Son günlərdə Lerikə yağan intensiv yağış bu gün gunorta
saatlarında güclü leysana çevrilib.
ANS-in
məlumatına görə, Lerikin rayon mərkəzinə və yuxarı kəndlərə bir
neçə saat davam edən güclü yağışla yanaşı, qısamüddətli dolu da
düşüb.
Yağan dolu və yağış ilk növbədə kənd təsərrüfatına ziyan vurub.
Taxıl və kartof sahələri ,meyvə bağları zərər çəkib. Lerikin Noda
kənd sakini Nail Qurbanov: "Taxılımız pis günə qaldı. Ot sahəsində
ot biçmişdik, 500-600 pres yığşmışdıq, hazır vəziyyətdə gətirə
bilmədik. Kənd təsərrüfatına aid nəyimiz var, hamısı sıradan çıxdı.
Meyvə ağacları pis vəziyyətə düşüb".
Lerik şəhər sakini Tamara Əliyeva: "3 saata qədər davam elədi və
aramsız yağdı. Leysan xarakterli yağış idi. Mənim 1 ha kartof
sahəmi kartof qarışıq götürüb aparıb. Kartofu 60 qəpikdən alıb
əkmişəm. İndi onun ziyanını mən çəkirəm".
Dağdan gələn sel suları şəhərdaxili küçələri bərbad vəziyyətə
salıb. Yolun asfalt qatı sel sularından ciddi ziyan çəkib. Bir neçə
saat davam edən aramsız yağış kanalizasiya qoyularının dolmasına və
daşmasına səbəb olub. Hazırda kanalizasiya suları şəhər küçələri
boyunca axır. Son günlərdə rayona düşən intensiv yağıntı rayon
rəsmilərini də narahat edir.əsas narahatlıq kənd təsərrüfatı ilə
bağlıdır.
Lerik rayon FHK-nın sədri Habil Məlikov dedi ki, əsasən taxıl
zəmilərinə, biçilmiş ot sahələrinə çoxlu ziyan dəyib: "Zuvucdə 30,
Şingədulanda 50 ha-dan yuxarı və digər ərazilərimizdə hektarlarla
taxıl zəmilərinə ziyan dəyib. 2 min 8 h taxıl əkilmişdi. Verilən
məlumata görə 200 ha-dan yuxarı taxıl zəmilərinə, eyni zamanda
kartof əkinlərinə ziyan dəyməsi müşahidə olunur".
İntensiv yağıntı səbəbindən dağ çaylarında suyun həcmi kəskin
artıb. Hazırda rayonda yağış səngiyib.
Bu il aprel ayında Lerik rayonuna son on illiyin ən güclü
yağıntısı düşüb. 3 saata qədər davam edn intensiv yağış dağ
çaylarının məcradan çıxmasına və güclü daşqınlara səbəb olub. Ani
gələn sel suları əkin sahələrini məhv edib, xeyli sayda xırda və
iri buynuzlu mal qaranı, ev quşlarını aparıb. Seldən ən çox rayonun
yuxarı dağlıq ərazilərində yaşayan sakinlər ziyan çəkib. Leriklilər
son 10 illikdə belə güclü sellə üzləşmədiklərini deyirlər.