Xüsusi amansızlıqla qətl
törətməkdə təqsirli bilinən Gəncə şəhər sakini, 1971-ci il
təvəllüdlü Natiq Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa
çatıb.
Publika.az xəbər
verir ki, Natiq Bayramov 2013-cü ilin noyabr-dekabr aylarından
başlayaraq həyat yoldaşı Gülnarə Bayramovanın ona xəyanət
etməsindən şübhələnib.
Qisas
Natiq Bayramov Gülnarənin Bakı şəhərində yaşayan tanışları
Ələddin Məmmədov ilə görüşərək, ona xəyanət etməsindən şübhələnib.
Bu hərəkətinə görə Natiq Bayramov Gülnarədən intiqam almaq niyyəti
ilə onu öldürmək qərarına gəlib.
O, 30 mart 2014-cü ildə, saat 19 radələrində sərxoş vəziyyətdə
yaşadığı Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA-6 ətrafında yerləşən
fərdi yaşayış evinə gəlib.
Uşaqları eşidə-eşidə...
Bu zaman Natiq Bayramov həyat yoldaşı ilə mübahisə edib. O, 2
azyaşlı uşağı ilə birlikdə olan Gülnarə Bayramovaya uşaqları
eşidə-eşidə ona xəyanət etdiyi üçün öldürəcəyini deyib.
Natiq Bayramov Gülnarəni iki azyaşlı oğulları - 2001-ci ildə
anadan olan Orxan və 2007-ci ildə anadan olan Ayxanın gözləri
qarşısında qorxunc niyyətini həyata keçirib.
Qətl
Bu hərəkətləri ilə Natiq Bayramov azyaşlı uşaqlarına xüsusi əzab
və işgəncə verdiyini dərk edib. Amma cinayəti törətmək niyyətini
uşaqlarının gözləri qarşısında həyata keçirib.
Natiq Bayramov mətbəxdən götürdüyü bıçaqla Gülnarə Bayramovaya
çoxsaylı zərbələr vurub. O, ümumilikdə həyat yoldaşına 15 bıçaq
zərbəsi vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
13 il cəza
Natiq Bayramov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi
amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə
ittiham olunub.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Natiq Bayramov 13
il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Natiq
Bayramov apelyasiya şikayəti verib.
Natiq Bayramovun apelyasiya şikayəti baxılması üçün Gəncə
Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Bədəl
Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.
"Yaxşı eləmişəm, kişisən, vur öldür"
Natiq Bayramov bildirib ki, onlar həmin gün evə gəldikdən sonra
uşaqlar həyətdə qalıb: "Gülnarəni yataq otağına apararaq, nəyə görə
mənə xəyanət etməsi barədə ondan sorğu-sual etdim. Gülnarə faktlar
qarşısında ifşa olunduqdan sonra mənə "yaxşı eləmişəm, kişisən, vur
öldür", deyə bildirdi. Onun bu sözlərindən özümü itirdim. Əvvəldən
götürdüyüm bıçaqla Gülarəyə zərbələr vurdum. Cinayəti törədəndən
sonra dərhal evdən çıxaraq polisə getdim".
Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə anında uşaqlar
evdə olmayıblar: "Uşaqların gözü qarşısında Gülnarəni
öldürməmişəm".
Natiq Bayramovun vəkili Yolçu Abbasov bildirib ki, müdafiə
etdiyi şəxsə birinci məhkəmə instansiyasının hökmü ilə təyin edilən
cəza ilə razı deyil: "Hesab edirəm ki, Natiq Bayramova təyin edilən
cəza dəyişdirilərək, yüngülləşdirilməlidir. İstintaq və məhkəmə
orqanının Natiq Bayramovun əməlinin Cinayət Məcəlləsinin 120.2.4-cü
maddəsinə tövsüf etməsi düzgün deyil".
Vəkilin sözlərinə görə, istintaq və məhkəmə orqanı hadisənin
uşaqların gözü qarşısında olmasını dindirilmiş azyaşlılar Orxan və
Ayxanın ifadələrinə əsasən müəyyən edib: "Məhkəmə nəzərə almayıb
ki, hadisədən dərhal sonra hər iki uşaq ana nənələri, hazırkı iş
üzrə zərərçəkmişin hüquqi varisi olan Lətifə Köçərəliyevanın
himayəsində qalıblar və hazırda da ana qohumlarının yanında
olmaqla, onların təsiri altındadırlar. Hesab edirəm ki, bütün
hallarda Natiqlə Gülnarə yataq otağında mübahisə edib, sonra hadisə
baş verərkən uşaqlar həyətdə olublar".
Vəkil müdafiə etdiyi şəxsin əməlini Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə tövsüf olunmasını xahiş
edib.
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda
qərar elan edib. Qərara görə, Natiq Bayramovun cəzasının
yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti təmin
edilməyib.