları
olur. Psixoloq olsam da tam şəkildə sevginin nə olduğunu təsvir edə
bilmərəm. Amma psixoloqlar sevgini hormonların coşması ilə izah
edirlər. O dərinliklərə girmək istəmirəm. Hələ ki, sevməyə hazır
deyiləm.
- Səhv addımlarınız olubmu? Nəyə görə peşmançılıq
hissləri keçirmisiniz?
- Səhv addım atmayan insan yoxdur. İndiyə qədər milyon dənə səhv
addımım olub. Əsas odur ki, həmin səhv addımlardan dərs çıxardasan
və həmin hərəkətləri bir də təkrarlamayasan.Bəzi şeylər var ki,
düzgün olmadığını üəyimdə hiss etmişəm. Amma riskə getmişəm. Riskli
addımlar atmağı sevən insanam.
Həyatda hər şey ola bilər. Mən həmişə deyirəm ki, həyatda iki
cür insan var. Birinci hamının başına pis iş gələ bilər. Hamı
zəlzələyə düşə bilər. Zəlzəldən sonra bəzi insanlar normal
həyatlarını davam edib hər şeyə pozitiv yanaşa bilirlər. Bəziləri
isə depressiyaya düşürlər. Əsas insaların ətrafda baş verənlərə
necə yanaşmalarıdır. Hadisələrə reaksiya insanın gələcək həyatını
müəyyən edir. Mən özümü çox güclü və pozitiv insan tipinə aid
edirəm. Təbii ki, ağladığım anlar da olur. Mən də qadınam. Nə üçün
ağladığım yadımda deyil. Çox şeylər üçün ağlamışam. Axırıncı dəfə
isə sevinc göz yaşları tökmüşəm. Doktranturaya qəbul olmağımla
bağlı xəbəri maşında öyrəndim. Ağlıma gəldi ki, nə yaxşı qəbul
oldum. Birdən başqa ölkəyə köçəcəyimi və yeni həyat quracağımı
düşündüm,maşındaca ağlamağa başladım.
Çox sakit bir insanam. Ülkər İsayevanı tanıyanlara heç nə demək
istəmirəm. Hər kəs tanımaq istədikləri kimi insanları tanıyırlar.
Özüm haqqında yeni bir şey deyə bilmərəm. Nə varsa hər şey üzdədir.
Özüm üçün kiçik bir cəmiyyət qurmuşam. Öz çevrəm, dostlarım və mənə
bənzər insanlar var. Onların yanından çox da ətrafa çıxmıram.
Ətrafda baş verənləri isə heç də sevmirəm. İnsanların bəzi
analizlərini bir psixoloq kimi həyatıma yaxın buraxmıram. Ona görə
də sıxılmıram və belə hallar qarşısında çox dayanıqlıyam.
- Sizi qorxudan nədir? Kimdən və nədən
qorxursunuz?
- Əsas Cananım, yaxınlarımızın başına bir iş gəlməsin. Anamın,
atamın, bacılarımın başına bir iş gəlməsindən çox qorxuram. Bundan
başqa elə də böyük qorxularım yoxdur.
- Hamlet İsaxanlını qocaldan səbəblər
nədir?
- Mən onun qocalmağını hiss etmirəm. İnsan ruhən cavan olarsa,
heç vaxt qocalmaz.
- Ərköyünsünüzmü?
- Bir az ərköyünlüyüm var. Çünki ailənin ən sonuncu qızıyam.
Buna görə ərköyünlük bir az mənə yansıyıb. Amma artıq
böyümüşəm.