ABŞ-ın Yel və Kolumbiya Universitetləri tərəfindən
2016-ci ilin yanvar ayında Beynəlxalq Ekoloji Fəaliyyətin
Nəticələrinin İndeksi (Environmental Performance İndex)
hazırlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a verilən
məlumata görə, sənəddə 180 ölkə arasında 2 sahə (insan
sağlamlığının qorunması və ekosistemlərin mühafizəsi) və 9
istiqamət üzrə qiymətləndirmə aparılıb.
Qiymətləndirmə nəticələrinə əsasən ABŞ-ın Yel və Kolumbiya
Universitetləri mövcud ekoloji vəziyyətə görə Azərbaycanı dünya
ölkələri arasında 100 ballıq qiymətləndirmə sistemi üzrə 83.78
balla 31-ci yerə qoyub. Bununla da reytinq sıralanmasına görə
Azərbaycan Yaponiya, Belçika, Hollandiya, İsrail kimi dünyanın bir
sıra qabaqcıl və inkişaf etmiş ölkələrindən ön mövqe tutmuş olub.
Digər diqqətçəkən məqam odur ki, qiymətləndirmədə qonşu Gürcüstanla
Azərbaycan arasında 20 bal fərq olduğu halda, Azərbaycanla 1-ci
yerdə olan Finlandiya arasında cəmi 7 bal fərq var.
Eyni zamanda, regional səviyyədə aparılmış qiymətləndirmənin
nəticələrinə əsasən Yel və Kolumbiya Universitetləri Azərbaycanı
Şərqi Avropa və Mərkəzi Asiya Regionu üzrə 2-ci yerə çıxarıb
(Cədvəl 2). Bu sıralamada Azərbaycan Türkiyə, Rusiya, Ukrayna,
Qazaxstan, Belarus kimi ölkələrdən qabaqdadır. MDB ölkələri
arasında isə 1-cidir.
Əldə edilən bu yüksək göstərici, ölkədə ətraf mühit sahəsində
son illərdə baş verən müsbət dəyişikliklərin çox qısa müddətdə
sürətlə və ciddi şəkildə aparılmasına dəlalət edir. Yəni ənənəvi
olaraq inkişaf etmiş ölkələrdə ekoloji vəziyyətin
sağlamlaşdırılması uzun illər ərzində müəyyən bir bazanın yaranması
nəticəsində əldə edilib və bu ölkələrdə baş verən dəyişikliklərin
son illərdə o qədər də gözə çarpan olmaması fonunda Azərbaycanda
qısa zamanda bu sahədə aparılan islahatlar və uğurlu fəaliyyətin
sürəti baza səviyyəsinə nisbətdə köklü dəyişikliklərə səbəb olub və
ABŞ universitetləri tərəfindən obyektiv qiymətləndirilib.
Sənədə əsasən Azərbaycan İqlim və Enerji istiqamətinə görə
sıralamada 100 ballıq sistem üzrə 97.94 balla qiymətləndirilərək
bütün ölkələr arasında 2-ci, həmin bölmənin Karbon İntensivliyi
göstəricisi üzrə isə 100 balla 1-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının istilik effekti yaradan qazların tullantılarının
azaldılması üzrə kəmiyyət öhdəliyi götürməyən tərəf olsa da, son
illər ölkədə iqtisadiyyatın 3 dəfədən çox böyüməsinə baxmayaraq
tullantıların azaldılması istiqamətində həyata keçirilən konkret
tədbirlər hesabına həmin tullantıların 1990-cı ilin baza
səviyyəsindəki 73 milyon tondan 51 milyon tona qədər endirilməsinə
nail olub. Belə ki, 1990-2000-ci illərdə Azərbaycanda istilik
effekti yaradan qaz tullantılarının azaldılması əsasən Sovet
iqtisadiyyatının dağılması səbəbindən iqtisadi tənəzzüllə bağlı
idisə, 2000-ci ildən sonrakı dövrdə ölkə üzrə ÜDM-in və sənaye
istehsalının dəfələrlə artmasına, minlərlə yeni müəssisələrin
yaradılmasına baxmayaraq, tullantıların miqdarı azalmış və karbon
intensivliyi göstəricisi aşağı düşmüşdür ki, bu da ölkədə bu
istiqamətdə həyata keçirilən məqsədyönlü fəaliyyətlərlə, xüsusilə
də yeni texnologiyalardan istifadə və yeni meşəsalma tədbirləri
nəticəsində karbon udulması prosesləri ilə bağlıdır.
Daha bir uğurlu göstərici isə odur ki, Beynəlxalq Ekoloji
Fəaliyyətin Nəticələrinin İndeksində meşələrlə bağlı istiqamətdə
qiymətləndirmə üzrə Azərbaycan 180 ölkə arasında 5-ci yeri tutub.
Bu yüksək göstəricinin əldə edilməsinin səbəbi yeni meşə əkinləri
nəticəsində meşə ilə örtülü ərazilərin sahəsinin artırılaraq 11,8
faizə çatdırılması, sənaye qırıntılarının qadağan olunması,
meşələrin mühafizəsi tədbirlərinin gücləndirilməsi, o cümlədən
qanunsuz ağac kəsmə hallarının qarşısının alınması, regionların
qazlaşdırılması, KİV və QHT-lərlə birgə ictimaiyyət arasında
aparılmış təbliğat hesabına qırıntı hallarının ilbəil azalması
olub.
Ümumilikdə bu günə kimi ekologiya sahəsində qiymətləndirmə
aparan beynəlxalq reytinq agentlikləri və anonim müəlliflərin
qiymətləndirmə nəticələri ilə müqayisədə, ABŞ-ın tanınmış Yel və
Kolumbiya Universitetləri tərəfindən hazırlanmış bu Ekoloji
İndeksdə Azərbaycanın sıralamada yüksək yer tutması, ölkədə ətraf
mühitin sağlamlaşdırılması istiqamətində həyata keçirilən
tədbirlərin obyektiv qiymətləndirilməsinin aydın təzahürüdür.