Yuxarı

“Kənd toyuğudur” deyib, sizi belə aldadırlar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bazarlarda, metro çıxışlarında kənd toyuğu adı altında satılan məhsulların sayı artıb. İnsanların əksəriyyəti daha baha olsa da, bu məhsulu almağa üstünlük verir. Lakin son dövrlərdə işbazlar bu sahədə də alıcıları aldadırlar. Belə ki, bəzi satıcılar kənd toyuğu adı ilə insanlara broyler toyuqları satırlar. Bəs vətəndaşlar aldanmamaq üçün nələrə diqqət etməlidirlər?

Broyler bir aya yetişir, kənd toyuğu dörd aya

Axar.az “Kaspi” qəzetinə istinadən xəbər verir ki, qida təhlükəsizliyi eksperti İlkin Şirinov broyler və kənd toyuqlarının tamamilə fərqli şərtlər altında yetişdirildiyini vurğulayıb:

“İnsanlar kənd və broyler toyuğunu rənginə görə ayırırlar. Çünki broyler toyuqları təbii yemlə qidalanmır. Kənd toyuqları 3-4 aya yetişir. Bu müddət ərzində 1.5 kiloqrama qədər inkişaf edə bilir. Broyleri kənd toyuğu qədər saxlamaq fermerlərə sərf etmir. Artıq saxladıqda artıq yem verməlidirlər. Bu isə büdcələrinə ziyandır”.

Ekspert bildirir ki, broyler toyuqlarının qidalanmasında kimyəvi qatqılı xüsusi kökəldici yemlərdən istifadə olunur. Həmin qidalarla yemlənən toyuqlar qısa müddətdə, maksimum bir aya süni şəkildə şişirdilir:

“Kəsildikdən sonra xüsusi soyutma sistemlərində az buzlu halda etiketlənir və satış obyektlərinə çatdırılır. Kənd toyuğu isə daha uzun müddət saxlanılır. Günəş və torpaqla əlaqədə olurlar. Bu səbəbdən də broyler toyuqlarının bədənlərində olan su qalıqları kənd toyuqlarında müşahidə edilmir”.

Dərisi sarı və qabarıq olur

İ.Şirinovun sözlərinə görə, diqqətlə baxdıqda broyler və kənd toyuqlarını asanlıqla ayırd etmək mümkündür:

“Broyler toyuqlarının ayaqlarını xüsusi sarıköklü və ya sarı kimyəvi maddəli suda bir müddət saxladıqdan sonra kənd toyuğu adı ilə insanlara satırlar. Lakin kənd toyuğunun təbii sarılığı ilə sonradan rəngi dəyişdirilən toyuq arasında fərqi gözlə görmək mümkündür. Kənd toyuğunu bişirdikdə dadı və ətinin yapışqanlığı onu müəyyən etməkdə kömək olur”.

Ekspertin sözlərinə görə, kənd toyuğunun dərisi günəş işığından gələn D vitamini ilə zəngin olduğundan broyler toyuğuna nisbətən daha qabarıq və qalın olur. Amma broyler toyuğunda dəri salfet kimi nazikdir:

“Kənd toyuğunun özünəməxsus qoxusu var. Bu qoxu broyler toyuqlarında olmur. İnsanlar sağlamlıqlarının qeydinə qalmaq istəyirlərsə, toyuğu diri formada almaları daha məqsədəuyğundur. Bu zaman heç bir şübhə, risk də olmayacaq”.

İşbazlar üçün insan sağlamlığı ikinci plandadır

Ekspertin fikrincə, belə halların qarşısının alınması üçün xüsusi mexanizm olmalıdır. İşçi qrup yaradılmalı və məhsulun həqiqiliyi ayırd edilməlidir ki, insanlar işbazların qurbanına çevrilməsinlər:

“Bazarlarda və digər iaşə müəssisələrində tək toyuqlarda deyil, digər ət məhsullarında da belə fırıldaqlar mövcuddur. Bununla bağlı reydlər keçirilməlidir. Çünki işbazlar üçün insan sağlamlığı ikinci plandadır. Broyler toyuqlarına vurulan maddələr ürək-damar xəstəliklərinə, hətta xərçəng riskinə səbəb ola bilər”.

İ.Şirinov insanlara tövsiyə edib ki, bilmədikləri yerlərdən belə məhsulları əldə etməsinlər: “Bu məhsulların açıq şəkildə insanların sıx yerləşdiyi yerlərdə satılması heç də düzgün deyil. Üzərindən heç bir markalanma olmayan məhsulu almaq göz görə-görə sağlamlığımızı riskə atmaq deməkdir. Çünki bu məhsulların açıq havada, qadağan edilən temperaturda satışı yolverilməzdir”.

Broyler toyuqlarına antibiotiklər, hormonal dərmanlar verilir

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirib ki, toyuqlar əsasən üç cür şəraitdə yetişdirilir:

“Birincisi tam azaddır. Səhər hindən buraxılır, bir də axşam hinə doldurulur. Üstəlik, onlar buğda və arpa ilə də qidalanırlar. İkincisi yarı azad toyuqlardır. Hansı ki, hasar daxilində olsalar da, açıq havada olurlar. Onlara həm broylerlərin, həm də azad toyuqların yediyi yemlər verilir. Üçüncü isə tam qapalı şəraitdə saxlanılan broyler toyuqlarıdır. Onları tez yetişdirmək üçün müxtəlif vasitələrdən istifadə edilir. Broyler toyuqlarına antibiotiklər, hormonal dərmanlar verilir. Onlar da insan orqanizmi üçün zərərlidir”.

Yaşlı toyuqlar da kənd toyuğu adı altında satılır

E.Hüseynovun sözlərinə görə, bəzən şəhərdə biri üç manata toyuqlar satılır. Həmin toyuqlar yumurtadan kəsilən toyuqlardır, əti çox bərk olur: “İşbazlar da bundan istifadə edərək, onu kənd toyuğu adı ilə insanlara satırlar. Bişirəndə kənd toyuğuna bənzəyir. Amma əslində satışa verilməməlidir. Kənd toyuqlarının əti və sümüyü daha möhkəm olur. Broyler toyuğu şişmiş və ətli olduğu üçün sümükləri daha yumşaqdır”.

Hüseynovun fikrincə, insanlar bu kimi hallarla qarşılaşdıqda müvafiq orqanlara məlumat verməlidir:

“Nazirlər Kabinetinin 94 saylı qərarına görə, Azərbaycan əmtəə bazarında satılan bütün qida məhsulları paketlənməli, üzərində etiketi, buraxılma tarixi və sair bu kimi məlumatlar olmalıdır. İnsanlara tövsiyə edirəm ki, "kənd toyuğu" adı ilə satılan broyler toyuqları gördükdə bu barədə Qida Təhlükəsizliyi Agentliyinin “Qaynar xətt”inə məlumat versinlər”.

Tarix
2025.04.19 / 21:21
Müəllif
Axar.az
Digər xəbərlər

Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video

Azərbaycanda 273 ukraynalı uşaq reabilitasiya keçdi

İrəvan niyə MQ-ni saxlamaqda israr edir? - Bayramov

Bayramov Çavuşoğlunun yasına getdi - Foto

İndi hər şey İrəvanın addımından asılıdır - Bayramov

ABŞ elan etdi: seçki, insan haqları “tələbi” bitdi

İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya...

Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi

AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?

Qordon: İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla