Son illərdə Azərbaycanda maliyyə texnologiyalarının sürətli inkişafı bəzi bank olmayan kredit təşkilatlarından (BOKT) cəmi bir neçə saniyədə kredit götürmək imkanı yaradıb.
Banklardan kredit əldə edə bilməyənlərin daha çox üz tutduğu bu təşkilatlar müştərilərinə girovsuz, təminatsız və bir neçə dəqiqə ərzində kart hesabına yatırılan gündəlik borclar təklif edirlər. Bəs bu təşkilatlardan kredit götürmək vətəndaş üçün həqiqətən sərfəlidirmi?
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, son zamanlar adı hallanan “Azpulmat” hər 100 ölkə vətəndaşından 10-nu borcluya çevirib. Belə ki, vətəndaş BOKT-un tətbiqi və ya veb saytı vasitəsilə saniyələr içində kredit götürə bilir. Təbii ki, bu müştərilərə asan və sərfəli görünə bilər. Lakin “Azpulmat” ilk dəfədən yüksək məbləğdə kredit vermir. Bunun üçün uzun müddətli müştəri olmalısınız. BOKT-un müştərisi olmuş həmsöhbətimiz bildirdi ki, təşkilat ilk müştərisinə krediti minimum məbləğdən – 20 manatdan verir. Bunu BOKT-un dəstək çatında əlaqə saxladığımız operator da təsdiqlədi. Məlum oldu ki, "ilk sınaqdan" keçən müştəri sonradan 70 manat kredit götürə bilir:
"Birinci dəfə mənə 20 manat kredit verildi. Təşkilat ilk 5 gün ərzində faiz hesablamır, sonradan kreditin üzərinə 0,30%-lik faiz gəldi. Mən ödəməni 15 gün gecikdirdiyim üçün 23 manat 60 qəpik ödəniş etdim. Düzünü desəm, 20 manat üçün 3 manat 60 qəpik faiz ödəmək mənə sərfəli görünmədi. Lakin ehtiyacım olduğu üçün təkrar-təkrar, daha çox məbləğlərdə kredit götürməyə məcbur oldum. Hazırda boclarım çox yığılıb, ödəyə bilmirəm".
Beləliklə, götürülən 20 manatlıq minimum ilk kredit 0,30%-lik faiz (ilk 5 gün xaric) hesablanması şərti ilə 15-ci gündə 20 manat 61 qəpik olaraq ödənməlidir, lakin həmsöhbətimiz 23 manat 60 qəpik ödədiyini deyir. 15-ci gündə kreditin ödənişinin 23.60 manat səviyyəsində ödənməli olduğu təşkilatın veb saytındaki kalkulyator da təsdiqləyir. Bəs 2.99 manatlıq əlavə ödəniş nədən qaynaqlanır? Bu yəqin ki, BOKT tərəfindən tətbiq olunan əlavə komissiyalar və xidmət haqları ilə bağlıdır.
Göründüyü kimi, müştərilərin bank və ya başqa kredit təşkilatında kreditinin olmasından narahat olmayan bu platformalar əslində yüzlərlə insanı borc bataqlığına sürükləyən təhlükəli sistemin tərkib hissəsidir.
“Onlayn bank kreditləşməsinə əlverişli alternativ” olduğunu iddia edən “Azpulmat” müştərilərinə yalnız şəxsiyyət vəsiqəsi ilə, girovsuz və istənilən məqsədlər üçün kredit təklif edir. “Azpulmat” xidmətdən ilk dəfə istifadə edən müştərilərinə minimum 20 manatdan maksimum 500 manatadək “ilk kredit” verir.
Platformanın eyni zamanda minimum 50 manatdan maksimum 500 manatadək 30 gün müddətinə verilən “təkrar kredit”i də mövcuddur.
500 manatlıq ilk kredit maksimum 45 gün geri ödəmə vaxtı ilə verilir, ilk 5 gün ərzində faizlər hesablanmır. 6-cı gündən 45-ci günədək isə gündəlik 0,30% faiz hesablanır. İlk baxışdan faizin məbləği az görünsə də, müştəri götürdüyü 500 manatlıq krediti 45-ci gün original məbləğdən 42% çox pul – 710 manat ödəyərək bağlayır. Müştəri eyni zamanda 36-cı gündən etibarən verilmiş kreditdən istifadəyə görə 30%-lik xidmət haqqı da ödəyir.
