Bakının Xətai rayon Polis
İdarəsi tərəfindən iyunun 26-dan itkin düşmüş kimi axtarışa verilən
Natəvan Əliyevanın qətlində şübhəli bilinən, keçmiş polis işçisi 34
yaşlı Samir Səməndər oğlu Əliyevin bu gün məhkəməsi
olub.
Saxlanılan şəxsin həyat yoldaşı Zəminə Əliyevanın Baku.ws-ə verdiyi məlumata görə, məhkəmə Nəsimi
rayon Məhkəməsində keçirilib. Proses zamanı keçmiş həyat yoldaşını
qətlində günahlandırılan Samir Əliyevə əlavə olaraq 4 ay həbs
cəzası verilib. Buna etiraz olaraq Samir Əliyev özünə od vuraraq
yandırıb.
"Ağır xəsarət alan Samir Əliyev barədə heç bir məlumat
vermirlər. Çox narahatam", - Zəminə Əliyeva vurğulayıb.
Xatırladaq ki, 6 iyul gecə saat 01.30 radələrində Bakı - Quba
yolunun 55-ci kilometrində, yolun sağ hərəkət hisəsəsində
yandırılmış naməlum qadın meyiti tapılıb. Xızı rayonunun hüquq
mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi operativ əməliyat
tədbirləri nəticəsində naməlum qadının şəxsiyyəti bir neçə saat
içində müəyyən edilib. Meyitin 1981-ci il təvəllüdlü Bakı sakini
Natəvan Əliyevaya məxsus olduğu aydınlaşıb.
34 yaşlı N.Əliyeva paytaxtda fəaliyyət göstərən xəstəxanaların
birində həkim işləyib. Onun üç uşaq anası olduğu bildirilir.
Qadının bu il iyun ayının 25-dən 26-na keçən gecə paytaxtın
Xətai rayonunda itkin düşməsi barədə polisə ərizə daxil olduğu da
məlum olub. Onun qətlində keçmiş həyat yoldaşı 34 yaşlı Samir
Səməndər oğlu Əliyev günahkar bilinərək saxlanılıb.