Ermənistan həbsxanasında 8 gün qalan qarabağlı Dürdanə
Ağayevanın danışdıqlarının yer aldığı "Erməni zindanında səkkiz
gün" kitabı Türkiyədə işıq üzü görüb.
Publika.az xəbər verir ki, Humanitar Yardım
Vəqfi (İHH) tərəfindən nəşr olunan kitabda D. Ağayevanın gözü ilə
Xocalıda 613 nəfərin öldürülməsi ilə nəticələnən soyqırım
hadisələri yer alır.
Kitabdan kiçik bir hissəni təqdim edirik:
"1992-ci il fevralın 25-də bütün silahlar sakitləşdi, ətrafı
səssizlik bürümüşdü. Hər kəs evində idi. Qaranlıqda atılan top
mərmiləri ulduzlar kimi üzərimizə gəlirdi. Daha sonra hamımız
sığınacaqlara düşdük. Bir-iki saata qədər orada qaldıq. Qapı
döyüldü. Gələn adam bizə "Dayanmayın, çıxın buradan, ermənilər hava
limanını ələ keçirdi" deyə bildirdi. Üç, dörd ailə birlikdə yola
çıxdıq. Sonra bizə dedikləri yerdə, Xocalının kənarında axan Qarqar
çayından keçən körpünün altına gözləməyə başladıq. Hava artıq
qaralmağa başlamışdı. Güllə ayağıma dəyib yaralamışdı. Huşumu
itirdim. Özümə gələndə ağappaq qarın qandan qırmızı rəngə
boyandığını gördüm. Hər yerdə ölülər var idi. O vaxta qədər
ermənilərin əlinə düşmək, yaxud ölmək ağlıma gəlməmişdi. Yerdə
sürünərək irəlilədim. Sağ tərəfimdə qucağında uşaq tutmuş bir qadın
var idi. Birdən yenə atəş səsləri gəldi, o anda ayağa qalxan qadın
düz üzündən vuruldu. Başının yarısı dağılmışdı. Balaca uşaq ana
deyə qışqırmağa başladı, ermənilər uşağı da güllələdi. Ana-balanın
qanı bir-birinə qarışdı.
Mən irəliləməyə davam etdim. Arxa tərəfimdə bir ər-arvad
gəlirdi. Qadın 6-7 aylıq hamilə idi, buna görə də sürətlə yeriyə
bilmirdi. Sonra ermənilər o hamilə qadını da öldürdü. Əri hamilə
arvadının vurulduğunu görəndə dəli kimi gülməyə başladı, sonra da
hönkür-hönkür ağladı. Mən yerimdən tərpənmirdim. Təxminən 10-15
dəqiqə sonra sürünməyə başladım və qardaşımı gördüm. Niyə
dayandığını soruşanda, yaralı olduğu üçün yeriyə bilmədiyini dedi.
Ayaqları da donmuşdu. Onu görəndə öz yaramı unutdum. Arxadan səs
gəldi, kimsə Azərbaycan dilində "dayanın" dedi. Orada yaşayan
ermənilər Azərbaycan dilini yaxşı bilirdilər. Silahlı, üzləri
maskalı dörd erməni gəlmişdi. "Sizə heç nə etməyəcəyik, bizimlə
gəlin" dedilər. Biz də həm yaralı, həm də çarəsiz olduğumuz üçün
onlarla getməyə məcbur olduq. Silahımız da yox idi ki, düşmən əlinə
düşmədən özümüzü vuraq. Onda beş yaşlı uşaqla birlikdə beş nəfər
idik. Dörd-beş kilometr piyada getdik. Əsgəran şəhərinə girəndə
erməni qadınlar bizi söyməyə, daş atmağa başladılar. Bizi hərbi
qərargaha apardılar. Orada Xocalıdan olan çoxlu uşaq, qadın, gənc
qızlar var idi. Sonradan öyrəndim ki, meşənin içi ilə qaçan Xocalı
sakinləri erməni kəndlərində kişilərin əlinə keçiblər. Pulları,
qızılları, bir sözlə hər şeylərini onlara verib xilas olublar. Amma
bizim qaldığımız yer qorxulu idi, bütün erməni əsgərləri orda idi.
Bəlkə də 80-90 kişi, 50-60 qadın var idi. Kişiləri və qadınları
ayrı yerlərdə saxlayırdılar. Qadınları saxladıqları yerdə şüşəsi
olmayan pəncərə var idi. Yer tamamilə beton idi və topuğumuza qədər
su doldurmuşdular. Ayaq üstündə dayanmağımıza imkan vermirdilər.
Məcbur edirdilər ki, buz kimi suyun içində oturaq..."