Azərbaycan Respublikasının əhalisinin sayı ötən il 120,6
min nəfər və yaxud 1,3 faiz artaraq 2014-cü ilin əvvəlinə 9477,1
min nəfər olub.
Dövlət Statistika Komitəsindən "Axar.az"a
verilən məlumata görə, 2013-cü ildə əhalinin sayının ümumi artımı
əsasən təbii artım hesabına baş verib. Bununla yanaşı, miqrasiya
artımı da müşahidə olunub və bu amil əhalinin ümumi artımının 1,8
faizini təşkil edib.
Ölkə üzrə əhalinin sıxlığı bir kvadrat kilometrə 109 nəfər
təşkil edir. Əhalinin ümumi sayından 53,2 faizi şəhər, 46,8 faizi
kənd sakinlərinin, 49,7 faizi kişilərin, 50,3 faizi isə qadınların
payına düşür və hər 1000 kişiyə 1012 qadın düşür.
Ötən il Azərbaycanda doğulanların sayı ölənlərin sayından 118,3
min nəfər çox olub. Belə ki, 2013-cü ildə ölkədə 172,6 min körpə
doğulub, əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 18,6
təşkil edib. Doğulanların 53,6 faizini oğlanlar, 46,4 faizini
qızlar təşkil edir. Körpələrin 2270-i əkiz, 42-si isə üçəm
doğulub.
Ölkə əhalisinin təkrar istehsalı təmin olunaraq, uşaq doğma
qabiliyyətinə malik qadınların bütün ömür boyu hər birinə orta
hesabla 2,2 doğulmuş uşaq düşür.
Ötən il ərzində ölkədə ölənlərin sayı əhalinin hər 1000 nəfərinə
hesabı ilə 2012-ci il ilə müqayisədə 6,0-dan 5,8-ə qədər
azalıb.
2013-cü il ərzində ölkədə 86,9 min nikah və 11,7 min boşanma
halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə əvvəlki
ilə nisbətən nikahların sayı 8,6-dan 9,3-ə qədər, boşanmaların sayı
isə 1,2-dən 1,3-ə qədər artıb.
Ölkədə gənclərin problemlərinin həllinə yönəldilmiş dövlət
siyasətinin uğurla həyata keçirilməsi, yeni iş yerlərinin açılması
və gənclərin iqtisadiyyata daha çox cəlb olunması ilə əlaqədar
əvvəllər Azərbaycandan xaricə qazanc üçün getmiş gənclər Vətənə
qayıdırlar. 2013-cü ildə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya
Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq
üçün 3,1 min nəfər gələn və 0,8 min nəfər ölkədən gedən qeydə
alınıb. 2012-ci illə müqayisədə 2013-cü ildə Azərbaycana daimi
yaşamaq üçün gələnlərin sayı 957 nəfər və ya 44,1 faiz artıb.