Azərbaycanda toy məclislərinin keçirilməsi qaydaları ilə
bağlı Milli Məclisdə qanun layihəsinin hazırlanması barədə
təkliflər səsləndirilsə də, məsələ hələ də öz həllini tapmayıb.
Təbii ki, bütün vətəndaşlar üçün qəbul edilən, daha doğrusu, bütün
vətəndaşları məmnun salacaq qaydaların müəyyən edilməsi çox çətin,
bəlkə də mümkünsüzdür.
Məsələyə münasibət bildirən Milli Məclisin Əmək və sosial
siyasət komitəsinin üzvü Araz Əlizadə Trend-ə toy
məclislərinin qanunla tənzimlənməsinin tərəfdarı olmadığını
bildirib: "Toy şənliklərinin qanunla tənzimlənməsinin tərəfdarı
deyiləm, bu, insanların arzusudur. Amma deyim ki, toy məclislərində
ifratçılıq da var. Bir çoxları banklardan kredit götürür və düşünür
ki, toya gələnlər bu xərci ödəyəcək. Sonra pulu yığa bilmir və uzun
müddət kredit ödəmək məcburiyyətində qalır. Toy sahibi bunları
əvvəlcədən düşünməlidir. Toy sahibi düşünməməlidir ki, "kim mənə nə
gətirə bilər?" Hər kəs gücü çatan toyu etməlidir, kredit hesabına
yox. Yenə deyirəm, toya qayda-qanun qoymaq olmaz, bu baxır insanın
öz ağlına".
Toylarda musiqi səsinin həddən artıq yüksək olmasına toxunan
A.Əlizadə bunu müğənnilərin və musiqiçilərin istedadlı olmaması ilə
əlaqələndirib: "Toylarda həddən artıq səs ona görədir ki, bir çox
müğənnilərin, musiqiçilərin istedadı yoxdur. Səs nə qədər güclü
olursa, müğənninin, musiqiçinin qeyri-peşəkarlığı bir o qədər az
hiss olunur. Ona görə də bu məsələlərə toy sahibi özü nəzarət
etməlidir. Eyni zamanda toya gələn müğənnilərin və musiqiçilərin
aldıqları qonorar həddən artıq çoxdur. Bu, toya gedən bəzi
müğənnilərimizin telekanallarda bir-biri ilə bəhsə girməyinə
gətirib çıxarır: "Mənim evim bu cürdür, sənin maşının bu cürdür" və
s."
Məsələyə münasibət bildirən Türkiyənin Üsküdar Universitetinin
Sosiologiya fakültəsinin rəhbəri, sosiologiya elmləri doktoru
Əbülfəz Süleymanlı isə toy məclislərinin qanunla tənzimlənməsinin
zəruri olduğunu hesab edir.
Ə.Süleymanlı bildirib ki, son dövrlər heç kimə sirr deyil ki,
Azərbaycanda toy məclisləri əhalini maddi cəhətdən ciddi
problemlərlə üz-üzə qoyur: "Hətta iş o səviyyəyə gəlib çatıb ki,
əvvəllər xalq arasında "el şənliyi" kimi bilinən bu məclislər
şənlik havasından çıxaraq sözün həqiqi mənasında əzab-əziyyətə
çevrilib. Bu vəziyyətə ən çox şadlıq evlərindəki qiymətlər səbəb
olur. Bu qiymətlərə görə həm məclis sahibi, həm də qonaqlar maddi
çətinliklərlə üzləşirlər. Buna görə də əvvəllər toydan əldə olunan
gəlirlə yeni cütlüklərin cehiz, avtomobil, hətta mənzil kimi
ehtiyaclarının qarşılanması mümkün olurdusa, indi yalnız restoran
və müğənni xərclərini ödəmək mümkün olur. Daha əvvəl ölkə əhalisi
arasında bu mövzuda apardığımız sosioloji aradırmanın nəticələrinə
görə də respondentlərin əhəmiyyətli hissəsi toyların onlara həm
maddi, həm də mənəvi cəhətdən sıxıntı verdiyini qeyd edib və
toyların sadələşdirilməsini təklif ediblər. Lakin bütün bu
tənqidlərə, təhlillərə və bu sahədə aparılan tədqiqatlara
baxmayaraqƏ, toyların sadələşdirilməsi və həqiqi mənada hamının
zövq alacağı bir el şənliyi ab-havasında keçirilməsi istiqamətində
heç bir dəyişiklik olmadığı görülür. Yenə də əhalinin böyük hissəsi
üçün toylar ailə büdcəsini sarsıdan əsas xərclərdən biri olmaqda
qalır".
Sosioloq vurğulayıb ki, son dövrlər əhalinin gəlirlərinin
azalması bu məsələyə daha ciddi üsullarla yanaşmanı və qanunla
tənzimlənməni zəruri edir: "Bu mənada Tacikistanın toylarla bağlı
qəbul etdiyi qanun və bu qanunun tətbiq olunmasından əldə etdiyi
nəticələr nümunə ola bilər. Belə ki, məlumatlara görə, Tacikistanda
"Ənənələr, şənliklər və mərasimlərin tənzimlənməsi haqqında"
qanunun qəbul edilməsindən sonra bu sahədə müsbət dəyişikliklər
qeydə alınıb. Qanuna əsasən, toyda, yasda və digər mərasimlərdə
qonaqların sayına limit təyin edilib. Bizdə də oxşar praktikadan
istifadə etməklə müsbət dəyişikliklər əldə etmək olar. Təəssüf ki,
bəzi hallarda hətta adət-ənənəni qanunla tənzimləmək zərurəti
meydana çıxır".