Gələcəyimiz keçmişimizdən (də) yaxşı
olacaq.
Azərbaycanın daxil olduğu bölgədə, ümumən dünyada gedən
proseslər, biz istəsək də, istəməsək də əvvəl-axır,
respublikamızdan da yan keçməyəcəkdi. – "Əvvəl-axır" deyirik, çünki
başqa yaxın-uzaq ölkələr respublikamızın bu gün üzləşdiyi bir sıra
iqtisadi problemləri bizdən öncə (yaxın tarixdə) yaşamış, üstəlik,
bir də bizimlə birgə yaşamaqdadır...
Demək, Azərbaycan dövlətinin, şəxsən dövlət başçımızın səyləri,
düşünülmüş tarazlı siyasəti nəticəsində ölkə əhalisinin sosial
müdafiəsi mümkün olduğunca qorunub və bundan sonra da qorunacaqdır.
İkincisi, biz ərazi bütövlüyümüzün pozulmasına, elan olunmamış
müharibəyə cəlb edilməyimizə baxmayaraq, bölgə və ümumdünya
proseslərinin qaçılmazlığı fonunda, yenə də sabit "Azərbaycan
modeli"ni qoruyuruq. Üçüncüsü, biz nəinki Azərbaycanı "sabitlik
adası" olaraq beynəlxalq aləmdə etiraf etdirmişdik, habelə, iri
layihələr, bəzən ölkədə, bölgədə az rastlanan, yaxud rastlanmayan
layihələrə imza atmış, danılmaz inkişaf faktlarına, iqtisadi
inkişaf dinamikasına yiyələnmişdik.
Əslində, mən keçmiş zamanda danışmaq istəmirəm və sözü tam da bu
nöqtəyə gətirmək fikrindəyəm: baxın, Avropa İttifaqı və NATO üzvü
Yunanıstanın, dünya(nın xammal və sənaye) nəhəngi, böyük ərazili və
nüvəli Rusiyanın, güclü daxili istehsala, böyük işçi qüvvəsinə
malik nüvəli Çinin, neçə başqa güclü dövlətin ötən illərdə
keçirdiyi iqtisadi sarsıntıları "təhlil tərəzisi"nin bir gözünə,
respublikamızda yaşanan iqtisadi böhran təzahürlərini tərəzinin
digər gözünə "qoyaraq", durum dəyərləndirməsi aparsaq, bu gün
(gələcəkdə də) Azərbaycanın ümumdünya iqtisadi təbəddülatlarından
daha az itki və daha yaxşı çıxdığını görəcəyik. Başqa sözlə,
Azərbaycan manatının devalvasiyası (ondan irəli gələn məsələlər)
bizim hökumətin könül xoşluğu ilə atdığı bir addım deyil, ümumdünya
proseslərindən irəli gələn məcburi addımdır.
Bəllidir ki, Qərb dövlətlərinin Rusiya ilə hegemonluq savaşı
neftin qiymətinin demək olar, kritik həddə enməsinə səbəb olub və
bu düşmə prosesi davam etməkdədir. Əsasən neft gəlirləri hesabına
formalaşan dövlət büdcəmiz dünya güclərinin soyuq-isti
qarşıdurmalarının, böyük qlobal oyunların təzahürlərini öz üzərində
hiss etməkdədir.
