Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
kollegiyasının 29 dekabr tarixli 9 nömrəli qərarı ilə 2016-cı ilin
İş vaxtı norması və İstehsalat təqvimi təsdiq olunub.
Nazirlikdən Axar.az-a verilən məlumata görə, İş vaxtı norması və
İstehsalat təqvimi mülkiyyət və təşkilatı-hüquqi formasından asılı
olmayaraq müəssisə, idarə və təşkilatlarda Əmək Məcəlləsinin
tələblərinə uyğun şəkildə işçilərin iş vaxtı normasının düzgün
hesablanması və tətbiq edilməsi məqsədinə xidmət edir.
İş vaxtı normasında bildirilir ki, Əmək Məcəlləsinə və Nazirlər
Kabinetinin "2016-cı ildə Novruz, Ramazan, Qurban bayramları
haqqında" 24 dekabr 2015-ci il tarixli 402 nömrəli qərarına əsasən,
2016-cı ildə 1-2 yanvar (Yeni il bayramı), 20 Yanvar (Ümumxalq hüzn
günü), 8 Mart (Qadınlar günü), 20, 21 , 22, 23, 24 mart (Novruz
bayramı), 9 May (Faşizm üzərində Qələbə günü), 28 May (Respublika
günü), 15 İyun (Azərbaycan xalqının Milli Qurtuluş günü), 26 İyun
(Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü), 6, 7 iyul
(Ramazan bayramı), 12, 13 sentyabr (Qurban bayramı), 9 Noyabr
(Azərbaycan Respublikasının Dövlət Bayrağı günü), 31 Dekabr (Dünya
Azərbaycanlılarının Həmrəyliyi günü) iş günü hesab edilmir.
Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Nazirlər
Kabinetinin 2015-ci il 24 dekabr tarixli 402 nömrəli qərarına
əsasən 2016-cı ildə həftələrarası istirahət günlərinin iş günləri
hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar
olaraq beşgünlük iş həftəsində 25 mart, 30 may, 27 iyun, altıgünlük
iş həftəsində isə 25 mart və 27 iyun tarixləri istirahət
günləridir.
Sənədə əsasən, 2016-cı ilin fevral ayı 29 təqvim günündən ibarət
olduğuna görə il 366 təqvim günündən ibarət olacaq.
Gələn ildə beşgünlük iş həftəsində 243 iş günü (onlardan, 6-sı
bayramqabağı, 1-i Ümumxalq hüzn günü qabağı iş günləridir), iş günü
hesab edilməyən 109 istirahət günü (onlardan, 4-ü iş günü hesab
edilməyən bayram günləri ilə üst-üstə düşən həftələrarası istirahət
günlərinin əvəzinə verilən istirahət günləri), iş günü hesab
edilməyən 18 bayram günü (5-i istirahət günləri ilə üst-üstə düşən)
və 1 Ümumxalq hüzn günü vardır.
Əmək Məcəlləsinin 89-cu və 90-cı maddələrinə əsasən, ölkəmizdə
gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz və
bir qayda olaraq iki istirahət günü olan beşgünlük iş həftəsi
müəyyən edilir. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik
normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz. Növbəti
ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8
saatlıq iş günü hesabından müəyyən edilir. Bu zaman məcəllənin
108-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq iş günü hesab
edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq hüzn günü qabağı
iş günlərində həftəlik iş günlərinin müddəti bir saat
qısaldılır.
Qanunvericiliyə uyğun olaraq 2016-cı il üçün 40 saatlıq iş
həftəsində iş vaxtının illik norması 1 937 saat təşkil edəcək.
İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı
olaraq tətbiq edilən bir istirahət günü olan altıgünlük iş həftəsi
və müəyyən qeydiyyat (uçot) dövrü üçün növbə cədvəlləri beşgünlük
iş həftəsinin həmin dövr üzrə iş vaxtı normasına riayət edilməklə
tərtib olunur. Əmək Məcəlləsinin 90-cı və 108-ci maddələrinə əsasən
altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat
olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə
sonrakı gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan
çox ola bilməz. Məcəllənin 91-ci, 92-ci və 93-cü maddələrində
nəzərdə tutulmuş hallar istisna olmaqla, qalan iş yerlərində
səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab
edilməyən bayram günləri və Ümumxalq hüzn günü qabağı iş gününün
müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat
qısaldılır. Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş
həftəsində çalışan işçilər üçün 2016-cı ildə beşgünlük iş həftəsi
üzrə hesablanmış 1 937 saatlıq illik iş vaxtı norması tətbiq
edilməlidir.
İş vaxtının qeydiyyatı (uçotu) dövründə və ya təqvim ili ərzində iş
vaxtı saatları iş vaxtı normasına uyğun gəlirsə, ayrı-ayrı aylarda
iş vaxtının normal iş vaxtından az və ya çox işlənilməsi halları,
altıgünlük iş həftəsi cədvəlinə yenidən baxılması üçün əsas ola
bilməz. Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti
qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox
olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər.
Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin
(növbənin) müddəti isə 12 saatdan çox ola bilməz.