Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) rəsmiləri ilə narazı stomatoloqlar arasında aparılan danışıqlar müsbət nəticə ilə bitib.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu gün bir qrup stomatoloq yeni tələb və qaydaların yaratdığı sualları aydınlaşdırmaq üçün qurumun binasında toplaşıblar.
Ağcabədi rayon Mərkəzi Xəstəxanasının həkim-stomatoloqu Üzeyir Seyidzadə jurnalistlərə açıqlamasında stomatoloqların etirazına səbəb olan məsələlərə TƏBİB nümayəndələri tərəfindən aydınlıq gətirildiyini bildirib:
“Bizə bölgələrdə rəhbərlik tərəfindən səhv məlumat verilmişdi. Və bu da bizim etirazımıza səbəb olmuşdu. Deyilmişdi ki, bölgələrdə aylıq 1200 manat pul ödənilməlidir. Biz də 40-a yaxın həkim bu məsələni aydınlaşdırmaq üçün TƏBİB-ə gəldik. Bizi çox yaxşı qarşıladılar, müavinlər burada idilər, danışıqlarımız da xoş keçdi. 40-a yaxın həkimin hər birini dinlədilər.
Şəxsən mən bir bölgə həkimi olaraq aylıq 1200 manatı ödəyə bilmərəm. Təchizatımız yoxdur. Onlar da söz verdilər ki, hər şey qarşılanacaq. Məlum oldu ki, söhbət 1200, 1800 manatdan getmirmiş. Məsələ bu imiş ki, həkimlər minimum da olsa işləməlidirlər ki, TƏBİB onları saxlaya bilsin. Onların mübarizəsi pasiyenti, xəstəsi olmayan həkimlərlədir. TƏBİB özü-özünü maliyyələşdirən qurumdur. Onlar istəyirlər ki, xəstəsi olmayan həkimləri işdən uzaqlaşdırsınlar. Biz də dedik ki, rayonda aylıq 1200 manat ödəməyimiz mümkün deyil. Bizdən sadəcə ay ərzində 15-20 xəstə qəbul etdiyimizə dair qəbz göstərmək tələb olunur ki, TƏBİB bizi işdə saxlaya bilsin. Burada məsələ ay ərzində xəstəsi olmayan həkimlərin işdən uzaqlaşdırılmasıdır”.
Hacıqabul Mərkəzi Xəstəxanasının həkim-stomatoloqu Taleh Ağamalıyev də jurnalistlərə açıqlamasında eyni şeyi deyib.
“Hacıqabul Mərkəzi Xəstəxanasının stomotoloqları adından çıxış edirəm. Vətən müharibəsində öndə olan həkimlərdən biriyəm. Dövlətim bu günə qədər hər şeyi qarşılayıb. Bu gün TƏBİB-in rəhbər heyəti bizi qarşıladı. Araz və Anar müəllimə təşəkkür edirəm. Real vəziyyəti bizə izah etdilər. Bir həkim gün ərzində 10 xəstə qəbul edir. Ancaq bir-iki xəstəni qeyd edir. Bir xəstədən 5 manat alırıq. Məsələ budur. Stomatoloq ay ərzində 50 xəstə qəbul edir, onun ikisini qeydiyyatdan keçirirsə, belə olmaz. Hər kəs bütün xəstələrini qeydiyyatdan keçirməlidir.
Bəzi həkimlər bunu etmədiyi üçün bu qərar verilib. İşləməyənlər ay ərzində iki xəstə qəbul edir. Bunun üçün tədbir görüləcəyi deyildi. Bildirdilər ki, məqsəd həkimlərin düzgün işləməyini təmin etməkdir. TƏBİB bizə dedi ki, aylıq 1200-1800 manatlıq tələb məsələsi yoxdur”.