Ötən ilin mayında paytaxtın karaoke klublarından birində
qızları döyən idmançı növbəti dəfə gündəmə gəlib.
Axar.az-a daxil olan məlumatda bildirilir ki, idmançı İsa Əzizov
bu dəfə yanacaqdoldurma məntəqəsinin işçisini döyüb. Məlumatda
hadisənin yanvarın 24-dən 25-nə keçən gecə, saat 04:00-da şəhərin
köhnə "Spartak" meydançası adlanan ərazisində yerləşən "Azpetrol"da
baş verdiyi iddia edilir.
İ.Əzizov 90 HN 999 nömrə nişanlı "Bentli" markalı avtomobildə
yanacaq doldurmaq üçün gəlib. Ondan yanacağın pulu istəniləndə
operatora 100 manat verdiyini deyib və qalıq pulu tələb edib.
Mühafizəçi ona yaxınlaşaraq gözləməsini, pulun həqiqətən işçiyə
verilib-verilmədiyini məntəqə işçisindən dəqiqləşdirib, belə
olarsa, qalıq pulun qaytarılacağını söyləyib. Bu sözdən qəzəblənən
idmançı maşından düşərək mühafizəçiyə hücum çəkib. O, mühafizəçini
təhqir edərək vaxtını almaqda günahlandırıb və mühafizəçini
döyüb.
Ardınca "Prado" markalı avtomobildən üç idmançı da düşərək,
yanacaqdoldurma məntəqəsində işləyənlərlə əlbəyaxa olublar.
Xəbərdə iddia olunur ki, avtomobildə onlarla birlikdə xanımlar
da olub və işçiləri döyməmək üçün yalvarıblar. Gənclər isə onlarla
birgə olan və davanın dayanmasını istəyən qızları da döyərək maşına
oturdublar.
İ.Əzizov ilə dostları ərazidən uzaqlaşdıqdan sonra onlardan biri
hadisə yerində qalıb və üzr istəyib. O, İsanın içkili olduğunu və
dostları ilə mərcləşdiyini söyləyib. Belə ki, İsa qabaqcadan
dostları ilə benzin vurandan sonra pulunu ödəməyəcəyi barədə mərcə
giribmiş. Həmin şəxs işçilərdən xahiş edib ki, baş verən hadisəni
unutsunlar; o vəd edib ki, ertəsi gün bütün xərclər, onlara dəyən
maddi və mənəvi ziyan hamısı ödəniləcək. Bundan sonra o, "Prado"ya
minərək gedib. Mühafizəçi təhlükəsizlik kamerasının yaddaşına
baxdıqdan sonra İsanın işçiyə yanacaq pulunu vermədiyi aydınlaşıb.
Daha sonra hadisə yerinə polis və təcili tibbi yardım gəlib.
İşçilərin və mühafizəçinin xəsarət aldığı qeyd olunur.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Axar.az-a
bildirildi ki, ötən gün gecə saatlarında Tiflis prospekti-32
ünvanında yerləşən yanacaqdoldurma məntələrindən birində əlbəayaq
dava düşüb.
Ərazidə fəaliyyət göstərən "Azpetrol"da müştəri ilə mühafizəçi
arasında mübahisə yaranıb. Hadisəyə yanacaqdoldurma məntəqəsinin
digər əməkdaşlarının müdaxilə etməsi onlardan bir neçəsinin xəsarət
alması ilə nəticələnib. İlkin məlumata görə, insidentə səbəb
mühafizəçinin nəzakətsiz davranması olub. Faktla bağlı araşdırma
aparılır.
Mühafizəçi, 1988-ci il təvəllüdlü Sadiq Bağırovun xəsarətinin
ciddi olmadığı da Bakı şəhər BPİ-nin məlumatında əksini tapıb.
Xatırladaq ki, İ.Əzizovun adı keçən ilin mayında Bakının
"Famous" klubunda prodüsser Diana Babayeva və rəfiqəsi Elvina
Əliyevaya hücum çəkməsi ilə mediada hallanmışdı. İ.Əzizovun onunla
ünsiyyət qurmaqdan imtina edən qızlara qəzəblənərək, E.Əliyevanı
döydüyü, sonra isə "Qalendevagen" markalı maşına qoyaraq aparmaq
istədiyi iddia edilmişdi. İsanın bu avtomobili də 90 HN 999 nömrə
nişanlı olub. O zaman idmançının barəsində xuliqanlıq (221-ci)
maddəsi ilə cinayət işi başlanmışdı.
Azərbaycan Kikboksinq federasiyasının vitse-prezidenti Güloğlan
Cabbarov isə açıqlamasında Əzizovun kikboksçu olmasını təkzib
etmişdi.