Sifarişli qətl, quldurluq və narkotik maddələrin
satışında təqsirli bilinən mütəşəkkil dəstənin cinayət işi üzrə
məhkəmə prosesi başa çatıb.
Teleqraf.com
xəbər verir ki, ötən ilin martında Daxili İşlər Nazirliyinin Baş
Cinayət Axtarış, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və
Şəki şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi uğurlu
əməliyyat-axtarış tədbirləri və zəruri istintaq hərəkətləri
nəticəsində sifarişli qətl, quldurluq, oğurluq və narkotik
maddələrin satışında təqsirli bilinən 10 nəfərdən ibarət mütəşəkkil
cinayətkar dəstənin üzvləri yaxalanıb. Dəstə üzvləri Oruc
Şirəliyevin qətlini sifariş verməkdə, qətli icra etməkdə və digər
ağır cinayətlərdə ittiham ediliblər.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüsal Mustafayev
ömürlük, Sevinc Şirəliyeva 15 il, İqbal Cumayev 15 il, Elçin
Məmmədov 14 il, Bürhan Şirəliyev 15 il, Ruslan Rəfiyev 8 il 6 ay,
Mikayıl Mustafayev 10 il 6 ay, Rüfət Hüseynəliyev 10 il 6 ay,
Kamran Qafarov 12 il 6 ay, Rüfət Nurəliyev 2 il müddətinə
azadlıqdan məhrum edilib. Teleqraf.com-a bu cinayət işi üzrə
materiallar daxil olub. Hadisənin şok təfərrüatlarını təqdim
edirik.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən
Bürhan Şirəliyev bildirib ki, 2005-ci ildən Rusiya Federasiyasının
Nijnıy Novqorod şəhərində atası Oruc Şirəliyevlə birlikdə yaşayıb:
"Sonradan hərbi xidmətə getməmişəm. Atam Nijnıy Novqorod şəhəri,
Kanavinsk rayonunun Zelyonaya küçəsində, 40 saylı həyət evinin 2
saylı mənzilini kirayələyib və mınimlə birlikdə yaşayıb. Orada
mərkəzi bazarda köynək satışı dükanı işlətməklə ailənin kifayət
qədər dolanışıq pulunu qazanmışıq. Həm də 3 ədəd "Qazel" tipli
mikroavtobus alaraq Şəkidə marşruta icarəyə vermişik və ondan da
anama hər ay pul verilib".
"Anamı boşamaq niyyəti olub"
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2008-ci ildə anası da
onların yanına gəlib və 2 ay orada qalandan sonra Rusiyada yaşamaq
istəməyib, bu səbəbdən də Şəkiyə qayıdıb: "2013-cü ilin yanvarında
anam Şəkiyə qayıdanda Vüsalla tanış olub. Həmin vaxt anam Sevinc və
qardaşım Mərdan Bakı şəhərində Montin adlanan ərazidə bina evində
kirayədə yaşayıblar. Vüsal da tez-tez həmin kirayə evə gəlib-gedib.
Anam Vüsalla birlikdə turizm firmasında işlədiklərini deyib. Mən də
Bakıya gələrək həmin evdə qalmışam. Vüsal mənə Bakının gəzməli
yerlərini göstərib. Orada bir ay qalandan sonra 2013-cü ilin mart
ayında atam da Şəkiyə gəldi. Həmin vaxt anam istifadəmdə olan mobil
nömrəyə mesajlar yazdı. Mesajda qeyd edilmişdi ki, atam kiməsə 5
min manat verərək gecə evə soxulub və anamın namusuna sataşmağı
tapşırıb. Atam bundan istifadə edərək anamı məhkəmədə boşamaq
istəyib. Anam atamın evə basqın hazırlamaq planını Vüsalın dediyini
bildirdi. Buna görə də Vüsala zəng vurdum və anamın dedikləri ilə
maraqlandım. Vüsal atamın doğrudan da belə bir məsələni
planlaşdırdığını, bunu İqbaldan eşitdiyini bildirdi".
