İmtahan götürmə
səlahiyyətinin TQDK-dan alınması düzgün deyil.
Bu barədə Axar.az-a test imtahanının ləğv edilməsi barədə
səslənən fikirləri şərh edən təhsil üzrə ekspert Kamran Əsədov
deyib. Dünya praktikasında qəbul prosesinin həyata keçirilməsinin
kifayət qədər üsullarının olduğunu deyən ekspert Azərbaycanda buna
inanılmamasını təəssüflə qeyd edib:
"Test bilik göstəricisi deyil, seçim üsuludur. Yəni sənəd vermiş
şəxslər arasında bu və ya digər göstəricilərə malik olan şəxslərin
seçilməsidir. Bu üsulun şəffaflığı da göz qabağındadır. Hesab
edirəm ki, testin forması dəyişməlidir. Dünya praktikasında qəbul
prosesinin həyata keçirilməsinin kifayət qədər üsulları var.
Təsəvvür edin, dünyanın ən aparıcı ali məktəbləri Azərbaycan kimi
ölkələrdən öz universitetlərinin şərtlərinə görə imtahanları qəbul
edir və inanırlar. Ancaq təəssüf ki, bizdə belə deyil. Məncə,
qruplar üzrə seçim etmək yanlışdır. Bu, ixtisaslar üzrə olmalıdır.
Birinci mərhələdə hər kəs iştirak etməli, ümumi biliklər
yoxlanılmalı, ikincidə isə sahə üzrə imtahan keçirilməlidir.
Əslində, test üsulunun TQDK tərəfindən aparılmasının heç bir yanlış
tərəfi yoxdur. Azərbaycan təhsili üçün hazırda bu formanın ləğvi
uğurlu nəticəyə gətirib çıxarmayacaq. Praktikada var ki, imtahanlar
TQDK tərəfindən keçirilsin, seçim isə təhsil müəssisələrinin
ixtiyarına verilsin".
K.Əsədov test üsulunun ləğv olunmasının hələ ki, təklif
formasında olduğunu bildirib:
"Hazırkı sistem sayəsində kasıb, ucqar dağ kəndlərində oxuyan
şəxslər belə obyektiv şərtlərlə ali təhsil ala bilirlər. Testin
ləğvi heç bir yenilik gətirməyəcək. TQDK-nın ləğv edilməsi düzgün
deyil, çünki digər qurumlarla müqayisədə burada neqativ hallar yox
dərəcəsindədir. İmtahan götürmə səlahiyyətinin qəbul
komissiyasından alınmasına hazırda qanunvericilik də imkan vermir.
Bu, yaxın 3 il ərzində mümkün deyil".
Ekspert sözügedən yeniliyin yol aça biləcəyi problemlərdən də
danışıb:
"Öz biznes layihələrini dövlətə nəzərən həyata keçirən kurslar
və bir çox təhsil müəssisələri bundan ziyan görə bilərlər. Hazırda
məsələ yüksək səviyyədə gündəmdə olsa da, testin ləğvi inandırıcı
deyil. Bu üsulun redaktəyə ehtiyacı var. Yəni açıq test modelinə
keçilməli, imtahan bir neçə mərhələdən ibarət olmalı, təhsil
müəssisələrinə seçimlə bağlı şans verilməlidir. Hesab edirəm ki, bu
sahədə inqilabi dəyişikliyə deyil, kifayət qədər ciddi təcrübəsi
olan şəxslərin cəlb edilməsi ilə bəzi düzəlişlərə ehtiyac var".
Qeyd edək ki, son günlərdə test üsulunun ləğvi və yaxud qəbul
qaydalarında dəyişiklik məsələsi gündəmdədir. Bir müddət öncə
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə
Abbaszadə test üsulunun ləğvi ilə bağlı fikirlər səsləndirib.
Əvəzində qəbul üçün orta məktəblərin buraxılış imtahanlarının
nəticələrinin əsas götürüləcəyini vurğulayıb.
Gələcəkdə bu formanın dəyişə biləcəyi ilə bağlı açıqlama verən
Təhsil naziri Mikayıl Cabbarov isə hazırda qiymətləndirmə
standartları adlandırılan yeni layihə üzərində işlərin aparıldığını
bildirib.