Heydər Əliyev Fondunun vitse-prezidenti Əminə adlı
körpəni uşaq evindən tanıyıb.
Heydər Əliyev Fondu 10 ildən artıq müddətdə müxtəlif sahələr
üzrə layihələr həyata keçirib. Lakin təhsil, səhiyyə, sosial
problemlərin həlli Fondun fəaliyyətində ilk gündən prioritet
istiqamət olub. Bu sırada valideyn himayəsindən məhrum olan
uşaqlara və yeniyetmələrə, qaçqın və məcburi köçkün uşaqlarına,
habelə müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara yardım
göstərilməsi Fondun əsas məqsədlərindən biridir. 2004-cü ildən
həyata keçirilən "Uşaq evləri və internat məktəblərinin inkişafı"
proqramı üzrə bir sıra layihələr reallaşıb. Fond bu istiqamətdə
fəaliyyətini genişləndirərək digər ölkələrdə də proqramlar həyata
keçirməyi nəzərdə tutur.
APA Heydər Əliyev Fondunun icraçı
direktoru Anar Ələkbərovla müsahibəni təqdim edir.
- Bu günədək Heydər Əliyev Fondu tərəfindən uşaq
evlərində və internat məktəblərində hansı işlər həyata
keçirilib?
- Heydər Əliyev Fondu uşaq evləri və internat məktəblərində
təlim-tərbiyə alan azyaşlılar, yeniyetmələrə xüsusi diqqət və qayğı
göstərir. Məhz bu səbəbdən Fond fəaliyyətinin ilk günündən "Uşaq
evləri və internat məktəblərinin inkişafı" proqramının icrasına
başlayıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın
tapşırığı ilə yaradılan Fondun işçi qrupu respublika ərazisindəki
uşaq evləri və internat məktəblərinin mövcud problemlərini öyrənmək
məqsədi ilə mütəmadi monitorinqlər aparır, bu müəssisələrin istər
maddi-texniki, istərsə də burada məskunlaşmış uşaq və
yeniyetmələrin hansı qayğıya, mənəvi dəstəyə ehtiyacı olduğunu
araşdırır.
Fond uşaq evləri və internat məktəbləri ilə işi bu müəssisələrin
yenidən qurulması, burada məskunlaşan uşaq və yeniyetmələrin
problemlərinin həll edilməsi, valideyn himayəsindən, ailə
qayğısından məhrum olan şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək
göstərilməsi istiqamətlərində aparır.
"Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı
çərçivəsində bu günədək respublika üzrə 36 uşaq müəssisəsi əsaslı
şəkildə təmir olunaraq yeni avadanlıqlarla təchiz edilib, əlavə
yardımçı binalar inşa olunub, uşaqların asudə vaxtlarını
keçirmələri, müəyyən peşələrə yiyələnmələri üçün müxtəlif
dərnəklər, rəsm və rəqs kursları təşkil edilib.
Bu istiqamətdə işlər davam etməkdədir. Hazırda Xəzər rayonunun
Şüvəlan qəsəbəsindəki sağlamlıq imkanları məhdud və valideyn
himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika Xüsusi
İnternat məktəbi Heydər Əliyev Fondu tərəfindən yenidən qurulur,
uşaqlar və yeniyetmələrin istirahətlərinin təmin olunması məqsədi
ilə Suraxanı rayonundakı 2 saylı uşaq evi üçün Zirə qəsəbəsində
"Dalğa" yay istirahət düşərgəsinin tikintisi həyata keçirilir.
- Fond bu gün yalnız ölkə daxilində deyil, beynəlxalq
fəaliyyəti ilə də seçilir. Bu baxımdan valideyn himayəsindən məhrum
olan uşaqlara qayğı proqramı digər hansı ölkələrdə həyata
keçirilir?
- Heydər Əliyev Fondu uşaq evləri və internat məktəbləri ilə bağlı
fəaliyyətini digər layihələrdə olduğu kimi təkcə Azərbaycanda
deyil, ölkəmizdən kənarda da genişləndirir.
Fondun Rusiya nümayəndəliyinin fəaliyyəti çərçivəsində tərəfimizdən
Rusiyanın bir sıra şəhərlərindəki uşaq evlərinin və internat
məktəblərinin vəziyyəti araşdırılmış, bu müəssisələrə göstərə
biləcəyimiz dəstək müəyyən edilmişdi. Moskva, Sankt-Peterburq
şəhərlərində uşaq evlərinə və görmə qabiliyyətini itirmiş uşaqlar
üçün internat məktəblərinə səfərlər edilib və burada bir sıra
sosial layihələrin icrasına qərar verilib. Hazırda Sankt-Peterburq,
Moskva şəhərlərində bir neçə uşaq evi və internat məktəbi Fondun
daimi himayəsi altındadır.
