Avropa İnsan Hüquqları Məhkəməsinə 2013-cü ildə
Azərbaycan dövlətinə qarşı 325 şikayət daxil olub.
Bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev AzərTAc-a müsahibəsində
deyib.
Ali Məhkəmə sədrinin sözlərinə görə, 2000-ci illərdə Avropa
İnsan Hüquqları Məhkəməsinin iş yükü kəskin dərəcədə artıb.
Buna səbəb keçmiş sovet blokuna daxil olan ölkələrin Avropa
Şurasına üzv qəbul olunması və nəticə etibarilə Məhkəmənin
yurisdiksiyasının genişlənməsidir. Əgər 1959-1998-ci illərdə, yəni
30 il ərzində Məhkəmə mahiyyəti üzrə cəmi 837 qərar çıxarmışdısa,
təkcə 2009-cu ildə bu rəqəm 1625-ə yüksəlib.
Digər statistik göstəriciyə nəzər yetirsək, 2009-cu ildə Məhkəmə
baxdığı 35 460 işdən 2393-nə mahiyyəti üzrə baxaraq 1 625 qərar
çıxarmışdısa, 2013-cü ildə baxdığı 93 396 işdən 3 659-na mahiyyəti
üzrə baxaraq 916 qərar çıxarıb. Bu da son illər aparılan Məhkəmənin
iş yükünün azalmasına və qərarların keyfiyyətinin yüksəlməsinə
yönələn islahatların nəticəsi olaraq mümkün olub. Bu islahatların
əsasını şikayətlərin qəbul olunub-olunmamasına dair ilkin mərhələdə
baxılma prosedurunun sadələşdirilməsi və eyni hüquqi məsələlərə
toxunan bəzi şikayətlərin qruplaşdırılmış şəkildə baxılması təşkil
edir.
O, qeyd edib ki, bu ildən etibarən Ali Məhkəmənin hakimləri və
bu sahədə ekspertlər tərəfindən mütəmadi olaraq apellyasiya və
birinci instansiya məhkəmələri hakimlərinə Avropa İnsan Hüquqları
Məhkəməsinin presedent hüququnun öyrənilməsinə dair müvafiq
mövzular üzrə məşğələlərin keçirilməsi nəzərdə tutulur.
Ali Məhkəmənin sədrinin sözlərinə görə, hazırda Strasburq
Məhkəməsində təqribən 100 minə yaxın iş icraatdadır:
"Bu şikayətlərin yarısından çoxu cəmi 4 ölkənin payına düşür:
Rusiya, İtaliya, Ukrayna və Serbiya. Məhkəmənin 2013-cü ilə olan
rəsmi statistik məlumatlarına nəzər yetirsək, görərik ki, Avropada
dövlətlər var ki, onlar tərəfindən 119, 118, 83, 65 qərarda Avropa
İnsan Hüquqları Məhkəməsi tərəfindən pozuntu aşkar olunub.
Əhalisi ölkəmizin əhalisinin sayı ilə təqribən eyni olan Avropa
dövlətləri ilə müqayisə etsək, belə dövlətlərə qarşı 2013-cü ildə 5
061, 1 209, 990, 726 şikayət daxil olan halda, Azərbaycan dövlətinə
qarşı cəmi 325 şikayət daxil olub. Belə ki, bu işlərə baxılan zaman
yuxarıda qeyd olunan müxtəlif dövlətlər tərəfindən keçən il 40, 32,
25, 22 qərarda Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən
Konvensiyanın ayrı-ayrı müddəalarının pozuntusu aşkar olunub".
R.Rzayev bildirib ki, Azərbaycan dövləti tərəfindən cəmi 8
qərarda pozuntu müəyyən edilib. Ümumiyyətlə, çıxarılmış 8 qərardan
altısında Konvensiyanın 3-cü, 6-cı maddələri, 1 saylı Protokolunun
1-ci maddəsi və digər maddələri ilə pozuntu aşkar olunub. Bu
qərarların ikisində pozuntu məhkəmə qərarlarının icra
olunmamasından ibarət olub.
O, həmçinin əlavə edib ki, 2012-ci illə müqayisədə daha az
pozuntu qeydə alınıb:
"Təbii ki, biz bununla arxayınlaşmamalıyıq ki, 2013-cü ildə
göstəricimiz nəzərəçarpaçaq dərəcədə yaxşılaşıb və mütəmadi olaraq
qanunlarımızı və məhkəmə təcrübəmizi təkmilləşdirərək Avropa İnsan
Hüquqları Məhkəməsinin presedent hüququna uyğunlaşdırmalıyıq. Ali
məqsədimiz qanunun aliliyini, insanların və vətəndaşlarımızın hüquq
və azadlıqlarının məhkəmə qaydasında daha da səmərəli müdafiə
olunmasını təmin etməkdir".