Ana səhifə Toplum |
Bu gün Səbail Rayon Məhkəməsində ann.tv saytının əməkdaşı Rasim Əliyevin döyülərək öldürülməsi işi üzrə həbs edilən "Qəbələ" klubunun sabiq kapitanı Cavid Hüseynovun cinayət işi üzrə məhkəməsi başa çatıb.
Report-un məlumatına görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə C.Hüseynov 4 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror çıxışında C.Hüseynovun 4 il müddətinə
azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, Bakı şəhər sakini, ann.tv-nin əməkdaşı Əliyev Rasim
Məmmədəli oğlu 2015-ci ilin avqust ayının 8-də paytaxtın Bayıl
qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı
bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və
avqustun 9-da orada vəfat edib. Bununla bağlı Bakı şəhər
Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa
ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi
ilə cinayət işi başlanıb. Faktla Elşən İsmayılov, Camal Məmmədov,
Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində həbs
qətimkan tədbiri seçilib. O cümlədən, "Qəbələ" klubunun sabiq
kapitanı C.Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə
əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb.
C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır
cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi,
cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun
gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr
olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin
hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində
xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti
gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və
barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bakı Şəhər Prokurorluğunda başlanan cinayət işinin istintaqı keçən il dekabrın 22-də tamamlanıb. K.Mədətov, C.Məmmədov və S.Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), E.İsmayılov və A.Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
2016-cı il aprelin 1-də keçirilən iclada hökm oxunub. Məhkəmənin hökmü ilə E.İsmayılov 13, A.Əliyev 12 il 6 ay, C.Məmmədov 11 il, S.Mustafayev və K.Mədətov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Cinayət işinin materiallarından C.Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata cinayət işi ayrılıb və "Qəbələ"nin futbolçusunun işi Səbail Rayon Məhkəməsinə göndərilib.
Tarix
2016.05.31 / 11:42
|
Müəllif
Axar.az
|