Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinin
tutulması üçün müsabiqə elan edilib.
Axar.az
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu
Məsələləri üzrə Komissiyasının rəsmi saytına istinadən xəbər verir
ki, Komissiya 28 avqust 2015-ci il tarixdən 30 dövlət orqanında
inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan
130 vakant vəzifənin tutulması üçün müsabiqə elan edib.
Müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin 65-i
mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli
təşkilatlarında, 65-i isə apellyasiya və birinci instansiya məhkəmə
orqanlarının aparatlarındadır.
"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun
28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət
qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test
imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin
tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan
Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər.
İmtahanda namizədlər tərəfindən 100 test tapşırığının yerinə
yetirilməsi nəzərdə tutulur. Test tapşırıqlarının hazırlanması üçün
tərtib edilən ümumiləşdirilmiş proqramlar və metodiki vəsait
Komissiyanın rəsmi internet saytında yerləşdirilib. Test imtahanı
zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.
Test imtahanı aşağıdakı test bloklarından ibarət olur:
- dünyagörüşü, o cümlədən Azərbaycan dili və Azərbaycan haqqında
ümumi biliklər üzrə - 15 test
tapşırığı;
- qanunvericilik sahəsində -
40 test tapşırığı;
- informasiya texnologiyaları sahəsində - 15 test tapşırığı;
- məntiqi düşünmə qabiliyyəti sahəsində - 30 test tapşırığı.
Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası
vətəndaşları "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna
qəbul edilmək üçün müraciətinin Forması"nı 28 avqust 2015-ci il
tarixdən 26 sentyabr 2015-ci il tarixdə saat 18:00-dək Komissiyaya
təqdim etməlidirlər. Müraciət Forması elektron, şəxsən və yaxud
poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.
Müsabiqəyə dair ətraflı məlumat "Respublika" qəzetinin 28 avqust
2015-ci il tarixli sayında və həmin tarixdən Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə
Komissiyanın rəsmi internet saytında - www.dqmk.az verilib.
Qeyd edək ki, 06 avqust 2015-ci il tarixdə Komissiya Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyində inzibati vəzifələrin
yeddinci təsnifatlarına uyğun olan 11 vakant vəzifənin tutulması
üçün müsabiqə elan etmişdir. Bu günə kimi müsabiqədə iştirak etmək
üçün 578 nəfər Komissiyada qeydiyyatdan keçib. Bu müsabiqə üzrə
qeydiyyat 04 sentyabr 2015-ci ildə başa çatacaq.
Həmçinin Komissiya 14 avqust 2015-ci il tarixdə 55 dövlət
orqanında inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına
uyğun olan 693 vakant vəzifənin tutulması üçün müsabiqə elan edib.
Bu günə kimi müsabiqədə iştirak etmək üçün 2458 nəfər Komissiyada
qeydiyyatdan keçib. Bu müsabiqə üzrə isə qeydiyyat 14 sentyabr
2015-ci il tarixdə başa çatacaq.