14:21
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə
əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov ilə "Bakı"
futbol klubunun prezidenti, "Baglan Group FZCO"-nun prezidenti,
2016-cı il yanvarın 18-də lisensiyası ləğv edilən "Bank of
Azerbaijan" ASC-nin sahibi Hafiz Məmmədov arasında olan ziddiyətlər
daha da kəskinləşib.
Ölkə.az-ın
məlumata görə, bir neçə gün bundan öncə Bakı şəhəri, H.Əliyev
küçəsi 24 ünvanında Vaqif Əsədov idarə etdiyi BMV markalı 90 YP 333
nömrə nişanlı xidməti avtomobili ilə iş adamı Hafiz Məmmədovun
içərisində olduğu "Mersedes-Benz Vita" markalı avtomobilin
qarşısını kəsib.
Hadisə Hafiz Məmmədov həmin ünvandakı "Bank of Azerbaijan"
ofisinə işə gələn zaman baş verib.
Bu hadisə baş verən zaman ətrafda xeyli sayda şahid insanlar da
olub, hətta onlardan bəziləri hadisəni telefonlarına da çəkməyə
nail olublar.
Vaqif Əsədov Hafiz Məmmədovun avtomobilinin qarşısını kəsəndən
sonra iş adamı onunla görüşməyə razılıq verib və söhbətin ikilikdə
aparılmasını təklif edib. Ancaq Vaqif Əsədov bu cür təkliflərin
növbəti vaxt uzatması olduğunu söyləyərək, vaxtilə "Bank of
Azerbaijan"a qoyduğu əmanətlərin təcili şəkildə ona qaytarılmasını
israrla tələb edib.
Hafka Vaqif Əsədovu əmin edib ki, onun qoyduğu pul əmanətləri
batmayacaq, gec-tez ona qaytarılacaq.
İş adamının bu vədləri Vaqif Əsədovu qane etməyib. Bu zaman
V.Əsədovla Hafka arasında gedən dialoq daha da kəskinləşib.
Vəziyyət o həddə çatıb ki, işə Hafiz Məmmədovun mühafizəçiləri
qarışmalı olub.
Mühafizəçilər Vaqif Əsədov və digər polislərə qarşı kobud
davranaraq, onları Haviz Məmmədovun olduğu avtomobil ətrafından
kənarlaşdırıblar.
Hadisə şahidləri deyib ki, Vaqif Əsədov demək olar ki, hər gün
keçmiş İnqilab küçəsində (İndiki adı Həsən Əliyev küçəsi gedir)
yerləşən lisenziyası ləğv olunan "Bank of Azerbaijan"ın ofisinə baş
çəkir, banka qoyduğu vəsaitlərin aqibəti ilə maraqlanır.
***
Polkovnik Vaqif Əsədov isə Musavat.com-a
deyib ki, belə bir hadisə baş verməyib:
"Qanunu bilirəm və qanunun tələbləri üzrə hərəkət etməyə
üstünlük verirəm. Mübarizə aparıramsa, bunu sivil yolla edərəm. Ən
əsası isə qazandığım pulu xərcləyərəm də, onu banka niyə qoyuram
ki! Bu yazılanlar cəfəngiyyatdır. Heç Hafiz Məmmədovla üzbəüz
gəlsəm, onu tanımaram. Hesab edirəm ki, bu cür xəbərlərin
yayılmasında məqsəd qalmaqal yaratmaq istəyi ilə oxucular arasında
çaşqınlıq yaratmaqdır. Görünür, informasiya qıtlığı, yaxud da
kiminsə yol polisi ilə bağlı problemi olduğu üçün belə bir yalan
informasiyanı yayıb. Yəqin ki, bunu yayanlar hansısa məsələ ilə
bağlı mənim zəngimi gözləyirlər. Bunu belə başa düşürəm. Hər halda
xalqımızın müdrikliyinə, cəmiyyətimizin savadlı olmasına,
oxucularımızın hər şeyə düzgün qiymət vermələrinə inanıram.
İnanıram ki, yazılanların cəfəngiyyat olduğunu hər kəs anlayır.
Mənim fəaliyyətimə kölgə salaraq, bu cür məlumatları yayanlar, ən
azı bir telefon açıb, mövqeyimi ala bilərdilər. Bütün günü
telefonum yanımdadır. Məgər məni tapmaq çətindir?"
V.Əsədov bildirib ki, söhbət dünəndən gedirsə, gün ərzində
harada olduğunu da deyə bilər:
"Yazırlar ki, guya Hafiz Məmmədovun maşınını saxlamışam. Heç mən
bilmirəm ki, Hafiz Məmmədovun maşınının markası nədir. İkincisi də
əgər söhbət saxlanmalı olan nəqliyyat vasitəsindən gedirsə,
göstəriş verərəm, saxlayarlar da... Niyə bunu özüm edirəm? Yəni
bunları detallı şəkildə deyirəm ki, yazılanların cəfəngiyyat olması
aydın olsun. Hafiz Məmmədovun da adını eşitmişəm ki, belə bir iş
adamı var və yaxşı insandır. Allah canını sağ eləsin. Yenə deyirəm
ki, heç biz üz-üzə gələrsək, bir-birimizi tanımarıq. Pula gəlincə
isə bildirirəm ki, elə bir pul olarsa, xərcləməyə yer taparam. O
qədər problemlərimiz var ki! Niyə banka qoyum, axı! İstirahət günü
olsa da, hazırda tədbirdə olsam da, sizin zənginizi necə
cavablandırdımsa, bunu yazanlar da mənə zəng edib, məlumat ala
bilərdilər. Çox təəssüf ki, bunu etməyiblər. Yayılan məlumatlar tam
əsassız və yalandır".