Ana səhifə Toplum |
AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğraması nəticəsində xəsarət alan ekipaj üzvləri - Zülfiqar Sərdar oğlu Əsədov və Aydan Vaqif qızı Rəhimli 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.
Axar.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur: “2024-cü il dekabrın 25-də Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Respublikasının Aktau şəhəri istiqamətinə yönləndirilmişdir. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirmiş və sərnişinlərin bir qismi xilas edilmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
1-ci dərəcəli “Rəşadət” ordeni ilə:
Əsədov Zülfiqar Sərdar oğlu
Rəhimli Aydan Vaqif qızı”.
Tarix
2024.12.29 / 17:46
|
Müəllif
Axar.az
|