ANS Müstəqil Yayım və Media Şirkətinin işgüzar nüfuzuna xələl
gətirən materiallar yaymış bir sıra sayt və portallar bu gün
məhkəməyə verilib.
Hafta.az həmin saytların bəziləri ilə əlaqə saxlayaraq,
iddialara cavab öyrənib.
"Axar.az" saytının baş redaktoru Anar
Niftəliyev:
"Şirkət daxilində müəyyən islahatlar, kadr dəyişiklikləri olub.
3-5 aydan bir keçirilən bir prosesdir. Xəbər portalları da ANS-i
xüsusi kanal hesab edir. Bu şirkətdaxili kadr islahatı da
oxucuların diqqətlə izlədiyi mövzudur. Biz də bunu yazmışıq.
Maraqlıdır ki, xəbərdən sonra Mais Məmmədovun münasibətini də,
ayrıca ANSPRESS-ə danışdığını da vermişik. Yəni, şirkət tərəfin
açıqlamaları olub. Məhkəmə olacaq və biz məhkəmədə nə qədər
ədalətli və haqlı olduğumuzu həmkarlarımıza-"ansçi"lərə göstərə
biləcəyik.
Əsas məsələ ANS-in ümumiyyətlə mediaya qarşı ənənəvi
münasibətindən gedir. Onlar həmişə yazılı, indiki halda isə
internet mediası ilə məlum qapalı qurum kimi, məhkəmə dili ilə
danışmağa vərdiş ediblər. Hesab edirəm ki ANS ilk yaranan media
qurumu kimi yanlış siyasətinə yenidən baxmalıdır. Bir media
holdinqinin media qurumlarına bu cür hədəylə, bu cür qapalı
münasibəti anlaşılan deyil.
Biz islahatlar haqqında yazanda niyə ANS özü rahat şəkildə
aydınlıq gətirmirki?! Bu islahatları ictimailəşdirmək istəmirsə, bu
barədə açıqlama verir və bütün saytlar da həmin açıqlamanı
yerləşdirirlər. Niyə bundan sonra ANS mediayla hədə dilində
danışır?! Dəfələrlə redaksiyanın telefonlarından zəng etmişik, amma
cavab verilməyib ki, redaksiyalar inanılmış, mənbəli xəbər yaysın.
ANS məmurlardan tələb etdiyi mətbuata açıqlığı öz həmkarlarına
tətbiq etmir".
"Publika.az" saytının baş redaktoru Bəxtiyar
Əlirzayev:
"Publika.az-da həmin məsələ ilə bağlı 3 material gedib. Biri
istinad xəbəri, ikisi isə bu məsələ ilə bağlı Mirşahin bəylə Mais
Məmmədovun təkzibləridir. Amma bizim üçün də təəccüblü oldu ki,
adımız o siyahıda var. Mən başa düşürəm, orada adi iş rejimi ilə
bağlı cürbəcür proseslər gedir. Ola bilər bu proseslərin mətbuata,
media qurumlarına o cür yansımağı əsəblərə ciddi təsir edib. Və
bunu əsəbi qərar kimi qiymətləndirirəm. Düşünürəm ki, burada
jurnalistlər arasında həll edilməyəcək bir məsələ yoxdur. Ortalığa
qan düşməyib. Adi işlə bağlı xəbərdir. ANS rəhbərliyi nəzərə
almalıdır ki, Azərbaycanda sayt mediası yeni formalaşır. Saytların
xəbərlərə o cür önəm verməyi normal hal kimi dəyərləndirilməldir.
Mən əminəm ki, o məhkəmə qərarından vaz keçəcəklər, fikirlərini
dəyişəcəklər".
"Azvision.az" saytının baş redaktoru Vüsal
Məmmədov:
"Bizə qarşı iddia əsassızdır. Çünki həmin xəbər yayılanda biz
fikirləşmişdik ki, bu, dezinformasiya ola bilər. Buna görə də ANS
satılması haqqında xəbəri verməmişdik. Ansdən işdən çırarılanlar
haqqında isə informasiya formasında ANS-in təkzibini vermişik.
Yəni, Mirşahinin məhkəməyə verdiyi saytlarının arasında
Az.vizion-un adı niyə var, bu mənim özüm üçün də qaranlıqdır...
Fikirləşirəm ki, yəqin yanlışlıq olub".
"Aznews" saytının redaktoru Ramil Məmmədli:
"ANS-in belə açıqlama verdiyini, belə bir mövqe sərgilədiyini
mətbuatdan oxuduq. Həmin informasiya bizim sayta daxil olandan
sonra, bu məlumatı təsdiqləyən oldu. İşdən çıxan bir neçə nəfər öz
mövqeyini açıqlayıb, saytda da yerləşdirilib. Və əgər yanlışlıq var
idisə ANS televiziyası çox rahat şəkildə açıqlama verib, təkzib
mövqeyini verə bilərdi. Medianın qaydalarına əsasən, hər hansı bir
xəbər öz təsdiqini tapmırsa digər tərəf məsələ ilə bağlı açıqlama
ilə çıxış edir. Yəni, bizim onların mövqeyini verməməklə bağlı belə
bir iddiamız olmayıb".
ANS MYMŞ-nın Hüquq Departamentindən ANS PRESS-ə verilən məlumata
görə, həqiqətə uyğun olmayan məlumatlar yaydıqlarına görə,
məhkəmədə cavab verəcək portallar aşağıdakılardır: aznews.az,
ınterpress.az, azvision.az, demokratiya.info, axar.az, publika.az,
presspost.az.
ANS Müstəqil Yayım və Media Şirkəti məsələ ilə bağlı bəyanatla
çıxış edib:
"Bu portalların qərəzli və əsassız məlumatları əsasında ANS-in
işgüzar nüfuzuna maddi və mənəvi ziyan dəyib. Adları çəkilən
portallar Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən
məhkəmə qarşısında cavab verəcəklər".