İlk dəfə bu məlumatı eşidəndə bir az da heyrət etdim:
ona görə ki, deyəsən, biz yurdumuzun və özümüzün sərhədlərinizi
yetərincə qiymətləndirməyi bacarmırıq.
Dünyada ilklərə imza atan, "Ən yeni tarixin" yaradılmasında rol
almış soydaşlarımızı tanıyırıqmı?
Əksəriyyətimiz "yox" deyəcək. Elə bu səbəbdən bir tarix yoluna
çıxaq: axtaraq və öyrəndikcə sizlərə də çatdıraq.
Beləliklə, Pakistanın Prezidenti olmuş azərbaycanlıdan - General
Ağa Məhəmməd Yəhya xan Qızılbaşdan başlayaq.
Qızılbaş törəməsi
Əslən qızılbaşlardan olan Yəhya xan 1917-ci ildə Pəncabda Qasur
şəhərinə yaxın yerdə doğulub. Nadir şahla 1738-ci ildə Hindistana
gələn xanların nəslindəndir.
Pəncab Universitetini bitirən Yəhya xan urdu dili ilə bərabər
etnik pəncabi dilini də bilirmiş.
II Dünya Müharibəsində iştirakçısı olan Yəhya xan Britaniya
ordusuna yazılıb. 4-cü Piyada qoşun bölməsində zabit kimi xidmət
edib. O, İraqda, İtaliyada və Şimalı Afrikada qulluq edib.
1942-ci ilin iyununda həbs olunub
Yəhya xan 15 iyul 1939-cı ildə Hindistan Hərbi Akademiyasından
zabit rütbəsi alaraq məzun olub. Daha sonra Bəluc alayında piyada
qoşun zabiti olub. Yəhya xan 1942-ci ilin iyununda həbs edilib və
İtaliyada, bir müddət də Şimalı Afrikada hərbi əsir düşərgəsində
saxlanılıb.
1947-ci ildə Hindistanın bölünməsindən sonra Pakistan ordusunda
vəzifə tutub.
1951-1952-ci illərdə Kəşmirdə atəşkəs xəttinə nəzarət edərkən
atəşkəsi tez-tez pozan hindistanlılara cavab vermək qərarına gəlib.
Onun əmri ilə Hindistan əsgərlərinə atəş açılıb. Yəhya xan o dövrdə
105-ci müstəqil briqadaya komandirlik edirmiş.
Baş komandanın müavini
Yəhya xan Baş Qərargahın rəisi kimi 1954-1957-ci illərdə
Pakistan ordusunu təkmilləşdirmək üçün reformasiya aparıb. Əyyub
Xan tərəfindən ordunun planlaşdırma şöbəsinə başçılıq etmək üçün
seçilib. Yəhya xan həmçinin 1958-ci ildən 1962-ci ilədək Baş
Qərargahın rəhbərliyində müxtəlif vəzifələri yerinə yetirib. O,
1962-ci ildən 1965-ci ilə qədər həm də piyada qoşun bölməsinə
komandanlıq edib.
Pakistan ordusunun formalaşmasında xeyli zəhmət çəkən Yəhya xan
1965-ci ildə Hindistan-Pakistan müharibəsi ərzində piyada qoşun
bölməsinə başçılıq edib. "Böyük şlem" əməliyyatında 7-ci bölməyə
başçılıq edib, göstərdiyi şücaətə görə 1965-ci ildə
general-leytenant rütbəsi alıb. Pakistan ordusu baş komandanının
müavini təyin edilib.
Süqut
O, Əyyub xanın 1969-cu ilin mart ayında dövlət başçılığından
istefa verməsindən sonra onun yerinə keçib. Onun hakimiyyəti çox
çətin dövrə düşüb. Həmin dövrdə Şərqi Pakistanda benqallar üsyana
başlayıb və bu, Hindistanla müharibəyə səbəb olub. Müharibədə
Pakistan məğlub olub və 90 min Pakistan əsgəri Hindistana əsir
düşüb.
Yenidən həbs
1971-ci ildə dekabr ayında Şərqi Pakistan Banqladeş adıyla
müstəqilliyini elan edib. Bundan sonra vəzifəsindən uzaqlaşmaq
məcburiyyətində qalıb və yerinə keçən Zülfüqar Əli Bhuttonun əmri
ilə həbs olunub. İnfarkt keçirərək iflic olandan sonra sərbəst
buraxılıb və siyasətdən tamamilə uzaqlaşıb.
Yəhya xan 10 avqust 1980-cı ildə Ravalpindi şəhərində vəfat
edib.