Mayın 27-də Bakının Xətai rayonu ərazisində baş verən
oğurluq hadisəsinin hədəfi 64 yaşlı Zəridə Yunusova rektorun xanımı
imiş.
Axar.az xəbər verir ki, rəsmi məlumatda 2 maskalı şəxs
Z.Yunusovanın evinə soxularaq, onun əl və ayaqlarını iplə bağladığı
və evdən 65 min manat pul, 15 min manat dəyərində qızıl əşyalar
apardığı bildirilirdi.
Bakı Cinayət Axtarışı Baş İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi,
Xətai və Yasamal RPİ əməkdaşlarının "isti izlər"lə həyata
keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətmiş
Bakı şəhər sakini Süleyman Hüseynov, Babək rayon sakinləri Yaqubar
Qasımov, Amil Şirinov və Ağdam rayon sakini Zemfira Bağırzadə
tutulmuşdular.
Azərbaycan Dillər Universitetinin rektoru Dünyamin Yunusovun
oğlu Aqşin Yunusov ANS-ə bildirib ki, oğurluq onların Xətai rayonu
Məhəmməd Hadi küçəsi, ev 65, mənzil 155 ünvanında baş verib:
"Anam Zəridə Yunusova ingilis dili müəlliməsidir. Məktəbdən evə
qayıdanda üzərində qızıl görüblər deyə, onu izləyiblər. Anam
binanın girişindən daxil olanda 4 oğrudan ikisi onun ardınca binaya
daxil olub. Zəridə müəllimə qapını açanda isə iki maskalı şəxs ona
hücum edib, itələyib mənzilə soxulublar. Pul tələb ediblər, lakin
anamın "pulumuz yoxdur, biz müəllim ailəsiyik" deməsindən sonra
evdə olan qızıl əşyalarını götürərək qaçıblar".
Aqşin Yunusov deyir ki, oğrular qaçandan sonra anası Zəridə
Yunusova ilk olaraq ona zəng vurub. Evə gələn Aqşin dərhal Xətai
Rayon Polis Şöbəsinə xəbər verib. "Xoşbəxtlikdən binanın yanında
olan internet klubda kamera olduğu üçün oğruların qaçdığı maşın
qeydə alınıb. Həmin maşının izi ilə polislər iki oğrunu
saxlamışdılar. Saxlanılan iki nəfər isə digər iki nəfərin yerini
bildirib. Beləliklə, 4 oğrunun hər biri polis şöbəsində
saxlanılır".
Hadisə hazırda Azərbaycan Dillər Universitetində müvəqqəti
rektor vəzifəsini icra edən Dünyamin Yunusovun evində baş verib. O,
bu vəzifəni 2015-ci ilin noyabr ayının 25-dən icra edir.