Jurnalist Rasim Əliyevə
xəsarət yetirməkdə təqsirləndirlən 6 nəfər barəsində həbs qətimkan
tədbiri seçilib.
APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə,
onlar barəsində Səbayel rayon Məhkəməsinin tərəfindən 3 ay
müddətinə həbs qətimkan tədbiri seçilib.
Həbs edilənlər arasında futbolçu Cavid Hüseynov və onun
bibisioğlu Elşən İsmayılov da var. Vəkil Adəm Məmmədov bildirib ki,
bu gün Səbail Rayon Məhkəməsində hakim Elşad Şamayevin sədrliyi ilə
keçirilən prosesdə C.Hüseynov barəsində 3 ay müddətinə həbs
qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 307.1-ci və
307.2-ci maddələri ilə təqsirləndirilir.
A.Məmmədov Səbail rayon Məhkəməsinin qərarından apellyasiya
şikayəti verəcəklərini də açıqlayıb.
Qeyd edək ki, avqustun 8-də saat 18.00 radələrində Bakı şəhər
sakini, 1984-cü il təvəllüdlü Əliyev Rasim Məmmədəli oğlu Səbail
rayonu, Bayıl qəsəbəsi ərazisində fəaliyyət göstərən "Bayıl market"
mağazasının qarşısında bir qrup naməlum şəxslər tərəfindən
döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə
yerləşdirilib. O, aldığı xəsarətlərdən avqustun 9-da saat 05.00
radələrində orada vəfat edib.
Faktla bağlı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində
Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma,
zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi
başlanıb, şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsinin
əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Hazırda hadisəsinin baş vermə səbəblərinin və iştirakçılarının
tam dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri və
təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Cinayət işinin istintaqı Azərbaycan Prezidenti İlham Əliyevin
şəxsi nəzarətindədir.
Qeyd edək ki, C.Hüseynovun həbsi barədə ilk xəbəri "Yeni
Müsavat" qəzeti yayıb.