Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim
İbrahimovun qardaşı, "Avesta" Konserninin vitse-prezidenti Sahib
İbrahimov jurnalist Eynulla Fətullayevin rəhbəri olduğu
"virtualaz.org" saytında "Nazir İbrahimovun oğlunun təyyarələri,
katerləri və ada əyləncələri" başlıqlı materialın yayılmasına
münasibət bildirib.
Sahib İbrahimov "Publika.az"a açıqlamasında deyib ki, hər kəs öz
yazısı ilə öz tərbiyəsini nümayiş etdirir: "Eynullanın işi şantaj
etməkdir. Eynulla bizimlə bağlı doğru-düzgün nə isə yazmaz. Onun
işi adamları şantaj etməkdir. Bizi tanıyanlar bilir ki, hamımız iş
adamıyıq. Bizim inşaat və digər sahələrdə biznesimiz var. Əgər
Eynulla nə isə yazmaq istəyirsə, gəlib məndən yazsın, gəlib
işimizlə yaxından tanış olsun və gördüyünü doğru yazsın. Yəqin ki,
indi Eynulla ya sifariş alıb, ya da düşünür ki, biz ona pul təklif
edəcəyik ki, daha bizdən yazmasın. Nə yazır qoyun yazsın, bizi hər
kəs tanıyır. Hamı bizi də, Eynullanı da yaxşı tanıyır. Bizim
gördüyümüz işlər göz qabağındadır. Bizneslə məşğul olanın pulu da
olmalıdır və bir az da fərqli yaşamalıdır".
S.İbrahimov qardaşı Nazim İbrahimovun heç bir təyyarəsinin
olmadığını söyləyib: "Bizim ailədə nə Nazim müəllimin, nə mənim, nə
də başqa qardaşlarımızın təyyarəsi yoxdur. İnşəallah, Hacı İbrahim
özünə təyyarə alanda Eynulla onu yazar. Digər tərəfdən isə Hacı
İbrahimin təyyarəsinin olub-olmamasının Nazim müəllimə nə aidiyyatı
var? Qardaşım oğlu Elnur da qanacaqlı, tərbiyəli uşaqdır. Maşına
qalsa, indi hamının normal maşını var.
Maşın almaq üçün çox böyük pul lazım deyil. Mən bir daha
deyirəm, Eynullanın yazdıqları şantaj xarakterlidir. Bu cür yazılar
əvvəllər də olub. Onlar yazını yazın sonra gətirib bizə göstəriblər
ki, baxın buna, əgər pul verməsəniz sizdən yazacağıq, pul verin
yazmayaq. İndi yəqin Eynulla da o cür düşünüb bizdən pul almaq
istəyir. Ümumiyyətlə, Eynullanın bu yazıları məqsədli şəkildədir.
Mən də jurnalistəm, vaxtilə ATV-də çalışmışam. Ona görə də bunun nə
demək olduğunu yaxşı bilirəm. Əgər Eynulla belə yaxşı
jurnalistdirsə və Nazim müəllimdən yazırsa, o zaman gəlib bizim
biznesmen qardaşlarımızdan da yazsın. Elə gəlib məndən yazsın,
mənim oğlumdan yazsın, Hacı İbrahimdən yazsın. Ancaq Eynulla başqa
variantı seçib".
Qeyd edək ki, şəkildə görünən Hacı İbrahim Nehrəmliyə məxsus
qara rəngli "Land Rover Range Rover" 2014 modelinin qiymeti 250-300
min arasında dəyişir. Bu maşın eksklüziv salonla, aikantaro dəri
ilə yığılıb.
Eyni maşının ağ rəngi Sahib İbrahimovdadır.