Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın
təşəbbüsü ilə fəaliyyət göstərən İDEA - Ətraf Mühitin Mühafizəsi
üzrə Beynəlxalq Dialoq Kampaniyası çərçivəsində fevralın 17-də
Maltanın paytaxtı Valettada, Prezident sarayında "Yer kürəsi
uşaqların gözü ilə" devizi altında sərgi açılıb.
"Axar.az" AzərTAc-a istinadən xəbər verir ki, tədbirdə Heydər
Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin rəhbəri
Leyla Əliyeva, Maltanın Prezidenti Corc Abela, Baş naziri Cozef
Muskatın xanımı Mişel Muskat, təhsil naziri Evarist Bartolo, bu
ölkənin dövlət və hökumət rəsmiləri, ətraf mühitlə bağlı bir sıra
qurumların rəhbərləri, ali təhsil ocaqlarının təmsilçiləri, habelə
Azərbaycanın İtaliyada və Maltadakı səfiri Vaqif Sadıqov və
başqaları iştirak edib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin
rəhbəri Leyla Əliyevanın təşəbbüsü, dünya şöhrətli fotoqraf Reza
Deqatinin dəstəyi ilə 2012-ci ildə baş tutan "Yer kürəsi uşaqların
gözü ilə" adlı beynəlxalq uşaq müsabiqəsi sosial və ətraf mühit
mövzusunda şəkillərin dili ilə uşaqları məlumatlandıran ilk
beynəlxalq layihə hesab olunur.
Həmin ilin sentyabrında elan olunmuş, "Mən təbiəti sevirəm" və
"Mən çirklənmədən qorxuram" devizləri altında keçirilən müsabiqədə
dünyanın 90 ölkəsindən 1200-dən çox uşaq və gənc iştirak edib.
Beynəlxalq fotomüsabiqəyə 4 mindən çox fotoşəkil təqdim
edilib.
Müsabiqənin qalibləri Reza Deqatinin sədrlik etdiyi, "Reuters",
"Polka" jurnalı, "National Geographic", "Associated Press" və foto
sahəsində tanınmış digər qurumların nümayəndələrindən ibarət
münsiflər heyəti tərəfindən müəyyən edilib.
Müsabiqənin nəticələrinin elan olunması məqsədilə 2013-cü ilin
mayında Bakıda "Yer kürəsi uşaqların gözü ilə" festivalı
keçirilib.
Valettada təşkil olunan sərgidə məhz həmin müsabiqədə seçilmiş
100 ən yaxşı şəkil nümayiş olunur.
"Yer kürəsi uşaqların gözü ilə" sərgisinin təşkilatçıları İDEA
İctimai Birliyi və tanınmış fotoqraf Reza Deqatinin təsis etdiyi
AİNA Dünya qeyri-hökumət təşkilatıdır. 2012-ci ilin oktyabrında
Moskvada keçirilmiş sərginin bu yaxınlarda İsveçrənin Cenevrə
şəhərində də təşkili planlaşdırılır.
Əvvəlcə "Yer kürəsi uşaqların gözü ilə" layihəsinin nümayəndəsi,
Maltanın məşhur fotoqrafı Çarls Mifsud tədbir iştirakçılarını
salamlamış və sərginin əhəmiyyətindən danışmışdır. Qeyd etmişdir
ki, bu təkcə fotosərgi deyil, eyni zamanda, dünyanın müxtəlif
ölkələrindən gələn uşaqların ətraf mühitə baxış tərzidir.
Azərbaycanın heyranedici ölkə olduğunu deyən Çarls Mifsud
ədəbiyyatımızın, tarixi abidələrimizin onu məst etdiyini diqqətə
çatdırıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin
rəhbəri Leyla xanım Əliyeva sərginin əhəmiyyətindən danışaraq
deyib:
- İlk öncə, özünəməxsus tarixə malik bu gözəl ölkədə olmaqdan
məmnunluğumu bildirmək istərdim. Bu gün biz buraya İDEA - Ətraf
Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası və dünyanın
aparıcı fotoqraflarından biri olan Reza Deqati tərəfindən əsası
qoyulan "Yer kürəsi uşaqların gözü ilə" devizi altında həyata
keçirilən beynəlxalq layihəni təqdim etmək üçün toplaşmışıq. Sərgi
90-dan çox ölkədən minlərlə uşağa öz istedadlarını nümayiş
etdirməyə və ətraf mühitə, təbiətə olan maraqlarını göstərməyə
imkan yaradır. Nümayiş olunan şəkillərin fərqli cəhəti ondan
ibarətdir ki, onlar təkcə təbiətin gözəlliklərini deyil, eyni
zamanda, planetimizin üzləşdiyi təhlükə və dağıntıları əks etdirir.
Bu, uşaqların yer kürəsində baş verənləri anlaması və hiss etməsi
üçün yaxşı təcrübədir.
Sərgi bir daha göstərir ki, dünyanın müxtəlif bölgələrindən olan
insanlar planetimizi qorumaq məqsədilə bir araya gəlir.
