Yanvarın 26-da Oğuz rayon prokurorluğuna 1981-ci il
təvəllüdlü Seydəliyev Məmmədbağır Aydın oğlunun rayonun Xaçmaz
kəndi ərazisində meşə massivində qayadan yıxılaraq ölməsi barədə
məlumat daxil olub.
"Axar.az"a Respublika Baş
prokurorluğundan daxil olan məlumatda deyilir ki, bununla əlaqədar
rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən
məhkəmə tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış
keçirilib və başqa prosessual hərəkətlər yerinə
yetirilib.
M.Seydəliyevin meyitinin xarici müayinəsi zamanı bədənində odlu
silahla yetirilmiş xəsarətlər aşkar edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1
(ehtiyatsızlıqdan adam öldürmə) və 258.3.2-ci (qanunsuz ov etmə)
maddələri ilə cinayət işi başladılıb, iş üzrə zəruri ekspertizalar
təyin edilib.
İstintaq nəticəsində məlum olub ki, Xalid Həsrətov həm gün saat
10 radələrində tanışları - Oğuz rayon sakinləri Məmmədbağır
Seydəliyev, Maarif Lətifov və Oğuz rayon Meşələrin bərpası və
mühafizəsi müəssisəsinin meşə gözətçisi vəzifəsində işləyən və
qulluq mövqeyindən sui-istifadə edən Arif Salehovla müvafiq icazə
olmadan, qadagan edilmiş vaxtda qanunsuz ov etmə məqsədi ilə
qabaqcadan əlbir olaraq, hər biri yivsiz ov tüfəngləri ilə
silahlanıb, "Qırmızı kitab"a daxil edilməklə ovlanması tamamilə
qadağan edilmiş maral cinsinə aid heyvanları ovlamaq niyyəti ilə
rayonun Xaçmaz kəndi ərazisində yerləşən "Böyuk Daş" deyilən
əraziyə gediblər.
Həmin gün saat ov prosesində onlar istifadələrində olan ov
tufənglərindən qarşılarına çıxan maralı ovlayıblar. Bu zaman Xalid
Həsrətovun açdığı atəşlərin ondan nisbətən aralıda dayanıb ov
gözləyən Məmmədbağır Seydəliyevin bədəninin müxtəlif nahiyələrinə
dəyib xəsarət yetirməklə ehtiyatsızlıqdan onu öldürməsində əsaslı
şübhələr olduğundan o, Cinayət Məcəlləsinin 124.1 və 258.3.2-ci
maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə
təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə
həbs edilib.
İş üzrə Arif Salehov Cinayət Məcəlləsinin 258.3.1 və 258.3.2-ci,
Maarif Lətifov isə 258.3.2-ci maddələrində nəzərdə tutulan cinayət
əməllərini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək
məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbiri
seçilib.
Hazırda iş üzrə istintaq davam etdirilir.