"Atamı öldürəcəyimi dedim"
Bürhan Şirəliyev qeyd edib ki, daha sonra Mərdan ona zəng vurub
və Şəkidə evlərinin həyətində işləyən ustaların anasına baxanda
atasının qeyrətsizlik eləyərək ustalara bir söz demədiyini
bildirib: "Bunları bildikdə hirsləndim və telefonda atamı
öldürəcəyimi dedim. Vüsal mənə dedi ki, hər şeyin öz yolu var, mən
özüm onu Şəkidə öldürtdürəcəyəm. Lakin sonrakı günlərdə Vüsal mənə
zəng vuraraq "sənin yanına Şəkidən bir nəfər gəlib telefonuna zəng
vuracaq, sən ona öz evinizin yerini və atanın gəlib-getdiyi
marşrutu göstər" deyə tapşırıq verdi. Bir neçə gün sonra Nijnıy
Novqorodda işlətdiyim nömrəyə Şəkidən gəlmiş Elçin adlı oğlan zəng
vurdu və Vüsal tərəfindən göndərildiyini söylədi. Elçini dəmiryol
vağzalında qarşıladım və bir gecə öz evimizdə saxladım. Evə gedən
yolu, küçəni və atamın bir qayda olaraq mindiyi tramvay xəttini
Elçinə göstərdim".
Təqsirləndirilən şəxs bildirib ki, bir həftədən sonra Nijnıy
Novqoroddan təyyarə ilə Moskvaya, oradan da Bakı şəhərinə gəlib:
"Atam isə həmin gün Şəkidən avtobusla Bakıya çıxdı və növbəti gün
avtobusla Nijnıy Novqoroda getdi. Bu müddət ərzində atam ilə
telefon danışığım olmayıb. Şəkiyə çatandan sonra Vüsalla birlikdə
yenə Bakıya gəldim və 20 yanvar deyilən ərazidə avtosalondan
VAZ-2107 markalı avtomaşın aldım. Sonra yenidən Şəkiyə
qayıtdım".
"Dedi ki, Elçin ona vəd etdiyimiz 10 min manat pulu
istəyir"
Bürhan Şirəliyevin sözlərinə görə, həmin gün Şamaxıda olanda
anası zəng vurub və Nijnıy Novqorodda atasının bıçaqlandığını
deyib: Anam atamın ölmədiyini və xəstəxanaya düşdüyünü söylədi.
Hadisədən 4-5 gün əvvəl Vüsalın hər şeyi anamla danışaraq
razılaşdırdığını da bilmişəm. Aprelin 17-də atamın meyitini Şəkiyə
gətirərək dəfn etdik. Sonrakı vaxtlarda Vüsal evdə anamla mənə dedi
ki, Elçin ona vəd etdiyimiz 10 min manat pulu istəyir, İqbal da
deyir ki, cəmi 20 min manat verməlisiniz. Elçini bu iş üçün İqbal
tapmışdı".
Bürhan Şirəlyev bildirib ki, 2013-cü ilin yayında anası Şəkidə
olan ikinci evi 32 min dollara İlham adlı adama satıb: "Həmin
puldan 9 min dollara özümə Bakı şəhərində xatırlamadığı bir şəxsdən
baş etibarnamə ilə "Mercedes E-230" markalı avtomaşın aldım.
2013-cü ilin avqust ayında Vüsalın təkidi və anamın razılığı ilə
həmin maşını Elçinə verməli oldum. Vüsal həmin vaxt Elçin
tərəfindən öldürüləcəyindən qorxdu". Təqsirləndirilən şəxs qeyd
edib ki, 2013-cü ilin yayında İqbal pula görə Vüsalla mübahisə
aparıb: "Vüsalla birlikdə oğru aləmində tanınan, 14 il həbsdə
yatıb-çıxmış adam kimi tanıdığı Masallı rayon sakini Zaman adlı
şəxsin yanına getdik. Zamanın evində bir gecə qaldıq və növbəti gün
Zamanla birlikdə Şəkiyə qayıtdıq. Vüsal Zamanla söhbətini mənim
iştirakım olmadan edib. Zamanın Şəkidə kimin evində qalmasını,
sonra nə baş verməsini bilməsəm də, 2-3 gündən sonra Masallıya
getdiyini Vüsaldan eşitdim. Daha 2-3 həftə sonra Vüsal da Masallıya
getdi və təxminən 1 aydan sonra Şəkiyə qayıtdı".
