"Bəlli bir yaş həddinə qədər çalışdıqdan sonra onlar
təqaüdə çıxırlar. Ancaq bir sıra insanlar təqaüdə çıxdıqdan sonra
hələ də işləməyə davam edirlər. Bunlar adətən xidmətçilər,
xadimələr və s. buna bənzər küçə təmizliyində çalışan insanlardır.
Həmin insanların təqaüdə çıxması üçün tələb olunan yaşı aşağı
salmaq lazımdır".
Bu
sözləri "Axar.az"a açıqlamasında millət vəkili
Zahid Oruc sosial mediada paylaşılan və müzakirələrə səbəb olan
"qar təmizləyən yaşlı qadın" fotosunu şərh edərkən dedi. O bildirdi
ki, bu cür ağır işlərə yaşlı insanların cəlb edilməsi heç də
ürəkaçan deyil:
"Ola bilər ki, qanun 70 yaşında yaşlı insanın işləməsinə mane
olmur. Ancaq gərək elə olsun ki, o yaşlı insan orda işləməyə məcbur
olmasın. Heç olmasa, çalışdıqları yerlərdə onların yaşını nəzərə
alıb bir sıra qərarlar vermək olar. Məsələn, fiziki ağır olmayan,
onun sağlamlığını təhdid etməyən, yüngül təmizlik işləri onlara
tapşırıla bilər. Ancaq ağır fiziki işlərin yaşlı insanların görməsi
yolverilməzdir".
Millət vəkili məsələ ilə bağlı başqa təkliflərin də verilməsinin
mümkün olduğunu və o cür təmizlik işlərini nisbətən cavan
insanların görməsinin daha düzgün olduğunu dedi:
"Bununla bağlı pensiya yaşını da aşağı salmaq olar. Bu cür
fiziki işləri daha yüksək maaşla və enerji ilə təhsilsiz və
nisbətən cavan inşalar görə bilər. Sosial mediada paylaşılan foto
ilə bağlı son olaraq onu deyim ki, ümumiyyətlə, o cür ağır işlərin
yaşlı atalarımıza, analarımıza həvalə edilməsinin birmənalı olaraq
əleyhinəyəm".
Millət
vəkili Asim Mollazadə də məsələyə münasibət bildirdi. Deputat
"Axar.az"ın əməkdaşı ilə söhbətində bildirdi ki, bu məsələ ilə
bağlı qanunverici orqan iş görməlidir. Deputat bir sıra təkliflər
də irəli sürdü:
"Əlbəttə, yaşlı qadınların fiziki əməklə məşğul olması heç də
ürəkaçan deyil. Bu məsələnin həlli üçün çalışmaq lazımdır. Əgər
pensiya yaşı çatan insan işləməyə davam edirsə, deməli, bu onun
özünün seçimidir. Bunun üçün pensiyaları artırmaq olar ki, həmin
insanlar qoca yaşlarında işləməsinlər".
Millət vəkili pensiyaların artırılması ilə bərabər pensiya
yaşına dəyişiklik edilməsini də təklif etdi:
"Bu kimi halları nəzərə alıb qadınlar üçün pensiya yaşını aşağı
da salmaq olar. Eyni zamanda sosial istiqamətdə problemlərin
həllinə yönəlik daha çox işlər görülməlidir ki, yaşlı xanımlar
fiziki işlə məşğul olmasınlar".
Məsələ
ilə bağlı əlaqə yaratdığımız millət vəkili Fəzail Ağamalı isə
məsələyə belə reaksiya verdi:
"Mənim işim-gücüm qurtarıb? Oturub hansısa arvadın küçədəki
şəklindən danışacam?"
Xatırladaq ki, dünən axşamdan etibarən feysbuk sosial
şəbəkəsində fotoda gördüyünüz qadının qar təmizləməsini əks etdirən
şəkli ciddi müzakirə edilir.