Təbiətə vurulan ziyanın həcmi 400-500 manatdan çoxdursa,
o halda vətəndaş dövlətə külli miqdarda ziyan vurmuş
sayılır.
Bu sözləri Bioloji Müxtəlifliyin Qorunması Departamentinin
direktor müavini Hikmət Əlizadə heyvanların qanunsuz ovlanması ilə
bağlı məsələni Axar.az-a şərh edərkən deyib.
O bildirib ki, Azərbaycanda yüzlərlə heyvan növünün ovlanması
qadağandır. Ovlanan heyvan növlərinə görə də cərimələrin məbləği
dəyişir:
"Nazirlər Kabinetinin qərarına əsasən, cərimələr
müəyyənləşdirilir. Çöl pişiyinin (vaşaq) ovuna görə 2000 min,
ceyran ovuna 500, qartal ovuna 300, qara leyləyin ovuna görə isə
500 manat məbləğində müxtəlif cərimələr nəzərdə tutulub. Hətta
sürünənlərin qanunsuz tutulması və ovlanması ilə bağlı cərimələr
var. Məsələn, Aralıq dənizi tısbağasının qanunsuz ovuna görə 60
manat məbləğində cərimə nəzərdə tutulub".
H.Əlizadənin sözlərinə görə, bəzi qadağa edilən ovlara görə
cinayət məsuliyyəti də nəzərdə tutulub:
"Təbiətə vurulan ziyanın həcmi 400-500 manat məbləğindən
yuxarıdırsa, o halda dövlətə külli miqdarda ziyan vurulmuş sayılır.
Bu zaman cinayət işi açılır, qərar çıxarılması üçün iş müvafiq
məhkəmə orqanlarına göndərilir. Daha sonra artıq həmin şəxsin işinə
baxılır".
H.Əlizadə bildirib ki, vətəndaş ov etməzdən əvvəl müvafiq
qurumlardan lisenziya almalıdır:
"Ekologiya və Təbii Sərvətlər Nazirliyi ov mövsümünü açıq elan
etdikdən sonra, vətəndaş mövsümə uyğun olaraq ova gedə bilər. Ov
mövsümü elan ediləndə Kütləvi İnformasiya Vasitələrində və
nazirliyin rəsmi saytında elan yerləşdirilir".
Direktor müavini qeyd edib ki, vətəndaş ova gedəndə Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin müvafiq şöbəsindən lisenziya
almalıdır:
"Bu icazəyə görə dövlətin bank hesabına pul keçirilməlidir. Daha
sonra Daxili İşlər Nazirliyinin müvafiq icazəsi əsasında qanuni ov
silahı ilə ov etməlidir. Yalnız bu halda vətəndaşın ovu qanuni
sayılır".