Yanvarın 27-də eşitdiyim bu xəbərə inanmadım. Növbəti iş
günlərindən biri olsa da, bu gün yəqin ki, yaddaşımdan heç
çıxmaz.
İş yoldaşımın yaxınlaşaraq, "Məhəbbət Kazımov rəhmətə gedib"
deməsi əlimi-qolumu boşaltdı. İndi haqq dünyasında olan sevimli
müğənni ilə bu günlərdə müsahibə götürəcəkdim. Söhbətin sualları da
müzakirə olunmuşdu. Bu mənim ilk müsahibəm olacaqdı. Usta
yazarlarımız deyir ki, jurnalistin ilk müsahibəsi ilk məhəbbət
kimidi...
Müğənni ilə zəngləşib, vədələşmişdik. Xəbərin şokunda sənətçinin
telefonuna zəng etmək istədim. İnana bilmirdim. Lakin rəqəmləri
sona qədər yığa bilmədim, bacarmadım. Bir neçə dəqiqədən sonra isə
bütün mətbuat bu qara xəbəri paylaşırdı...
Mən onun zəngini, səhhətinin yaxşılaşdığını deyəcəyini
gözləyirdim, qəfil gələn ölüm xəbərini yox.
Müsahibə götürmək istəyim də elə onun ağır xəstə olmasından yaranan
istək idi. İstəyirdim ki, tanınmış müğənnimizi müsahibə vasitəsi
ilə tamaşaçıları, sevənləri ilə görüşdürüm.
Zəngimdən məmnun qalmışdı. Amma səsindəki yorğunluq və
təngnəfəslikdən hiss etmişdim ki, Məhəbbət bəyin səhhəti heç də
yaxşı deyil. Elə özü də bunu təsdiqləmişdi: "Həkim nəzarətindəyəm,
yaxşı olan kimi sizinlə əlaqə saxlayacağam".
Verəcəyim suallardan biri də onun doğulub boya-başa çatdığı
Laçın haqda olacaqdı. Bəlkə də ən kövrək yeri Laçın idi. Axı
dəfələrlə özü demişdi ki, orada, o dağların qoynundakı sevimli
yurdda konsert vermək, "Laçınım" mahnısını ifa etmək istəyir. Elə
haqq dünyasına qovuşduqda da doğma yurdunda dəfn olunmağı dilinə
gətirərdi. Çox heyf, o bu arzuya çata bilmədi. Mənim onunla
həmsöhbət olmaq arzum, Məhəbbət Kazımovun müqəddəs arzusunun
yanında heç nə olsa da, mənim gerçəkləşdirə bilmədiyim istək də
məni çox üzəcək...
Ona verəcəyim suallar ancaq o səsin, o nəfəsin, istedadın adına
hazırlanmışdı...
Qulaqlarımda hələ də o səsdir: "Qurudub göndərmə bənövşələri",
"Belə qəmli dayanma". Və əsrarəngiz səsin içindəki haray: "Laçınım,
Laçınım, Laçınım mənim"... Bir də ölməz Məmməd Arazın sözlərinə
oxuduğu "Duman salamat qal, dağ salamat qal"...