Yuxarı

"Autosell" şirkəti vətəndaşın avtomobillərini oğurladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Autosell" lizinq şirkəti ödənişini tamamlayan müştərisi Emin Abışovun avtomobilini oğurlayıb və aylardır geri qaytarmır.

Axar.az xəbər verir ki, hüquqları pozulan vətəndaş bu barədə Bakupost.az-a şikayətində bildirib.

E.Abışovun sözlərinə görə, lizinq şirkəti ödənişi tam bitən avtomobilin rəsmiləşdirilməsi prosesinə süni maneələr yaradır.

Məsələ Emin Abışovun şirkətdən iki avtomobil — biri öz istifadəsi (İnfiniti FX 50), digəri (BMV 750) isə Türkiyə vətəndaşı olan iş ortağı üçün götürməsi ilə başlayıb. O öz avtomobilinin ödənişlərini cədvələ uyğun şəkildə ödəyib:

"Türkiyəli iş ortağım ödənişləri gecikdirdi. Mənimlə əlaqə saxladılar, bütün məlumatları onlara verdim. Uzun müddət sonra BMV-ni Şəmkirdə tapdılar. Avtomobilin gətirilməsində onlarla birlikdə iştirak etmək istəsəm də, lizinq şirkəti bununla razılaşmadı. Onlar avtomobili sürərək Bakıya gətirdilər. Amma sonra məlum oldu ki, avtomobilin mühərriki dağıdılıb. Şirkətin bəzi əməkdaşları bildirdilər ki, avtomobil Bakıya gətirildikdən sonra istifadə olunub və nəticədə mühərrikində problemlər yaranıb. Onu təmir etdirməyə çalışsalar da, bacarmayıblar. Sonra sökülmüş mühərrik avtomobilin salonuna qoyulub. Bu şəkildə lizinq şirkətinin həyətində saxlanılır. Buna baxmayaraq, mən dedim ki, ayda 500 manat ödəyim, BMV-ni götürüm, lakin daha yüksək qiymət dedilər".

E.Abışov deyir ki, lizinq şirkətinin özbaşınalıqları bununla bitmir. Belə ki, onun ödənişi tamamlanan “İnfiniti” markalı avtomobilini də oğurlayıblar:

“Avtomobil cərimə meydançasında olanda onu məndən icazəsiz ordan qaçırıblar. Halbuki o avtomobilin pulunu ödəmişəm. Bu, oğurluqdur. Avtomobili adıma keçirmək üçün özlərinin dağıtdıqları BMV-nin pulunu ödəməyimi tələb edirlər. Mən özüm üçün götürdüyüm maşının ödənişlərini başa vurmuşam. Onu adıma keçirmələrinə heç bir maneə olmamalıdır. Özü də bu iki avtomobilin müqavilələri bir-biri ilə əlaqəli deyil. Əgər digər avtomobillə bağlı problem varsa, bu məsələ məhkəmədə həll oluna bilər. Digər tərəfdən, pulu ödənilməyən avtmobil də onlardadır. Hər iki maşını götürüblər".

Şirkətlə problemini birbaşa müzakirə etmək istəyən E.Abışov dəfələrlə "Autosell"ə baş çəksə də, burada süründürməçiliklə qarşılaşıb. Onun sözlərinə görə, uzun müddət dəhlizdə gözlədilib və qəbul üçün müxtəlif maneələr yaradılıb:

"Rəhbərlikdən bir nəfər yoxdur ki, görüşüb məsələni müzakirə edəsən. Tam bir özbaşınalıq və qanunsuzluq hökm sürür. Adamlarla reket qaydaları ilə davranırlar".

Məsələ ilə bağlı vəkil Anar Ramazanov açıqlamasında bildirdi ki, müqavilələr ayrıdır və bir avtomobilin ödənişinin gecikməsinə görə digərinin rəsmiləşdirilməsindən imtina etmək qanunsuzdur:

“Lizinqdən avtomobil götürülərkən müvafiq daxili müqavilə bağlanılır. Göstərilən müddət və şərtlərlə ödəniş tam edildikdən sonra avtomobil lizinq alanın mülkiyyətinə keçirilməlidir. Şərtlər hər bir lizinq predmetinə münasibətdə ayrılıqda nəzərə alınır. Əgər vətəndaş şirkətdən bir neçə avtomobil götürübsə, hər müqavilə üçün münasibətlər həmin müqaviləyə uyğun tənzimlənməlidir. Ola bilər ki, bir müqavilə üzrə avtomobil vətəndaşdan geri alınsın, digəri üzrə isə avtomobil vətəndaşın mülkiyyətinə keçirilsin".

Məsələ ilə bağlı "Autosell" lizinq şirkətinə də sorğu ünvanladıq. Şirkət cavab üçün bizi günlərlə gözlətdi. Buna baxmayaraq, neytrallığı qorumaq üçün lizinq şirkətinin mövqeyini gözlədik.

Nəhayət, dəfələrlə etdiyimiz zənglərdən sonra sorğumuza şirkətin hüquqşünası İlkin Cəfərovdan reaksiya gəldi. Lakin bu, bizim qoyduğumuz sualın cavabı deyildi:

"BMV markalı avtomobillə bağlı məhkəmə prosesi davam edir. Lakin “İnfiniti” markalı avtomobilin niyə rəsmiləşdirilmədiyi ilə bağlı məlumatım yoxdur. Mən rəhbərliyə bildirərəm, bununla bağlı sizə məlumat versinlər".

İlkin Cəfərovdan obyektiv olaraq hüquqşünas kimi vəziyyəti hüquqi cəhətdən izah etməsini xahiş etsək də, bu da digər sorğumuz kimi cavabsız qaldı.

Günlərlə, hətta həftələrlə davam edən gözləntilərə baxmayaraq, “Autosell” rəhbərliyi ictimai maraq doğuran bu hadisəyə susqun qalır. Bu, sadəcə informasiyanı gizlətmək deyil — bu, məsuliyyətdən yayınmaq, müştərilər, media və ictimaiyyətə saymazyana münasibətdir. Biz yazını yayımlamaq qərarına gəldik, çünki şirkətin cavabını gözləmək, cəmiyyətin məlumat alma haqqının pozulması ilə nəticələnir.

İndi isə gözlənilən tək şey – “Autosell”in hüquqi və etik məsuliyyətini dərk edərək, öz davranışlarına cavab verməsidir.

Tarix
2025.06.11 / 19:56
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın Ermənistana ödənişi iki dəfə artdı

Danışıqlar dalana dirənir: Tramp hücuma razılıq verdi?

İrana hücuma yol açan iki mühüm hadisə: Əgər zərbə olarsa…

Fələstin məsələsində bu ölkə ilə ortaq mövqeyə sahibik

Paşinyan Türkiyəyə gedir

Rusiyada hər şey çökür, yalnız bu biznes sürətlə inkişaf edir

Rəsmi Bakı Hindistana başsağlığı verdi

Azərbaycan XİN Rusiyanı təbrik etdi

Aprel döyüşləri zamanı 18 mövqe itirdik - Mnatsakanyan

İlham Əliyev Qətər əmirinə məktub göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla