"Mən özümü həmişə elm adamı kimi hiss etmişəm və elmi
nailiyyətlərimdən daha çox ləzzət alıram, nəinki biznesdəki
uğurlarımdan… "
Rusiyada ən məşhur azərbaycanlı işadamlarından biri, professor
İlham Rəhimovla söhbətimiz hələ aylar öncədən baş tutmalı idi.
Lakin həmin vaxt AzPolitika.info-da dərc olunmuş bir neçə yazıya
görə münasibətlərdə müəyyən gərginlik yarandığından, onunla
müsahibə alınmadı. Zamanla kənar şəxslərin yersiz müdaxiləsi
nəticəsində yaranmış bu gərginlik aradan qalxdı…
Bu yaxınlarda Bakı Dövlət Universitetində İlham Rəhimovun yeni
kitabının təqdimat mərasimi keçirildi və bu tədbirə dəvətlilər
arasında AzPolitika.info-nun rəhbəri də var idi…
Qısası, professorun mətbuat xidmətinin rəhbəri Xanoğlan
Əhmədovun təşəbbüsü ilə münasibətlərdəki ciddi kökü olmayan
gərginlik arxada qaldığından cənab Rəhimovla müsahibə istəyimiz bu
dəfə baş tutdu.
Onunla Bakıdakı ofisində görüşüb, dünyanın ən qüdrətli
adamlarından biri – Rusiya prezidenti Vladimir Putinlə dostluğundan
titmuş, biznesdə qısa müddətdə əldə etdiyi fantastik uğurların
sirri, Kəmaləddin Heydərovla münasibətlərinə kimi, ən müxtəlif
məsələlər barədə suallar ünvanladıq.
Cənab Rəhimovla maraqlı müsahibənin birinci hissəsini təqdim
edirik.
- İlham müəllim, artıq neçə illərdir Rusiyada bizneslə məşğul
olursunuz. Adınız "Forbes" kimi dünyanın məşhur dərgilərində
Rusiyanın ən uğurlu iş adamları sırasında çəkilir. Maraqlidır, qısa
bir zamanda belə böyük bir uğurun sirri nədir?
- Sualınızın qoyuluşundan belə başa düşdüm ki, siz
diplomatik dildə İlham Rəhimovun biznesdəki nailiyyətlərini Rusiya
dövlətində təmsil olunan insanlarla bağlayırsınız.
Belədirmi?
- Bəli, elə də demək olar…
- Mən sualınıza tam səmimi və birbaşa cavab verəcəyəm. Əvvəla,
onu deyim ki, işadamı kimi təqdim olunmağımı xoşlamıram, mən özümü
həmişə elm adamı kimi hiss etmişəm və edirəm, elmi
nailiyyətlərimdən daha çox ləzzət alıram, nəinki biznesdəki
uğurlarımdan… Mən elm sahəsində daha çox təsdiq olunmağıma
güvənirəm. Məsələn, bu yaxınlarda yeni kitabım çıxdı, çox böyük
zövq aldım. Baxmayaraq ki, paralel biznes sahəsində də müəyyən
uğurlarımız oldu.
Sualınıza gəlincə, biləsiniz ki, 1996-cı ilə qədər bizneslə
məşğul olmaq heç vaxt mənim ağlıma gəlməmişdi. Yəni iş adamı olmaq
nə mənim planımda vardı, nə də bu haqda düşünürdüm. O vaxta qədər
mən 16 il idi ədliyyə sistemində işləyirdim. Sonuncu vəzifəm də
Ekspertiza İnstitutunun direktoru idi. O vaxt elə hesab edirdim ki,
dövlət işindən başqa heç bir işi bacarmaram. Həmin ərəfələrdə mən
doktorluq dissertasiyası yazdım, müdafiə etdim.
Amma bu gün o vaxtkı ədliyyə naziri Südabə Həsənovaya çox sağ
olsun deyirəm ki, 1996-cı ildə məni institut direktorluğundan azad
etdi. Düzdür, qeyri-obyektiv qərar vermişdi, ancaq indi deyirəm ki,
nə yaxşı elə bir qərar verdi, taleyimdə belə bir dəyişikliklər baş
verdi.
Qaldı ki, nailiyyətlərə, bəziləri elə hesab edir ki, biznesdə
qısa müddətdə nə qazanmışam, hamısı Rusiyanın rəsmi adamları ilə
bağlıdır. Bunu təbii qəbul edirəm. Ancaq tam səmimi deyirəm ki, biz
indiyə qədər Rusiyanın rəsmi dairələrindən hansısa maliyyə yardımı
və digər kömək göstərilməsini xahiş etməmişik. Rusiya
hakimiyyətində fəaliyyət göstərən hansısa bir məmur deyə bilməz ki,
professor Rəhimov bizneslə, işi ilə bağlı nəyisə xahiş edib. Belə
bir şey olmayıb, ola da bilməz.
Qeyd edim ki, Rusiyada bizneslə məşğul olmaq, bəzilərinin
düşündüyü kimi asan məsələ deyil, çox çətindir. Xüsusən də başqa
bir millətin nümayəndəsi üçün. Çünki Rusiyanın özündə də biznes
üçün tələb olunan normal iqtisadi mühit hələ yeni yaranmaq üzrədir.
Belə problemlər olanda, bəli, Rusiyanın rəsmi adamlarının bizə
köməyi olub, qanunsuzluğun qarşısı alınıb.
- Biznes şərikləriniz Qod Nisanov və Zarax İliyev bu
yaxınlarda Rusiyanın "əmlak kralı" hesab edildilər. Önların
bizneslərinin 2000-ci ildən sonra sürətlə inkişaf etməsi sizin
adınız, himayənizlə bağlanır. Bununla bağlı nə deyə
bilərsiniz?
- İş adamları yaxşı bilir; bizneslə məşğul olduqda uğur qazanmaq
üçün irəlini görmək gərəkdir. Hansısa bir sahə ilə məşğul olmaq
istəyəndə, bilməlisən ki, bunun perspektivi var, ya yox. Bunu kim
görür, o udur.
Məsələn, indi mənim işbirliyində olduğum Qod Nisanov və Zarax
İliyev 2000-ci ilə qədər də bazar və digər iznes sahələri ilə
məşğul olurdular. Mən o vaxt onları tanımırdım, amma Qod Nisanovun
atasıyla dostluq münasibətim olub. Yəni onun vasitəsilə indiki
şəriklərimlə tanış olmuşam.
Mən onlara biznesin inkişafı üçün konkret tövsiyyələr vermişəm.
Onlar bazar işini, ticarəti bilsələr də, Moskvanın perspektiv
inkişaf planı barədə məlumatsız idilər. Və biz birlikdə işləmək
qərarına gəldik. Bunun nəticəsidir ki, bu gün bizim şirkət Moskva
şəhərində mülkiyyətin, daşınmaz əmlakın dəyərinə görə birinci
yerdədir.
- Yəni sizi də, şərikləriniz kimi Rusiyanın "əmlak
kralı" hesab etmək olar…
- Belə də, düşünənlər var.
- İlham müəlim, "Forbes" bəzi şirkətlərdə payınızın
10-15 faiz olmasını, Sizin həmin şirkətlərin himayəçisi kimi çıxış
etməyinizlə izah etmişdi. Yəni, Putinin dostu kimi adınız həmin
şirkətlərə müəyyən üstünlüklər verdiyindən, Sizə müəyyən pay
verilir. Bu haqda nə deyə biərsiniz?
- İlk növbədə qeyd edim ki, "Forbes" həmin qalmaqallı yazı
çxmazdan əvvəl bir neçə ay məndən müsahibə götürmək istədi. Bura –
ofisə də zəng etmişdilər, Sankt-Peterburqda, Moskvada da – hər
yerdə məni axtarırdılar. Mən onlara müsahibə vermək istəmirdim.
Təxminən bilirdim ki, hansı sualları verəcəklər. Təbii ki, ən çox
sual da Putinlə bağlı ola bilərdi. Həmin suallara mənim verəcəyim
cavablar isə bunları qane etməyəcəkdi. "Forbes"də belə xüsusiyyət
var ki, onlar öz məntiqlərilə nəticə çıxarırlar. Ona görə də
görüşmək istəmirdim. Belə olan təqdirdə dedilər ki, özümüz sizin
haqqınızda məqalə hazırlayacağıq. Dedim, yaza bilərsiniz, ancaq
qeyri-obyektiv olmasın. Sonra gördüm məqalədə bəzi məsələləri düz
yazmayıblar.
O ki, qaldı "pay" məsələsinə, mən "Forbes"də göstərilmiş
şirkətlərin tam hüquqlu səhmdarlarından biriyəm. Ona görə də, bu
cür iddialar həqiqəti tam əks etdirmir, dəqiq deyil.
- Bu yaxınlarda bəzi media orqanları sabiq baş prokuror
Eldar Həsənovla Rusiyada şərikli biznesinizin olduğu haqda
məlumatlar yaydı. Düzdür, həm Siz, həm də cənab Həsənov bunu təkzib
etdiniz və sifarişlə yazıldığını bildirdiniz. Maraqlıdır, bu
sifarişin kimdən gəldiyini blirsinizmi. Məqsəd nədir?
- Bəli, olub elə yazılar. Mən bunu qeyri-ciddi iş hesab edirəm,
Ona görə də, heç əhəmiyyət də vermirəm. Eldar Həsənovla 30 ildən
çoxdur bir-birimizi tanıyırıq. Eyni vaxtlarda hüquq-mühafizə
orqanlarında işləmişik. Bu baxımdan bizim əlaqələrimiz vardır.
İndiyə qədər də Həsənovla dost münasibətlərimiz durur.
Eldar Həsənovun Rusiyada hansısa biznes şərikliyinin olması mənə
məlum deyil. Məncə, bu uydurmadır, fantaziyadır.
- Türkiyədə biznesə başladığınıza dair məlumatlar var.
Hətta saytımıza daxil olan məlumatda Sizin Türkiyədə şərikli kauçuk
zavodunuzun olduğu bildirilir. Bu məlumatlar nə qədər
doğrudur?
- Türkiyədə heç bir biznesim yoxdur. Ancaq biznes qurmaq
istəyirəm. Əlverişli, ürəyə yatan bir təklif olarsa qəbul
edəcəyəm.
- İlham müəllim, Azərbaycan cəmiyyəti sizi uzun illərdir
elm adamı, bir müddət siyasətçi kimi tanısa da, etiraf edərsiniz
ki, Rusiya prezidenti ilə dostluğunuz məlum olandan sonra bütün
ölkədə, həmçinin Rusiyada populyarlaşdınız. Dünyanın ən güclü
insanlarından biri ilə dostluq necə bir hissdir?
- Mən Putinlə bir siyasətçi, dövlət başçısı kimi deyil, daha çox
tələbə yoldaşı kimi ünsiyyətdə oluram. Ona görə də, dostluğumuza
siz deyən aspektdən yanaşmamışam. Amma bir tələbə yoldaşı, bir dost
kimi Putinin çox orijinal insan olduğunu deyə bilərəm. Dostluqda
çox möhkəm adamdır, səmimidir, çox sevir ki, qarşı tərəf də onunla
səmimi olsun.
Maraqlı insandır, çox məlumatlıdır. Özünün üzərində çox çalışır.
Dost kimi ona hər zaman güvənmək olar.
- Bu günlərdə bütün dünyanın diqqəti Rusiyanın Soçi şəhərinə –
Qış Olimpiya Oyunlarına cəmləşib. Maraqlıdır, Putin bir dostu kimi
Sizi Soçiyə dəvət etmişdimi? Nə əcəb ora getməyibsiniz? Bu Sizin
idmana maraqsız münasibətinizdən irəli gəlir, yoxsa başqa səbəb
var?
- Bəli dəvət etmişdi… Sizə kim deyir ki, mən getməmişəm?…
- Sizinlə bağlı maraq doğuran suallardan biri də budur
ki, Rusiyada böyük biznesiniz olduğu halda, niyə öz doğma
vətəninizdə biznes qurmursunuz. Bir azərbaycanlı iş adamı kimi ölkə
iqtisadiyyatına niyə kapital yatırmırsınız, müəyyən istehsal
sahələri açmırsınız?
- Bizim biznes sahəmiz təmiz başqa istiqamətdədir. Təbii ki,
Azərbaycanda da sərfəli şərtlərlə maraqlı təkliflər olsa, niyə də
məşğul olmayaq ki?
- Azərbaycanın regionlarında turizmin inkişafına diqqət
yetirilir. Siz də hansısa regionda, elə boya-başa çatdığınız Tovuz
rayonunda otellər, xidmət obyektləri aça bilməsinizmi?
- Mən bu suala qismən cavab verdim. O ki, qaldı Tovuz rayonuna,
orda öz vəsaitimlə poliklinika tikib Səhiyyə Nazirliyinin
sərəncamına vermişəm. İşçilərin maaşını da özüm ödəyirəm. Bu mənim
üçün biznes deyil, öz elimə-obama bir hədiyyədir. Məktəb təmir
etdirmişəm, yol çəkdirmişəm, artezian quyusu qazdırmışam və s. belə
işlər görmüşəm və görürəm.
- Ümumiyyətlə, Azərbaycandakı biznes mühiti ilə bağlı
həm xarıcdə fəaliyyət göstərən bir iş adamı, həm də Azərbaycanda
yaşayan ziyalı kimi hansı fikirdəsiniz. Ölkədə işgüzar fəaliyyətə
mane olan obyektiv və subyektiv amillər kimi nələri
görürsünüz?
- Obyektiv fikir bildirmək üçün, gərək özün Azərbaycanda
bizneslə məşğul olasan. Ancaq mənim Azərbaycanda heç bir biznesim
yoxdur. Burda heç bir işgüzar fəaliyyətlə məşğul deyiləm. Birmənalı
fikir söyləmək çətindir, birdə ki, problemlər hər yerdə var, yəqin
həll olunar.
İstərdim ki, hər nə qədər siyasətlə məşğul olmadığınızı
desəniz də, bir qədər siyasətlə bağlı danışaq. Rusiyada bir qrup iş
adamının seçkiqabağı "Milyarderlər ittifaqı" deyilən qurumu –
RATİ-ni yaratması Moskvanın Bakıya təzyiqi kimi qiymətləndirilirdi.
Sonrakı proseslərin də bunu müəyyən mənada təsdiqlədiyi qeyd
olundu. Hakimiyyət tərəfindən də bu qurumun yaranması ciddi
narazılıqla qarşılandı. Maraqlıdır, Sizə bu qurumda təmsil olunmaq
təklif edilmişdimi? Və bu qurumun Kremlin istəyilə yaradıldığı
fikrini doğru qəbul edirsinizmi?
- Mənə təklif olunmayıbsa, deməli Kreml yaratmayıb da (gülür)… O
təşkilatın yaranmasından mən də səhərisi gün mətbuatdan xəbər
tutmuşam. Elə həmin gün də bu məsələ ilə bağlı fikirlərimi
"Azadlıq" qəzetində bildirmişəm. Mənə həmin təşkilatda təmsil
olunmaq təklif edilməyib.
Hansısa təşkilata üzv olmaq problem deyil, gərək niyyətini
biləsən.
Sualınızın ikinci hissəsinə gəlincə isə, deyə bilərəm ki, həmin
təşkilat Kremlə, birbaşa Putinlə bağlı olsa idi, elə birinci ora
üzv olmaq mənə təklif edilərdi. Putinlə dostluğumuz hamıya
məlumdur. Təklif olunmasa belə, hər halda bir məlumatım olardı.
Amma mən dediyim kimi yaranana qədər bu haqda məlumatım olmayıb.
Ümumiyyətlə bu təşkilatı Kremlə bağlamaq doğru deyil. Kreml bunu
nədən ötrü yaratsın? Azərbaycana təzyiq göstərmək üçün? Neynir onu
edib? Onsuz da Azərbaycanla Rusiyanın münasibətləri çox yaxşıdır –
seçkidən qabaq da, indi də. Düzdür, bəzi qüvvələr vardı – həm
iqtidar daxilində, mətbuatında, həm də müxalifətdə – istəyirdilər
münasibətləri gərginləşdirsinlər. Ancaq zaman göstərdi ki, iki
ölkənin prezidenti arasında çox gözəl münasibət var. Bu baxımdan
Kremlin elə bir təşkilatı yaratması inandırıcı deyil. Xüsusən də
Putinin…
Həmin təşkilatın "Milyarderlər ittifaqı" adlandırılması da doğru
deyil. Çünki əksəriyyəti milyarder deyil. Onların hamısını
tanıyıram, Rüstəm İbrahimbəyovdan başqa hamısı ilə şəxsi tanışlığım
var. Bəzilərini çox yaxından tanıyıram. Məsələn, Natiq Ağamirov
vaxtilə mənim işçim olub, sonra köçüb gedib Moskvaya. İsgəndər
Xəlilovu 30 ildən çoxdu tanıyıram. Vahid Ələkbərovun yanında
işləmişəm, Araz Ağalarovla da tanışlığımız var.
- Hər halda Putinin səlahiyyətli nümayəndəsi olan Söyün
Sadıqovun RATİ-nin yaradılmasında fəal iştirakı həmin təşkilatın
Kremlin istəyilə yaradıldığı fikrini formalaşdırmışdı…
- Mən onu şəxsən tanımıram. Bilirsiniz, Putinin 500 nəfər
səlahiyyətli nümayəndəsi olub. Hər millətdən seçkiqabağı kimisə
seçirdilər ki, orda diaspora ilə iş görsün. Söyün Sadıqov da yəqin
ki, Azərbaycan diasporunun nümayəndəsi kimi orda təmsil
olunubdu.
