Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK)
və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin birgə
təşkilatçılığı ilə "Gənclər dini radikalizmə və ekstremizmə "yox"
deyir" mövzusunda elmi-praktiki konfrans keçirilib.
Axar.az qurumun mətbuat
xidmətinə istinadən xəbər verir ki, tədbirdə DQİDK-nın sədri
Mübariz Qurbanlı, YAP Siyasi Şurasının üzvü, Partiyanın Gənclər
Birliyinin sədri Seymur Orucov, Prezident Administrasiyasının
İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş
sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının
Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad
Hacıyev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ)
sədri, millət vəkili Şahin İsmayılov, gənclər təşkilatlarının
rəhbərləri və üzvləri iştirak edib.
DQİDK-nın sədri Mübariz
Qurbanlı dini radikalizm və ektremizmin bu gün hər kəsi
maraqlandıran və diqqət mərkəzində olan məsələlərdən biri olduğunu
qeyd edib.
Komitə sədri bildirib ki, dini radikalizm meyilləri o zaman
meydana gəlir ki, kimlərsə dindən siyasi məqsəd, hakimiyyəti ələ
almaq və yaxud hansısa bu və digər marağını ifadə etmək üçün
istifadə edir. İslam dininin mənəviyyatımız, mədəniyyətimiz, mental
dəyərlərimizlə bağlı olduğunu bildirən Mübariz Qurbanlı bu gün hər
bir Azərbaycan vətəndaşının, xüsusən də gənclərin üzərinə dinimizi,
milli-mənəvi dəyərlərimizi düzgün təbliğ etmək kimi məsuliyyətli
bir vəzifə düşdüyünü deyib.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin
Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev isə
diqqətə çatdırıb ki, dövlət-din münasibətləri zəngin milli
ənənələrimizə söykənir və müasir hüquq normaları ilə tənzimlənir. O
bildirib ki, dinin cəmiyyət həyatında, xüsusən də gənclərin
mənəvi-əxlaqi tərbiyəsində yeri və rolu düzgün
istiqamətləndirilməli, mütərəqqi islami dəyərlərin tətbiqi, təşviqi
müasir tələblər səviyyəsində aparılmalı, dindən siyasi məqsədlər
üçün istifadəyə yol verilməməlidir.