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda kor və zəif görən
uşaqlar və gənclər üçün Mərkəz yenidən qurulub. Macarıstanda görmə
qabiliyyəti zəif olan uşaqlar üçün Mərkəzin yenidən qurulması və
yeni yataqxana korpusunun inşasına başlanılıb. Pakistanda, ABŞ-da,
Almaniyada, İsraildə, eləcə də Avropanın digər bir necə ölkəsində
kimsəsiz uşaqlar, xüsusi qayğıya ehtiyacı olan uşaqlara sosial
dəstək proqramları həyata keçirilir.
- Heydər Əliyev Fondu cəmiyyətdə həm də valideyn
himayəsindən məhrum olan uşaqların dayaq, güvən yerinə çevrilib.
Fond buna necə nail ola bilib?
- Heydər Əliyev Fondunun layihələrinin uğurla həyata keçirilməsinin
əsas səbəblərindən biri bu işlərin ardıcıl və sistemli
aparılmasındadır. Bu mənada uşaq evləri və internat məktəblərində
məskunlaşan valideyn himayəsindən, ailə qayğısından məhrum olan
uşaq və yeniyetmələrlə qurulmuş iş bir nümunədir. Fond onların
yüksək səviyyədə təhsil almalarında, asudə vaxtlarının səmərəli
təşkilində, eləcə də gündəlik qayğılarının aradan qaldırılmasında
yaxından iştirak edir. Heydər Əliyev Fondu demək olar ki, bu
uşaqlar, yeniyetmələr üçün bir ailəyə çevrilib. Fondun təşkil
etdiyi ənənəvi Yeni il şənlikləri, Novruz, Ramazan, Qurban
bayramları və digər əlamətdar günlər bu uşaqlarla birgə keçirilir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva son illər öz
doğum gününü uşaq evlərindən olan körpə və yeniyetmələrin
əhatəsində onlarla birlikdə qeyd edir.
Uşaqların təlim və tərbiyəsi ilə bağlı məsələ Fondun prezidentinin
daim diqqət mərkəzindədir. Bunun nəticəsidir ki, valideyn
himayəsindən məhrum olan uşaqlar və yeniyetmələrə qayğı yalnız uşaq
evlərində və internat məktəblərində məşkunlaşdıqları müddətdə
təhsili və ya maddi-texniki təchizatı ilə məhdudlaşmır, onların
məzun olduqdan sonrakı taleyi, işlə, yaşayış yeri ilə təminatı
məsələsinə də xüsusi əhəmiyyət verilir. Artıq ötən müddət ərzində
Heydər Əliyev Fondunun təşəbbüsü ilə kimsəsiz gənclərin müvəqqəti
məskunlaşdıqları müəssisələri tərk etdikdən sonra yaşamaları üçün
bir sıra binalar inşa olunub.
Tərəfimizdən uşaq evləri, internat məktəbləri tez-tez ziyarət
olunur və bu mütəmadi ziyarətlərin, ünsiyyətin sayəsində buradakı
uşaqlarla, gənclərlə mehriban və səmimi münasibət yaranıb. Artıq
demək olar ki, bu müəssisələrdəki hər bir usağı, hər bir gənci
ayrı-ayrılıqda öz adı ilə belə tanıyırıq.
Bu qarşılıqlı münasibətin nəticəsidir ki, Fondun vitse-prezidenti
Leyla Əliyeva uşaq evində valideyn himayəsindən məhrum olan bir
körpə qıza ürəkdən bağlanmış və həmin körpəni övladlığa götürmüşdü.
Leyla xanım artıq bu gün yalnız iki əkiz oğlanların deyil, eyni
zamanda bir qız anasıdır. Bu gün Leyla xanımla kiçik Əminə
arasındakı isti, doğma münasibəti, onların bir-birinə olan
məhəbbətini, bağlılığını görüb sevinməmək mümkün deyil. Və bütün
ailələrə valideyn ilə övlad arasında belə məhəbbətin və gözəl
münasibətin olmasını arzu edirəm.
- Heydər Əliyev Fondu 2014-cü ildə daha bir yeni layihənin-
"Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" proqramının
təqdimatını etdi. Bu proqram üzrə hansı işlər həyata
keçirilir?
- Heydər Əliyev Fondu "Yeniləşən Azərbaycana yeni məktəb", "Təhsilə
dəstək" layihələri ilə yanaşı, öz təcrübəsinə əsaslanaraq yeni
böyük bir layihəyə - "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı"
proqramına start verib. Proqram çərçivəsində yeni bağçaların
tikintisinə başlanılıb, bunların bir neçəsi artıq təhvil
verilib.