"Təəssüf ki, parlament üzvünün etik davranışını
tənzimləyən sənəd mövcud deyil".
Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin sədri Əli Hüseynlinin APA-ya
müsahibəsi.
- Bu günlərdə Milli Məclisdə "Prokurorluq haqqında"
qanuna ciddi dəyişikliklər nəticəsində Baş Prokuror yanında
Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin statusu artırıldı. Bu onu
deməyə əsas verirmi ki, ölkədə korrupsiyaya qarşı mübarizə ilə
bağlı yeni mərhələ başlayacaq?
- Əslində bu yeni mərhələ artıq bir neçə ildir başlayıb və
dövrün tələbindən irəli gəlir. İndi isə görülən işlərin
xüsusiyyətləri nəzərə alınaraq keyfiyyətcə yeni mərhələyə keçir.
Əgər əvvəlki illərdə cəza siyasəti və cinayət təqibi üstünlük
təşkil edirdisə, son dövrlər müasir informasiya texnologiyalarının
tətbiqi və şəffaflıq siyasəti korrupsiyaya qarşı mübarizədə
effektiv rol oynamağa başlayıb. Bu qəbildən "ASAN Xidmət"
Mərkəzinin yaradılması və onun fəaliyyət göstərdiyi cəmi bir il
ərzində əldə etdiyi müsbət nəticələr bu siyasətin nə qədər düzgün
olduğunu göstərir. Bu işlər insanların ölkə prezidentinin bu sahədə
həyata keçirdiyi siyasətə inamını daha da artırıb. Bu günlərdə ölkə
prezidentinin sərəncamı ilə "elektron məhkəmə" informasiya sistemi
yaradılacaq ki, bu da məhkəmə və hüquq islahatlarına böyük bir
töhfədir. Bununla yanaşı, korrupsiyaya qarşı mübarizədə cinayət
təqibi və cəza siyasəti aktual olaraq qalır. Bu baxımdan, Baş
Prokurorluq yanında ixtisaslaşdırılmış prokurorluq orqanının bundan
sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarə statusunda olması və bu
qurumun strukturunun daha da genişləndirilməsi bu siyasətin tərkib
hissəsidir. Onu da qeyd etməliyəm ki, korrupsiya ilə bağlı
cinayətlər üzrə ixtisaslaşmış prokurorluq orqanı olan bu idarə
fəaliyyətini qanunvericiliyə uyğun olaraq dəqiq və şəffaf qurmaqla
yanaşı ictimaiyyət arasında da nüfuz qazana bilib.
- Parlamentdə bu qanunun müzakirəsi zamanı deputatlar
korrupsiyaya qarşı mübarizə komissiyasında parlament müxalifətinin
də təmsil olunmasını təklif etdilər...
- Korrupsiyaya qarşı mübarizədə müxalifətin və yaxud parlament
müxalifətinin iştirakının effektivliyi ideyasını ümumiyyətcə əsaslı
hesab etmirəm. Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə Komissiyası
hakimiyyətin üç qolunun təmsilçilərindən ibarətdir. Parlament
təmsilçiləri də bütövlükdə parlamenti təmsil edirlər. Bununla
yanaşı, komissiya milli QHT-lər, beynəlxalq təşkilatlarla çox
səmərəli əməkdaşlıq qurub. Siyasi mənsubiyyətindən asılı olmayaraq,
istənilən şəxs komissiyanın saytına müraciət etməklə korrupsiyaya
qarşı mübarizə siyasətinin iştirakçısına çevrilə bilər.
- Korrupsiyaya qarşı mübarizə ilə bağlı yaxın gələcəkdə
atılacaq hansısa yeni bir addımlar gözlənilir?
- Bu il fevralın 5-də Azərbaycanın regionlarının sosial-iqtisadi
inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransdakı
çıxışında da cənab Prezident korrupsiyaya qarşı mübarizənin növbəti
dövrdə də prioritet bir məsələ olacağını xüsusi vurğuladı.
Qanunvericilikdə də qeyd olunduğu kimi korrupsiyaya qarşı mübarizə
bütün dövlət orqanlarının vəzifəsidir. Bu işdə vətəndaş
cəmiyyətinin və mətbuatın da rolu böyükdür, amma qərəzsiz olmaq
şərtilə. Son dövrlər yeni hökumət formalaşdıqdan sonra müdafiə,
təhsil və sosial təminat sahəsindəki islahatlar və görülən işlər də
ictimaiyyət arasında böyük ümidlə qarşılanır. Bu onu deməyə əsas
verir ki, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi həm
kadr islahatları, həm də institusional islahatlar öz müsbət
nəticələrini verir və bu siyasət davam edəcək.
- Milli Məclisin sonuncu iclasında Korrupsiyaya qarşı
Mübarizə Komissiyasının üzvü deputat Bəxtiyar Əliyev Azərbaycanın
gömrük orqanlarının fəaliyyətini tənqid edib, o cümlədən ölkəyə
daxil olan malların qiymətlərinin ilkin ölkədən daxil olduğunu
iddia edib. Bir neçə gün sonra onun fikirlərini Müsavat
Partiyasının başqan müavini, iqtisadçı Qubad İbadoğlu da
təkrarlayıb...
- Əlbəttə, mətbuatın komissiya üzvlərinin çıxışlarına və
bəyanatlarına həssas yanaşmasını başa düşürəm. Amma bu sahə ilə
bağlı fikirlər söyləmək spesifik bilgilər və məlumatlar tələb edir.
Məncə həmkarımız gömrük işinin təşkili və statistikası ilə bağlı
spesifik halları araşdırmadan bu qənaətə gəlib. Məlumat üçün
bildirim ki, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu
komitəsinin iştirakı ilə Azərbaycan Respublikasının Gömrük
Məcəlləsi 17 iyun 2011-ci ildə qəbul olunub və bu Məcəllə Avropa
İttifaqı standartlarına cavab verən əsas qanunlardandır. Məcəllənin
xüsusi bir bölməsi gömrük işində informasiya sistemləri və
informasiya texnologiyalarının tətbiqinə həsr olunub. Hazırda
gömrük və vergi orqanları müasir informasiya texnologiyalarının
tətbiqi baxımından öndə gedən dövlət qurumlarıdır.
O ki qaldı dövlətlərarası ticarətin gömrük statistikasının
müqayisəsi nəticəsində yaranan fərqlərin səbəbləri - bu hal bir çox
ölkələr üçün xasdır və beynəlxalq praktikada bu vaxta qədər aktual
problem kimi qalır. Amma qeyd etməliyəm ki, Azərbaycan xarici
ticarətinin gömrük statistikası BMT və Avropa İttifaqının
Statistika Xidmətinin metodoloji göstərişləri əsasında beynəlxalq
standartlara uyğun olaraq aparılır. Ümumiyyətlə isə dövlətlərarası
xarici-iqtisadi əlaqələrin göstəricilərinin fərqinin yaranması bir
sıra amillərdən, o cümlədən obyektiv səbəblərdən asılıdır:
Bilməliyik ki, xarici ticarətin gömrük statistikasında idxal malın
mənşə ölkəsi, ixrac isə təyinat ölkəsi üzrə aparılır.
Birincisi, alğı-satqı üzrə bağlanmış müqavilələrdən asılı
olaraq, idxal olunan malın statistik dəyəri, həmin malın ixrac
zamanı statistik dəyərindən daşınma, sığorta, yükləmə-boşaltma
xərcləri qədər çox ola bilər.
Bundan başqa, tərəfdaş ölkələrdə malların gömrük dəyərinin
hesablanmasında bir-birindən fərqlənən üsullar və müxtəlif
metodologiyalar tətbiq olunur. Aydındır ki, iki dövlətdə müxtəlif
gömrük statistikasının metodologiyası və ya gömrük dəyərinin
hesablanma üsulları istifadə edildiyindən bir ölkənin ixracı başqa
ölkənin idxalına bərabər olmur.
Həmçinin, gömrük statistikasında malın statistik dəyərlərinin
müxtəlif valyuta məzənnələri ilə hesablanması da rol oynayır. Malın
bir ölkədən başqa ölkəyə çatmasına müxtəlif vaxt keçir və nəticədə
kontrakt valyuta ilə ABŞ valyutası arasında məzənnə dəyişir.
Beləliklə, mal göndərən ölkədə malın statistik dəyəri bir məzənnə
əsasında hesablandığı halda, təyinat ölkəsində başqa məzənnə
əsasında hesablanır.
Eyni zamanda hərbi və digər konfidensial təyinatlı malların
idxalı və ixracına dair məlumatların statistikası da spesifikdir.
Sadaladığım və söyləmədiyim digər halları da nəzərə alsanız
görərsiniz ki, bu sahə ilə bağlı statistikanı araşdıran və
səsləndirən şəxslər bütün faktorları nəzərə almalıdırlar.
- Son vaxtlar mətbuatda məmurların, deputatların
özlərinin və ailə üzvlərinin xidməti vəzifə ilə bir araya sığmayan
həyat tərzi, bahalı şəxsi əmlakları mütəmadi müzakirə olunur.
Qanunvericilik bununla bağlı nə deyir?
- Hesab edirəm ki, bu sahədə hüquqi nihilizm mövcuddur. Yəni,
dövlət adamlarının həyat və davranış tərzi ancaq siz dediyiniz kimi
rəsmi bəyanat və çağırışlar olarkən aktuallaşır. Əslində bu
məsələlər ölkə prezidentinin imzaladığı qanunlarda da öz əksini
dəqiq tapıb. Məsələn, "Dövlət qulluqçularının etik davranış
Kodeksi" hər bir məmur üçün həm vəzifə səlahiyyətlərinin icrası
zamanı, həm də şəxsi davranış üçün rəhbər olmalıdır. O qanunda
bütün məsələlər dəqiq göstərilib. O ki qaldı deputatlarla bağlı
məsələyə, təəssüf edirəm ki, hakimiyyətin iki qolunun – icra və
məhkəmə hakimiyyətinin nümayəndələrinin etik davranış qaydaları
mövcud olsa da, parlament üzvünün etik davranışını tənzimləyən
sənəd mövcud deyil.
Bununla yanaşı, mən konstitusion mülkiyyət hüququna da hörmətlə
yanaşmanın tərəfdarıyam. Amma biz dövlət adamları vəzifə və
səlahiyyətlərimizin icrası zamanı maraqların toqquşmasına yol
verməməli, şəxsi həyatımızın ictimaiyyət və mətbuat üçün maraq kəsb
etdiyini nəzərə almalıyıq.