Azərbaycanlı jurnalist Vüqar
Abbasovun rəhbərlik etdiyi "Konnekt" təşkilatının katibi Vim van
Embden Axar.az-a müsahibə verib:
- Özünüzü Azərbaycan oxucularına necə təqdim
edərsiz?
- Mən, Vim van Embden 1959-cu ildə Niderlandda dünyaya gəlmişəm.
1990-cı ildə ildə Rotterdam şəhərindəki Erasmus Universitetini
hüquq ixtisası üzrə bitirmişəm. Müxtəlif işlərdə çalışmışam.
1995-2009-cu illərdə Kurasavoda yaşamış və 2009-cu ildə yenidən
Niderlanda dönmüşəm. Hazırda Niderland Qaçqınlarla İş üzrə İdarədə
və Niderland Statistika İdarəsində çalışıram. Ailəliyəm, bir
övladım var.
- Nə üçün "Konnekt"ə qatıldınız? Sizi Azərbaycana nə
bağlayır?
- Mən "Konnekt"in yaradıcılarındanam. Artıq bir neçə ildir ki,
Vüqarla ("Konnekt" dəki həmkarı) bir yerdə işləyirdim və onunla
vaxtaşırı Azərbaycanla, xalqınızla bağlı söhbətlər edirdik.
Bilirsiniz ki, indi Avropada və həmçinin Niderlandda çoxsaylı
qaçqınlar var və onların yardıma ehtiyacları var. Biz də qərara
gəldik ki, bir təşkilat yaradaq və o zaman Vüqar təşkilatı həm də
bir diaspor təşkilatı olaraq yaratmağı təklif etdi. Səbəbini də
belə izah etdi ki, bu vasitə ilə həm də öz Ana Vətəninə (biz
niderlandlılar Ata Vətən deyirik - Vim) xidmət etmiş olar. Biz də
öz növbəmizdə buna razılıq verdik və beləcə "Konnekt" yarandı.
- Planlarınız nədir və nə etməyi düşünürsüz? Təbii ki,
bizi Azərbaycanla bağlı planlarınız maraqlandırır.
- Öncə onu qeyd edim ki, təşkilat yeni yaradılmasına baxmayaraq,
artıq bizi yaşadığımız ərazidə çoxları tanıyır. Bir çox görüşlər
keçirmişik ki, onlar barədə hələlik mətbuata məlumat vermək
istəmirik. Son iki ayda yerli mətbuatda təşkilatımızla bağlı bir
neçə yazı gedib, Vüqarın radio ilə 20 dəqiqəlik çıxışı oldu. Bu
yazı və çıxışlardan sonra elektron poçtumuza yetərincə məktublar
daxil oldu və insanlar bizim təşkilatla maraqlanmağa başladılar.
Təbii ki, bu bizi sevindirir. Ancaq deyim ki, biz niderlandlılar,
xüsusən bizim bölgənin insanları bu kimi məsələlərdə tələskənliyə
yol verməyi sevmərik. Bunu mən bir niderlandlı kimi bilir və ona
görə də gələcəkdə sıralarımızın daha da genişlənəcəyinə ümid
edirəm. Bundan başqa, hər halda məlumatınız olar ki, bir müddət
öncə Niderlandda bir tədbir keçirildi və sizin işğalda olan
ərazinizdən, Dağlıq Qarabağdan da bir nəfər ora deputat kimi
qatılmışdı. Həmçinin Niderland parlamentinin bir deputatının adı da
tədbirə qatılanlar sırasında idi. Niderland demokratik bir ölkədir,
ona görə də biz kiməsə nəyisə etməyi qadağan edə bilmərik, təbii
ki, Niderland qanunları çərçivəsində. Ancaq bu demokratiya mənə və
burda yaşayan hər kəsə də öz sözünü demək hüququ verir və mən də öz
hüququmdan istifadə edərək öz adımdan sözügedən tədbirin keçrildiyi
Amsterdam Azad Universitetinə, Niderlanddan olan millət vəkilinə
etiraz məktubları göndərdim. Mən bunu ona görə etdim ki, bu
məsələdə ədalətin sizin tərəfinizdə olmasına inanıram, Vüqar məni
buna inandıra bilib.
Planlara gəlincə onu deyə bilərəm ki, planlarımız genişdir.
Kütləvi tədbirlərə çox üstünlük verməyi düşünmürük, ancaq bu heç də
o anlamda deyil ki, kütləvi tədbirlər təşkil etməyəcəyik. Qeyd
etdiyim kimi, biz niderlandlıların xarakterlərinə uyğun olan
tədbirləri təşkil etməyə və orda Azərbaycan həqiqətlərini
çatdırmağa çalışacağıq. Bir niderlandlı kimi mən bunu necə etməli
olduğumuzu bilirəm. Yerli mətbuat və siyasət adamları ilə işləməyə
çalışacağıq, çünki sizin həmyerliniz və indi həm də mənim həmyerlim
Vüqarın bu işdə təcrübəsi və ən əsası istəyi var. Ola bilər ki,
Niderland dilində bir internet qəzeti də yaradaq. İki ölkənin
arasında iqtisadi əlaqələr yaratmağa çalışacağıq, həm iş, həm də
siyasət adamlarının qarşılıqlı səfərlərini təşkil etməyi düşünürük.
Eyni zamanda Azərbaycanda da tədbirlər təşkil etməyi
planlaşdırırıq...
- Azərbaycanda olmusunuzmu?
- Təəssüf ki, yox. Digər niderlandlı kimi mənim Azərbaycanla
bağlı bilgilərim çox deyildi. Ancaq mən çox istərdim ki, ölkənizə
gəlim, sizləri daha yaxından tanıya bilim. İnanıram ki, orda olsam
və xalqınızı daha yaxından tanısam, bu mənə imkan verər ki,
Azərbaycanı Niderlandda daha yaxşı təqdim edim. Hələlik mənim
məlumatım Vüqarın mənə danışdıqlarından, internet üzərindən
göstərdiyi videolardan və bir də Azərbaycanın Niderlandda fəaliyyət
göstərən səfirliyinin əməkdaşlarının mənə bağışladığı kitabdan
öyrəndiklərimlə məhdudlaşır. Ancaq bir daha qeyd etmək istəyirəm
ki, məmnuniyyətlə ölkənizə gəlmək istəyirəm.