Onu da qeyd etmədən keçməyək ki, dünyanın hansı bölgəsində böyük
bir olay baş verirsə, bu, hansısa formada başqa bölgələrdə də
təzahür edəcək, başqa ölkələrdə də diqqəti cəlb edəcəkdir: birində
az, birində çox, bir gün tez, bir gün gec... və elə bir ölkə yoxdur
ki, qloballaşmanın mənfi (eləcə də, müsbət) təsirlərindən özünü tam
qoruya, yaxud təcrid edə bilsin... Dünya ilə sıx təmasda olan,
beynəlxalq aləmə öz enerjisini (sözün bütün anlamlarında
enerjisini!) verən Azərbaycan da qlobal üzüntülərdən tam qıraqda
qala bilmir. Doğrudur, indi baş verənləri tam anlamı ilə böhran
sözü ilə ifadə etmək düzgün deyil, ancaq artıq KİV-lərdə izlədiyim
qədəri ilə aydın baxışlı insanlarımız indiki məqamda dövlətin,
eləcə də özəl sektorun əsas işinin, şahidi olduğumuz mövcud
təbəddülatlı prosesin sırf böhrana keçməsinin qarşısını almaq kimi
təsnif edirlər... (və doğru da edirlər.)
***
...Artıq vurğuladığımız kimi, uzun illərdir elan olunmamış
müharibə şəraitində yaşayan, yüz minlərlə qaçqın-köçkün vətəndaşı
olan dövlətimiz növbəti sınaq qarşısındadır. Başqa bir qonşunun
"forpost"u olan işğalçı Ermənistanın atəşkəs rejimini hər gün
pozduğu, Vətən müdafiəsi ilə bağlı operativ tədbirlərin, təxribat
və diversiyaların qarşısının alınmasının, dövlətin təxirəsalınmaz
vəzifəsi statusunu saxladığı bir zamanda xalqımız sosial-iqtisadi
problemlərdən mətanətlə çıxmaq üçün dövlət başçımıza möhkəm
inanmalı, ona dəstək olmalıdır. Xalqın sosial rifahını dünyəvi
iqtisadi sarsıntılar dövründə də mümkün olduğunca daha yaxşı
qorumaq əzmi göstərən prezidentimizin bu əzmini dəyərləndirmək, onu
dəstəkləmək alternativlərin ən yaxşısıdır. "Qərar"ın klassik tərifi
"alternativlərdən ən yaxşısının seçilməsi" olduğu üçün bu gün
vətəndaş cəmiyyəti quruculuğunda iştirak edən hər birimiz qərarlı
olmalı, sözümüz, qələmimiz yetdiyincə həqiqətləri izah
etməliyik.
Cənab Prezidentin son günlər imzaladığı fərman və sərəncamlar,
onun tapşırığı ilə həyata keçirilən işlər, Nazirlər Kabinetinin son
iclasında səsləndirdiyi fikirlər bir daha göstərir ki, dövlət
başçımız xalqına, sadə insanlara, sosial yöndən müdafiəyə ehtiyacı
olan ailələrə nə qədər həssas yanaşır:
"…Pensiyaların və əməkhaqlarının qaldırılması
məsələsinə hökumət baxmalıdır, təkliflər verməlidir. Əlbəttə ki,
dövlət büdcəsinə də düzəlişlər ediləcək, dürüstləşmə aparılacaq.
Orada həm sosial təminat məsələləri və investisiyayönümlü məsələlər
öz həllini tapmalıdır. …Biz bu il bütün sosial proqramları tam icra
edəcəyik. Bu barədə heç kimin şübhəsi olmasın. O cümlədən məcburi
köçkünlərin yaşayış problemlərinin həlli istiqamətində böyük vəsait
nəzərdə tutulur. Ötən il 15 min köçkün yeni evlərə köçüb. 2014-cü
ildə 20 min köçkün yeni evlərə köçüb və bu siyasət davam
etdiriləcək. Dövlət Neft Fondunda bu məqsədlər üçün kifayət qədər
vəsait nəzərdə tutulub".
Hesab edirəm, dövlət başçımızın xalqcanlı mövqeyini, alovlu
vətənpərvərliyini onun son sərəncamlarının mətni və ruhu ilə tanış
olmaqla, onun dediklərinə şərh vermədən, yalnız sitat gətirməklə də
çox aydın şəkildə görmək mümkündür.
