"Avtovağzal" metro
stansiyası sürüşmə ərazisindən xeyli uzaqdadır. Bakı Beynəlxalq
Avtovağzal Kompleksində sürüşmə müəyyən bir hissədə baş verdiyindən
bunun metrostansiya üçün hər hansı bir təhlükə yaratmaq ehtimalı
yoxdur.
Bu sözləri Axar.az-a danışan Bakı Metropoliteni
QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi
Nəsimi Paşayev deyib.
Onun sözlərinə görə, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin
qarşısındakı yolda baş vermiş çökmənin ərazinin yaxınlığında inşa
edilən "Avtovağzal" metrostansiyası üçün heç bir təhlükəsi ola
bilməz:
"Biz yerin altında sadəcə qazıntı işləri aparmamışıq, orada həm
də tuneller qurulub, bərkitmə işləri aparılıb. Ərazidə baş verən
sürüşmənin metrostansiya üçün heç bir təhlükəsi ola bilməz. Nə
tunel, nə də stansiya həmin ərazidən keçir".
Qeyd edək ki, oktyabrın 7-də Beynəlxalq Avtovağzal Kompleksinin
qarşısında, Bakı istiqamətində gələn yolda sürüşmə baş verib.
Sürüşmə nəticəsində yolda istinad divarı əyilib, avtovağzalın yola
yaxın həyətində iri çatlar yaranıb.