Quba rayonu ərazisindən keçən Vəlvələçay, Qaraçay, Qudyalçay və Qusarçay daş karxanalarının vurduğu ziyan nəticəsində quruyub. Çay yataqları bəzi yerlərdə 15-20 metr, bəzi yerlərdə isə 30 metr dərinə düşüb. Çay yataqlarının quruması nəticəsində əkin və bağ sahələri susuzluqdan məhv olub. Sahibkarlıq subyektlərinin qazanc naminə vurduğu ziyan təkcə ekologiya və kənd təsərrüfatı sektoru ilə bitmir. Aparılan qazıntılar nəticəsində strateji əhəmiyyətli dövlət əmlakları da sıradan çıxır.
Axar.az xəbər verir ki, məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi monitorinq aparıb.
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin şöbə müdiri Ruslan Yolçuyev bildirir ki, monitorinqin nəticələri təhlil olunub:
“Vəlvələçay, Qaraçay, Qudyalçay yataqlarında fəaliyyət göstərən daş karxanaları ilə bağlı monitorinq aparılıb. Nəticədə pozuntuya yol vermiş daş karxanasının fəaliyyətini dayandırıması, eləcə də təbiətə vurduğu ziyanın ödəməsi ilə bağlı istismarçıya müvafiq şikayət bildirişi göndərilib. Pozuntuların aradan qaldırılmasına dair məcburi göstəriş verilib. Məcburi gösətərişin icra olunmaması səbəbindən istismarçıya verilmiş icra sənədi lisenziya icazələri haqqında qanunun tələbinə əsasən ləğv edilib. İstismarçıya məlumat verilib. Quba rayonu İH-yə səlahiyyətləri daxilində tədbir görməsi ilə bağlı müraciət ünvanlanıb”, - R.Yolçuyev bildirib.