…Heç kəsə sirr deyil ki, işinə məsuliyyətsiz yanaşan məmurlar,
"sabotaj" deyə biləcəyimiz əyinti, gizlətmə, süni bahalaşma və s.
bu qəbildən yaramazlıqlar edənlər dövlətin qəzəbinə tuş gəlməkdən,
cəzadan qurtula bilməyəcək! Xalqımızı çörəklə imtahana çəkmək
istəyən möhtəkirlərdən tutmuş digər sahələrdə iqtisadi əxlaqsızlıq
törədənlər, fürsətkarlıq edənlər... onsuz da cəzasız qalmır və
bundan sonra da cəzasız qalmayacaq! El sözü ilə desək, göydə Tanrı,
yerdə dövlət onların cəzasını verir və verəcəkdir!
Vətəndaşlarımız, onları narazı salan, işinin öhdəsindən gələ
bilməyən hansısa məmurun, yaxud etimaddan sui-istifadə edən iş
adamının deyil, şəxsən dövlət başçısının, ali hakimiyyətin
mövqeyini əsas götürməli, öz dövlətinə güvənməli, ajiotaj, panika
dəllallarının, siyasi boşboğazların məsuliyyətsiz, hesab-kitabsız
çağırışlarına uymamalıdır. İndiki dönəmdə səbirli, təmkinli hərəkət
etmək, düşmən dəyirmanına su tökməyə çalışanların çirkin
niyyətlərinə alət olmamaq hər bir vətəndaşın milli, dövləti, insani
borcudur..!
Mən bu yerdə ümummilli liderimizin "Xalq dövlət üçün deyil,
dövlət xalq üçündür!" kəlamını xatırladıb, İlham Əliyev
cənablarının mövcud situasiyada (ümumən dövlət idarəçiliyində) məhz
bu kəlamın gur işığı ilə hərəkət etdiyini qeyd etmək istərdim. Belə
bir qiymətli yanaşma özünə qiymətli də münasibət tələb edir və mən
bir daha vurğulamaq istərdim ki, bu qiyməti hər bir vətəndaşımız,
xüsusən ictimai xadimlərimiz, QHT, KİV rəhbərləri, nüfuzlu
ziyalılarımız verməlidir. Hər bir vətəndaş cəmiyyəti qurucusu, hər
bir vətəndaş prezidentin yanında olmaqla iqtisadi və struktur
islahatlarının davamlılığında, antiböhran tədbirlərinin həyata
keçirilməsində prinsipiallıqla iştirak etməli, sıravi
iştirakçılıqda qalmayıb, dəstək göstərməli, vətən naminə əllərindən
gələni əsirgəməməlidir.
***
Sonda, anti-böhran tədbirləri barədə düşünənlərin diqqətini
dövlət başçımızın Nazirlər Kabinetinin yanvarın 10-da gerçəkləşən
iclasındakı yekun nitqinin "xülasəsi"nə cəlb etmək istərdim –
diqqət etsək, o "anti-böhran resept"inin əsas istiqamətlərinin
artıq göstərildiyini fərq edərik.
- 2016-cı ildə iqtisadi inkişaf templəri təmin edilməlidir.