Əldə etdiyimiz məlumatlara görə, BOKT-un problemli kreditləri əsasən 1500 manatlıq borclar üzrədir. Müştəri 30-cu gün 1500 manatlıq kreditini 22,5% çox pul – 1837.5 manat ödəməklə bağlamalıdır. Bura müştərinin sayt və mobil tətbiqdə ödəniş etmək üçün "AzeriCard"-a ödədiyi əlavə 0,5%-lik komissiyanı da əlavə etsək, kifayət qədər borc bataqlığı yaranır.
Yüksək faizlər yüzlərlə insanın BOKT qarşısında öhdəliklərinin icrasında problem yaratdığı üçün məhkəmə predmetinə səbəb olub. Problemli kreditlərlə bağlı məhkəmələrdə çoxlu sayda mülki iş toplanıb. Məhz elə buna görə, Mərkəzi Bank BOKT-ların kredit vermə limitini 1700 manatdan 500 manata endirdiyi irəli sürülür.Tənzimləyicinin təsdiqlədiyi “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası”na görə, qaytarılma müddəti maksimum 45 gün olmaqla, kreditlər üzrə gündəlik faiz dərəcəsi 0.3 faiz müəyyənləşdirilib.
Ekspertlər bildirir ki, BOKT-larla bağlanan müqavilələrdə bütün məsuliyyət vətəndaşın üzərinə düşür. Nəticə etibarı ilə vətəndaş məhkəmələrdə uduzur. Belə olan halda şəxsin və ona zamin duranların əmlakı sual altına düşür. Onlar satılaraq pulları borcun bağlanmasına sərf olunur. Qeyd edilir ki, müəyyən tənzimləyici aktlarla BOKT-ların faiz dərəcələrinə növbəti məhdudiyyətlər gətirilməlidir. Bu zaman BOKT-ların sayı da azalacaq.
BOKT-ların banklardan fərqli olaraq sərt tələblər irəli sürməməsi vətəndaşların əskəriyyətin bu cür təşkilatlara müraciət etməsinə və borcluların sayının artmasına, bu qurumların isə mənfəətinin yüksəlməsinə gətirib çıxarıb. Bu gün ölkədə bank olmayan kredit təşkilatlarının sayı banklardan iki dəfə (56 BOKT fəaliyyət göstərir.) çoxdur.
Digər tərəfdən bu təşkilatların kredit portfelləri son iki ildə şişməkdədir. Əgər 2023-cü ilin yanvarında BOKT-lar əhaliyə 600 milyon 800 min manat kredit veribsə, 2024-cü ilin yanvar ayında bu rəqəm 808 milyon 300 min manat olub. Bu ilin mayın 1-nə bank olmayan kredit təşkilatlarının kredit qoyuluşu 1 milyard 802,3 milyon manata çatıb. Bu, illik müqayisədə 34,5% çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 5,2%-dən 6%-ə çatıb. 2025-ci il aprel ayının 1-nə BOKT-lar tərəfindən milli valyutada verilən istehlak kreditləri üzrə orta faiz dərəcəsi 35% təşkil edib.
Konkret olaraq "Azpulmat"a gəlincə, MMC 2023-cü ili 28 milyon 437 min manat xalis mənfəət ilə başa vurub. Təşkilat 2022-ci ili 3 milyon 541 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, BOKT-un xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 24 milyon 896 min manat və ya 8 dəfədən çox artıb.
2024-cü ildə BOKT-un kredit portfeli (müştərilərə verilmiş kreditlər) 3,7 dəfə artaraq 2023-cü ilin sonunda 28 milyon 32 min manat çatıb. 2022-ci ilin sonunda bur rəqəm 7 milyon 469 min manat təşkil etmişdi. Qurumun faiz gəlirləri 2022-ci ilin sonunda 7 milyon 459 min manat ikən, 2023-cü ilin sonunda 44 milyon 138 min manata çatıb.Bəli, 6 dəfəyə yaxın artım qeydə alınıb.