Rusiya dövlət rəsmiləri (prezident, xarici işlər naziri və s.) istənilən ölkəyə, şəhərə yerli istehsal olan təyyarələrlə səfər edirlər. Əsasən İl-76 təyyarələri istismar edilir. Bunlar xüsusi hazırlanmış təyyarələrdir. Amma mülki aviasiyada “Aeroflot” və özəl aviaşirkətlər “Boinq” və “Airbus” təyyarələrini istifadə edirlər.
Niyə Rusiya ən azından daxili bazar üçün “Tu”, “İl” markaları altında kütləvi təyyarə istehsal etmir?
Axar.az xəbər verir ki, AZAL-ın sabiq prezidenti Ədalət Əliyev Globalinfo.az-a açıqlamasında artıq uzun müddətdir İl-76 təyyarələrinin istehsal olunmadığını bildirib.
Onun sözlərinə görə, bir müddətdir ki, artıq Tu-154 və Tu-134 təyyarələrinin də istehsalını dayandırılıblar:
“Beynəlxalq Mülki Aviasiya Təşkilatı yanacaq tullantılarının və səsin azaldılması istiqamətində çox ciddi işlər aparırlar. Məsələn, Tu-154 və Boinq-757 təyyarəsini müqayisə edək. Deməli, Tu-154 birinci saatda 7 ton yanacaq işlədir, Boinq-757 isə 3300 litr. Digər tərəfdən də səs məsələsi var. Belə ki, “Tu” markalarının səsi çox güclü olur. Hətta səs sərnişinləri narahat edir. “Boinq”lərin motorları zəif olduğu üçün səs demək olar ki, hiss edilmir. “Airbus”la “Boinq”in iqtisadi, ekoloji göstəriciləri eynidir. Bəzən “Airbus” “Boinq”i üstələyir. Ona görə də “İl” və “Tu” təyyarələri əlverişli deyil”.
Ədalət Əliyev deyib ki, hətta Avropa hava limanları “Tu” markalı təyyarələri səsinə görə qəbul etmirlər.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin xarici səfərlərə xüsusi istehsal edilmiş təyyarə ilə uçur. Əsas prezident təyyarəsi dörd mühərrikli, uzun mənzilli, geniş gövdəli, yüksək modifikasiyalı İl-96-dır. Prezidentin təyyarə parkına həmçinin İl-62, Tu-154 və "Suxoy Superjet 100" təyyarələri daxildir.
Bu günlərdə Rusiya xarici işlər naziri Sergey Lavrov Ankaraya İl-96 təyyarəsi ilə uçmuşdu.