Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam
Allahşükür Paşazadə Hz. Muhəmməd (s) peyğəmbərin mövludu münasibəti
ilə bütün müsəlmanları təbrik edib.
QMİ mətbuat xidmətindən göndərilən təbrikdə deyilir:
"Bismillahir-rəhmanir-rəhim!
Bəşərə mükəmməl əxlaq nümunəsi və hidayətin çırağı kimi
göndərilən Xatəmül-Ənbiya Peyğəmbərimiz Həzrət Muhəmmədin (s)
mübarək mövludu münasibətilə bütün xalqımızı və müsəlman
dindarlarımızı təbrik edirəm.
Aləmlərin Rəbbi yer üzünə göndərdiyi bütün peyğəmbərlərini
əxlaqi vəzifələrlə mükəlləf etmiş və onlara öz cəmiyyətlərini islah
etmək vəzifəsi verib. Fəqət sonuncu Peyğəmbərimiz Hz.Muhəmmədin (s)
mənəvi üstünlüyü onun təkcə mənsub olduğu cəmiyyətə deyil, bütün
aləmlərə rəhmət olaraq göndərilməsindədir:
وَمَا أَرْسَلْنَاكَ إِلاَّ كَافَّةً لِّلنَّاسِ بَشِيرًا
وَنَذِيرًا ... (ص)
"Ya Rəsulum! Biz səni (təkcə öz qövmünə deyil), bütün insanlara
(Cənnətlə) müjdə verən və (cəhənnəm əzabı ilə) qorxudan bir
Peyğəmbər olaraq göndərdik.." (Səbə`,28).
Bu gün İslam Peyğəmbərinin məfkurəvi möhtəşəmliyi onun təlqin
etdiyi birlik, ədalət, əxlaqi təkamül və bütün bəşəriyyətin mənəvi
islahı ideyalarındadır. Bu ideyalar həm müsəlman ümməti, həm bütün
qeyri-müsəlmanlar üçün hələ də aktualdır, çünki onun təməlində
müasir dünyamızın ziddiyətli problemlərinin mənəvi islahatlar yolu
ilə həlli dayanır.
Biz, Azərbaycan müsəlmanları, hər şeydən əvvəl, mübarək Mövludun
ölkəmizin dini ictimaiyyəti tərəfindən tədbirlər silsiləsi şəklində
qeyd olunmasını dövlət müstəqilliyimizin dindarlara bəxş etdiyi
etiqad azadlığının bariz nümunəsi kimi dəyərləndirik. Müasir
Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyev Təzəpir məscidində
Hz. Məhəmməd (s) Peyğəmbərimizin mübarək Mövludunda iştirak edən və
İslam dəyərlərinə müstəsna qiymət verən ilk dövlət rəhbərimiz
olmuşdur.
Şükürlər olsun ki, bu ənənəyə sadiqlik hissi bu gün də vardır və
Hz.Muhəmmədin (s) xatirəsinə layiq olan həm din-dövlət vəhdətinin,
həm də məzhəbi vəhdətin nadir nümunəsini ölkəmizdə yaşamaq və bəyan
etmək imkanımız mövcuddur.
Bir daha mübarək Mövlud həftəsi münasibətilə dindarlarımızı
təbrik edir, bu müəzzəm günlərdə hər kəsi Xatəmül-Ənbiyanın
aləmlərə örnək olan əxlaqından bəhrələnməyə, onun kamillik
məktəbinin davamçıları olmağa dəvət edirəm. Allah-təala hər
birimizin yardımçısı olsun, dövlətimizi baqi, ümmətimizi əbədi
etsin, inşallah!
Vəs-salamu əleykum və rəhmətullahi və bərəkatuh".