2015-ci ildə müşahidə olunan mənzərə deməyə əsas vermir ki, 2016-cı
ildə bölgə və dünyadakı iqtisadi böhran başa çatacaq. Odur ki, biz
hamımız daha da səmərəli işləməliyik. Bu isə iqtisadi inkişaf
templərini daxili resurslar hesabına, düşünülmüş siyasət,
islahatlar, o cümlədən struktur islahatları nəticəsində təmin
etməklə mümkündür;
- Xüsusən qeyri-neft sektorunun inkişafı böyük önəm daşıyır;
- Xarici sərmayələr Azərbaycana daha böyük həcmdə cəlb edilməli,
öz iş adamlarımız təşviq edilməlidir;
- Vergi bazası genişləndirilməli, bunun üçün qeyri-formal
iqtisadi fəaliyyət ciddi şəkildə leqal müstəviyə
gətirilməlidir;
- Gömrük rəsmiləşdirilməsi və bütün idxal-ixrac əməliyyatları
tam şəffaf aparılmalıdır. İnhisarçılığa qarşı daha da ciddi
mübarizə aparılmalıdır;
- Dövlət qurumlarının, dövlət şirkətlərinin xərclərinə ciddi
nəzarət olmalı, o şirkətlərdə idarəetmə qaydaları
dəyişdirilməlidir. Korporativ idarəetmə prinsipləri tətbiq
edilməlidir;
- İctimai nəzarət mexanizmləri işə salınmalıdır;
- Biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə
tədbirlər görülməlidir;
- Ölkənin ixrac qabiliyyəti artırılmaıdır. Gələcəkdə neft və
qazdan başqa əsas ixrac məhsullarımız kənd təsərrüfatı
məhsullarıdır. Əsas məsələ ənənəvi bazarlara daha böyük həcmlə
çıxmaq və yeni bazarlara öz məhsullarımızı təqdim etməkdir;
- Dövlət İnvestisiya Proqramında infrastruktur layihələri öz
əksini tapmalıdır. Sənaye istehsalı istiqamətində ciddi iş
aparılmalı, texnoparklar, sənaye klasterləri, bütün regionlarda
sənaye zonaları yaradılmalıdır;
- Bu il daha da çevik, operativ idarəetmə mexanizmi
işlənməlidir;
- İnformasiya-kommunikasiya sektorunun inkişafı istiqamətində
daha da ciddi addımlar atılmalı, bu sektorda da tam şəffaflıq təmin
edilməlidir;
- Turizm sektoru canlandırılmalı, onun inkişafı üçün yerli və
xarici sərmayə cəlb edilməlidir;
- Bu il nəqliyyat dəhlizlərinin daha da səmərəli işləməsi ilə
bağlı çox ciddi addımlar atılmalıdır. Şərq-Qərb və Şimal-Cənub -
bütün yollar Azərbaycandan keçəcək. Bu, bizim siyasi, iqtisadi
maraqlarımızı təmin edəcək;
- Bu il ASAN Xidmət mərkəzlərinin sayı 11-ə çatacaq. Gələcəkdə
ASAN Xidmətdə göstərilən xidmətlərin sayı daha da artmalıdır. Bizdə
harada hələ ki şəffaflıq təmin edilmir, bax o sahələr də ASAN
Xidmətdə öz həllini tapacaq. Ona görə, hökumət bu məsələ ilə bağlı
əlavə təkliflər verməlidir ki, hansı xidmətlər ASAN Xidmətə əlavə
edilə bilər…
Əziz oxucu, bildiyiniz kimi bu il Azərbaycanda multikulturalizm
ilidir. Bu günlərdə Bakıdakı Heydər Məscidində şiə və sünni
dindarlar birgə – vəhdət namazı qıldı... Son illər Azərbaycan
sivilizasiyalar və mədəniyyətlərarası dialoqun inkişafı,
zənginləşməsi işində özünəməxsus rol oynayır. Bax, bütün bu
faktlar bizi ilk növbədə, öz aramızda da dözümlü olmağa, anlayış
göstyərməyə çağırmırmı? Bəs dövlət tərbiyəsi, vətəndaş nəzakəti,
vətəndaşlıq şüuru haçan işləyəcək, öz gücünü göstərəcəkdir?..
İnanırıq ki, ümumilikdə hər birimiz dövlət-xalq birliyi ilə
problemləri danmağı deyil, etiraf etməyi də, onu aradan qaldırmağı
da bacaracağıq! Prezidentimizin Nazirlər Kabinetinin 10 yanvar
tarixli iclasında söylədiyi (ümid və inam dolu sözlərlə) desək:
"2016-cı ildə biz fəal işləməliyik. …Bütün vəzifələr icra
edilməlidir. …Müvafiq qərarlar qəbul ediləcək ki, 2016-cı ili də
biz uğurla başa vuraq".