"Anam ehtiyatlı olmağı məsləhət gördü"
Bürhan Şirəliyev daha sonra ifadələrində göstərib ki, 2013-cü
ilin oktyabr ayının sonlarında evdə olan söhbətlərdə Kamran ona
tanışı Xanların öz evlərindən birini satdığını, azı 200 min manat
pulu, çoxlu qızılı olduğunu deyib: "Belə olanda Vüsal, mən və
Kamran Xanların evinin yanına getdik. Orada evi müşahidə etdik və
sonra da evə basqın etməyi planlaşdırdıq. Bütün bu söhbətlər anamın
iştirakı ilə olub. Anam hər dəfə belə söhbətlər olanda bizə
ehtiyatlı olmağı, ələ keçməməyi məsləhət görüb". Bürhan Şıxəliyev
daha sonra ifadəsində Xanlar adlı şəxsin evinə basqın etməklərindən
danışıb. Onun sözlərinə görə, Xanların evindən cəmi 3600 manat
çıxıb. O, qeyd edib ki, həmin pulu Kamranla bərabər bölüşüblər.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2014-cü il yanvar ayının
əvvəllərində Kamran topdansatış dükanı işlədən dayısı Rəsulun
"Folsvagen Tuareq" markalı cip maşınında evinə hər gün 60-70 min
manat apardığını danışmağa başlayıb və Vüsala axşam vaxtı Rəsul öz
qapısına çatanda silahlı basqın edərək pulunu almağı məsləhət
görüb: "Bu məqsədlə Vüsal və Kamran 2-3 dəfə qaranlıq düşən
saatlarda Rəsulun evinin yerləşdiyi çaylaq tərəfə getdi, qayıdanda
imkan olmadığını, oradan çoxlu maşın keçdiyini, Rəsulun maşınının
qapıları avtomatik bağlandığından və şüşəsi qalın olduğundan ona öz
maşınının içərisində basqın etməyin mümkün olmadığını dedilər.
Vüsal gecə vaxtı Rəsulun evindən pulu oğurlamağı, lakin Rəsulun
şübhələnməməsi üçün həmin vaxt Kamranın Bakıya getməsini, orada
kameralara düşməsini qərara aldı".
"Nə pul, nə də qiymətli qızıl zinət əşyaları tapa
bilmədik"
Bürhan Şıxəliyev qeyd edib ki, növbəti günlərin birində onların
evində söhbət zamanı Kamran "sabah "Xançinar" restoranında Rəsulun
qardaşının oğlunun nişanı var, evdə heç kim olmayacaq", deyib:
"Bunu eşidəndə Vüsal taksi sürücüsü Rüfətin mənim birlikdə gecə
vaxtı Rəsulun evindən azı 200 min manat pul oğurlamağı, Kamranın
isə bu vaxt Bakıda olmasını məsləhət gördü. Həmin söhbətlərin
hamısı anamın iştirakı ilə olub. Növbəti gün saat 20 radələrində
Vüsalın zəngi əsasında Rüfətin idarə etdiyi VAZ-21099 markalı
avtomaşınla Rəsulun evinin yanına getdik. Vüsalın göstərişi ilə daş
hasardan aşdım və içəri tərəfdən qapının cəftəsini açdım. Vüsal da
həyətə girdi və bu zaman həyətdə birmətrəbəli adi evdə işıq
yanmırdı. Evə daxil olaraq içərini axtarmağa başladıq. Təxminən
yarım saat ərzində ələk-vələk eləsək də, nə pul, nə də qiymətli
qızıl zinət əşyaları tapa bildik".
Bürhan Şirəliyev daha sonra deyib ki, 2014-cü ilin fevral ayının
əvvəllərində özünə xarici pasport alanda barmaq izləri götürüldüyü
üçün anası onu bir daha Vüsal ilə heç bir oğurluğa buraxmayıb:
"Vüsal isə Kamranla birlikdə Baş Zəyzid kəndində bankomatdan pul
oğurlamağı planlaşdırıb, bunun üçün yenə çeçenka tipli papaqlar
düzəldib, avtogen deyilən qaz qaynaq balonları və qurğu, iri qayka
açarı, elektroşok deyilən fonar formalı bir qurğu tapıb. Bunların
hamısını bizim evin zirzəmisində saxlayıb. Təkcə tüfəng Kamranda
qalıb. Anamın bu işdən və söhbətlərdən məlumatı olub. Vüsal bu işi
Mikayıl, Kamran və taksi sürücüsü Rüfətlə etməyi nəzərdə tutub.
2014-cü ilin yanvar və fevral aylarında bir neçə axşam yığışıb
getsələr də, qayıdanda seyfi avtogenlə kəsə bilmədiklərini, bir
dəfə də polis maşını keçdiyindən işlərin alınmadığını deyiblər.
Vüsalın nəşə çəkdiyini bir neçə dəfə görmüşəm. Amma iynə vurmasına
təsadüf etməmişəm".