- Rusiya siyasi elitası ilə münasibətlərinizin olduğunu
da nəzərə alaraq bu sualı verirəm: Azərbaycanın Gömrük İttifaqına
qoşulmaması Moskvada necə qarşılanır. Ümumiyyətlə, Siz necə hesab
edirsiniz, Azərbaycan bu ittifaqa qoşulmalıdırmı?
- Əvvala deyim ki, mən Moskvada siyasətçilərlə bir o qədər də
ünsiyyətdə olmuram. Əsasən hüquqşünaslarla, hüquq sistemində
işləyənlərlə oturub-dururam.
Sualınızın ikinci hissəsinə gəlincə, bununla bağlı Azərbaycanda
müxtəlif fikirlər var. İndiyə qədər nə bir siyasətçi, nə bir
iqtisadçı, nə də bir dövlət adamı Azərbaycanın Gömrük İttifaqına
qoşulmasının ziyanı və ya xeyiri olduğuna dair bir analiz ortaya
qoymayıb. Biz müstəqil dövlətik, heç kim zorla bizi hansısa quruma
dartıb apara bilməz. Ona görə də, əvvəlcə bir analiz edilməlidir
ki, Gömrük İttifaqına qoşulmaq Azərbaycanın xeyrinədir, ya
ziyanına.
- Bir qədər əvvəl deputat Qüdrət Həsənquliyev Sizi
Putinlə dostluğunuzun verdiyi imkanlardan Qarabağ probleminin
ədalətli həlli üçün yararlanmamaqda qınadı. Bunu necə qarşıladınız.
Ümumiyyətlə, Qarabağ münaqişəsi ilə bağlı nə zamansa cənab Putinlə
söhbətiniz olubmu?
- Bu çür müzakirələr aparmaq, axı mənim səlahiyyətimdə deyil.
Biz onunla təbii ki, söhbət edirik. Bir azərbaycanlı kimi Qarabağ
problemi mənim də dərdimdir. Bu haqda da danışırıq. Ancaq bu
söhbətlər qeyri-rəsmi xarakter daşıyır. Mən onunla hansısa məsələ
ilə bağlı rəsmi söhbət apara bilmərəm. Rəsmi söhbəti rəsmi adam
apara bilər.
O ki qaldı kiminsə qınamasına, yerinə düşməyən iddiadır. Belə
məsələlərlə parlamentdə oturanlar daha çox məşğul olmalıdır, nəinki
adi vətəndaşlar.
- Sizə səlahiyyət verilərsə, Rusiyanın köməyi ilə bu
problemin həllində hər hansı rol oynaya bilərsinizmi?
- Səlahiyyətim olsa da, olmasa da bir azərbaycanlı kimi, ziyalı
kimi mənim borcumdur ki, əlimdən nə gəlir, onu edəm. Öz
səlahiyyətim daxilində. Mənə əgər bununla bağlı tapşırıq verilsə,
təbii mənim borcumdur ki, onu həyata keçirəm. Ancaq Qarabağ
problemi bir adamın səlahiyyəti ilə həll olunan məsələ deyil axı.
Bu bir. İkincisi də, Qarabağ problemi ilə bağli mən hansı işləri
görməliyəm və görürəm, onu kim bilməlidirsə o adam bilir.
- İlham müəllim, uzun illər siyasi fəaliyyətlə məşğul
olmusunuz. Yenidən siyasi fəaliyyətə qayıtmaq haqqında
fıkirləşirsinizmi? Axı belə bir deyim var ki, böyük pullar
hakimiyyət tələb edir… Parlament seçkilərində iştirak etməyi
düşünürsünüzmü?
- Əgər mənim nə vaxtsa ağzımdan bir söz çıxırsa, mən onun
yiyəsiyəm. Bir dəfə demişəm, yenə təkrar edirəm, mənim siyasətlə
məşğul olmaq fikrim yoxdur. Parlament seçkləri 2015-ci ildədir.
Hazırda elə bir fikrim yoxdur. Amma deyirlər ki, bir ölülər, bir də
dəlilər fikrini dəyişmir. Yəni zaman, şərait özü hər şeyı
göstərəcək…
- Seçkidən sonra belə məlumat yayıldı ki, Prezident İlham
Əliyevin start verdiyi kadr dəyişiklikləri çərçivəsində İlham
Rəhimova da yüksək postlardan biri təklif olunacaq. Bu
söz-söhbətlər nə qədər əsaslıdır? Ümumiyyətlə, indiyədək Sizə hər
hansı vəzifə təklif olunubmu? Bizdə məlumat var ki, Prezident İlham
Əliyevlə görüşünüz də olub və həmin görüşdə Sizin hakim komandaya
qoşulmağınız haqda söhbət də keçib…