Martın 5-də Sarsen Amanjalov adına Şərqi Qazaxıstan Universitetinin rektoru Toleqen Muxtar və universitetin əməkdaşları Azərbaycan Dillər Universitetində (ADU) qonaq olublar.
Axar.az xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib.
Kamal Abdulla qeyd edib ki, son illər ADU ilə bir sıra beynəlxalq universitetlər arasında sıx əməkdaşlıq və tərəfdaşlıq münasibətləri uğurla inkişaf etməkdədir. ADU-nun beynəlxalq QS reytinqlər cədvəlində layiqli yer tutmasını diqqətə çatdıran rektor müəllim və tələbələrin bilik, bacarıqlarının artırılması istiqamətində xarici ölkələrin təhsil təcrübələrinin önəmindən söz açıb.
Səmimi qarşılanmaya və xoş sözlərə görə təşəkkürünü bildirən Toleqen Muxtar ADU ilə əməkdaşlığın əhəmiyyətindən danışıb. Qeyd olunub ki, universitetlər arasında elmi, mədəni əlaqələrin qurulması və inkişafı hər iki ölkənin bir-birinə daha da yaxınlaşması deməkdir. QS reytinqlər cədvəlində yer almağın uğurundan danışan rektor bu istiqamətdə uğur qazanmağın yeni imkanlarından bəhs edib. Söhbət zamanı QS layihəsi çərçivəsində qarşılıqlı əməkdaşlığın önəmi vurğulanıb.
Görüşdə müxtəlif mübadilə proqramlarının həyata keçirilməsi, həmçinin dil, mədəniyyət sahəsində elmi təcrübələrin aparılması, ölkələrin mənəvi iqlimlərinin dünyada tanıdılması və təbliğatı ilə bağlı fikirlər səsləndirilib. Dostluq və tərəfdaşlıq münasibətlərində yaranan imkanlardan səmərəli istifadənin önəmi qeyd olunub. Həmçinin elmi əməkdaşlıq çərçivəsində səfərlərin təşkil olunması, müxtəlif görüşlərin həyata keçirilməsi ilə bağlı təkliflər irəli sürülüb.