Azərbaycan çox zəngin biomüxtəlifliyə malikdir. Ölkəmizdə ətraf
mühitə dair əsaslı proqram mövcuddur. Proqrama uyğun olaraq ətraf
mühitə dair bir çox təşəbbüslər həyata keçirilmiş, mühüm
nailiyyətlər əldə edilmişdir. Bu gün Azərbaycan qonşu dövlətlər
arasında dialoqun qurulmasında bilavasitə iştirak edən və bu işə
töhfə verən ölkədir.
Fəxrlə deyə bilərəm ki, Azərbaycan bu gün ətraf mühit üzrə
təşəbbüslərin həyata keçirilməsi istiqamətində regionda liderdir.
Çox şadam ki, İDEA İctimai Birliyi bu təşəbbüslərə öz töhfəsini
verməkdədir.
Ümid edirəm ki, sərgi planetimizin qorunmasında iştirak etmək
istəyən insanların sayını artıracaq.
Azərbaycan coğrafi baxımdan Maltadan uzaqda yerləşməsinə,
baxmayaraq ölkələrimiz arasında qarşılıqlı hörmət, anlaşma və inama
əsaslanan yaxşı əlaqələr mövcuddur. Tarixən hər iki ölkə Avropa ilə
dünyanın digər bölgələri arasında körpü rolunu oynayıb.
Reza Deqati vurğulayıb ki, sərgidə bir çox ölkələri təmsil edən
və birgə çalışdığı uşaqların işləri nümayiş olunur. Bu şəkillər
vasitəsilə biz yaşadığımız dünyaya bir daha nəzər yetirmiş
oluruq.
Qeyd edilib ki, İDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın
belə bir təşəbbüsü irəli sürməsinin məqsədi gələcək nəsilləri ətraf
mühitlə bağlı məlumatlandırmaqdır. Məhz, uşaqların gözü ilə ətraf
mühitlə bağlı problemlərin nə dərəcədə önəmli olduğunu nümayiş
etdirmək çox gözəl ideyadır.
Bakı ilə Maltanın şəhərlərini biri-birinə bənzədən Reza Deqati
diqqətə çatdırmışdır ki, sərgi iki ölkəni daha da
yaxınlaşdırır.
Tədbirin əhəmiyyətindən danışan Vaqif Sadıqov vurğulayıb ki,
belə bir sərginin keçirilməsi müxtəlif qitələri təmsil edən
uşaqların planetimizi necə gördüyünü öyrənmək baxımından olduqca
vacibdir. Sərgi ilə tanışlıq zamanı uşaqların onları əhatə edən
dünyanı, təbiəti necə təsəvvür etdiklərini, planetimizi daha gözəl
bir məkana çevirmək üçün balacaların hansı xəyalları qurduqlarını
görmək mümkündür.
Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA İctimai Birliyinin
müvafiq istiqamətdə gördüyü işlərə toxunan səfir, qurumun dünyanın
müxtəlif ölkələrində bu cür sərgilər təşkil etdiyini diqqətə
çatdırmışdır. Qeyd etmişdir ki, bu cür tədbirlər təbiəti qorumaq
üçün səfərbər olan insanların bir araya gəlməsi baxımından yaxşı
imkan yaradır.
Azərbaycan ilə Malta arasında mövcud əlaqələrdən danışan Vaqif
Sadıqov bildirmişdir ki, son illərdə ikitərəfli münasibətlər bütün
sahələrdə inkişaf etməkdədir.
Tədbirdə çıxış edən Evarist Bartolo bildirib ki, yaradıcılıq,
fikirlərin, hisslərin effektiv ifadəsi sərginin ən mühüm
elementləridir. Biz bu şəkillər vasitəsi ilə uşaqların yer üzündə
mövcud olan gözəllikləri necə əks etdirdiklərinin şahidi oluruq.
Sərgi, eyni zamanda, ətraf mühitdə cərəyan edən mənfi prosesləri
görməyimiz üçün də yaxşı imkan yaradır. Təbiətin çirklənməsi və
insanların ətraf mühitə vurduğu ziyan dəhşətli həddə çatmışdır.
Məhz bu şəkillər həqiqətləri görməkdə bizə yardımçı olur.
Malta Respublikasının Prezidenti Corc Abela sərgidə çıxış
edərək, bildirmişdir ki, son dövrdə bizi əhatə edən təbiət
unudulub. İnsanlar ətraf mühitdə baş verənlərə biganə yanaşırlar.
Bu baxımdan planetimizdə cərəyan edən hadisələrə uşaqların gözü ilə
baxmaq olduqca maraqlıdır.
Maltanın dövlət başçısı diqqətə çatdırıb ki, ölkələrimiz
arasında yüksək səviyyəli əlaqələr mövcuddur. Bu münasibətlər təkcə
siyasi səviyyədə deyil, digər istiqamətlər üzrə də inkişaf
etməkdədir. Xalqlarımız ortaq dəyərləri bölüşür.
Malta dövlətinin başçısı sərginin bu ölkədə keçirilməsi
təşəbbüsünə görə İDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevaya
minnətdarlığını bildirmişdir.
Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın
şərəfinə Maltanın Baş nazirinin yay iqamətgahı olan Girgenti
sarayında şam yeməyi verilib.
Sərgi fevralın 28-dək davam edəcək.